Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.
Modern.az saytı “Məşhur tələbə yoldaşım” adlı layihəyə davam edir. Bu dəfə tanınmış xanəndə, əməkdar müəllim Qəzənfər Abbasov tələbə yoldaşı, əməkdar artist Gülyaz Məmmədova haqqında danışır:
“Gülyaz xanımla mən Asəf Zeynallı adına Musiqi məktəbində (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kolleci) bir yerdə oxumuşuq, hər ikimiz Nəriman Əliyevin tələbəsi olmuşuq. Sonra mən konservatoriyaya, o isə İncəsənət İnstituna qəbul olmuşuq. Bu gün də dostluq edirik. Gülyaz xanımın çox gözəl səsi, gözəl muğam biliyi var. Hər ikimiz böyük ustaddan dərs almışıq. Onun eyni zamanda gözəl xasiyyəti var. Dünən, bu gün, gələcəkdə də ən çox güvəndiyim insan, tələbə yoldaşım, dostumdur”.
“Mənim yanımda ona yaxınlaşmağa çəkinirdilər”
“Məktəbdə oxuduğum illərdən belə bir xatirə yadımda qalıb. Gülyaz xanım çox gözəl olduğundan ona yaxınlaşmaq istəyən oğlanlar var idi. Belə oğlanlardan biri Gülyaz xanıma yaxınlaşdı ki, onunla münasibət qursun, ya onunla evlənsin. Onda Gülyaz mənə yaxınlaşıb Şəki ləhcəsiylə dedi ki, “Ay Qəzənfər “Azərnəşr”ə gedəndə gəl bir yerdə gedək”. Mən də dedim: “Yaxşı”. Həm yaşda böyük idim, həm də yaraşıqlı idim deyə, mənim yanımda ona yaxınlaşmırdılar, çəkinirdilər. Gülyaz həmişə bir qardaşı kimi mənə güvənirdi. Bizim belə bacı-qardaş münasibətimiz olub və həmin münasibət bu günə kimi də davam edir. Bir-birimizə çox böyük hörmətimiz var.
Gülyazın Mahnı Teatrının, Opera və Balet Teatrının solisti olmağı, onun həyatda inkişaf pillələri, o pillələrlə necə addımlamağı- hamısı gözümün qabağında olub və mən ona uğurlar arzulayıram. O, çox gözəl mahnılar, çox gözəl təsniflər, muğamlarımızın demək olar, böyük əksəriyyətini ifa edib. Gülyazın Leyli obrazını çox məharətlə ifa etməsi hər birimizə məlumdur. O, Leylini yüksək aktyorluq məharəti göstərərək, yüksək peşəkar xanəndə kimi ifa edib. “Arşın mal alan” operettasında Tellini ifa etməsi də həm tamaşaçılara, həm də mənə çox gözəl təsir bağışlayıb”.

“Sən mənim həyatımı məhv elədin”
“Mən Gülyaz xanımdan bir kurs yuxarı oxuyurdum. Onu tələbəlik dövründə ən çox fərqləndirən cəhətlərdən biri tələbkar tələbə olması idi. Nəriman müəllimin sinfində elə bir tələbə görə bilmədim. Dərsə, öyrənməyə-hər şeyə tələbkarcasına yanaşırdı və bu gün də Gülyaz elədir. Mən də, o da bilmədiyimiz hər nə olsa həmişə bir-birimizlə məsləhətləşirik. Bundan utanmırıq, öyrənmək həmişə var. Məhəmməd Peyğəmbər buyurub ki, doğulan gündən qəbr evinə qədər öyrənməliyik.
Bu gün yadımıza salanda güldüyümüz bir əhvalat da var. Adını çəkməyək, bizim tar çalan bir dostumuz var idi. Sonralar mən bildim ki, bu dostumuz o vaxt Gülyaz xanıma vurulubmuş. Amma Gülyaz onu istəmirdi. Gülyaz xanım elə hər gün məşqə gedəndə deyirdi ki, “Ay Qəzənfər gəl məşqə birlikdə gedək”. Belə eləyirdi ki, həmin oğlan ondan aralansın. Oğlan da onu dəlicəsinə sevirdi. Gülyaz oğlanın yanında qəflətən mənim qoluma girdi. Ondan sonra o Gülyazdan əl çəkdi. Həmin oğlan sonralar mənə etiraf edir ki, “ay Qəzənfər o sənin qoluna girəndən sonra gözümdən düşdü ki, mən onu almaram. Mən Gülyazdan belə əl çəkdim. Amma sən mənim həyatımı məhv elədin. Həm o sənin qoluna girdi, həm də sən dedin ki, mən Gülyaz xanımla bir yerdə olacam”.
Gülyaz xanım əslində qəsdən belə elədi. Çünki o vaxt o oğlana ərə gedən deyildi. Bu, şəkililərin canlı lətifələrindən biridir. Gülyaz xanımla hələ də onu danışıb-gülürük. Gülyazın çox baməzə əhvalatları var. Danışdığımız yerdə birdən lətifə yada düşəndə deyir: “Ha indi filan şey filan oldu”.

“Gülyanaq bir az uşaqlıq edirdi”
“Gülyazın çox duzlu-məzəli, gözəl yoldaşlığı da var. Bəzən kişinin çəkə bilmədiyi yükü Gülyaz çəkə bilir, onun elə qeyrəti var. O bacıların hamısı elədir. Gülyazın bacılarından Rəhimə ilə, Gülyanaq ilə də bir yerdə oxumuşuq. Rəhimə məndən yuxarı kursda idi. Amma Gülyanaq bizdən sonra gəldi. Demək olar ki, Gülyanaqla da tələbələyimiz eyni vaxtda keçib. Onun da çox gözəl yoldaşlığı var. Gözəl səsi də var. Nəriman müəllimin ən sevimli tələbələrindən biri idi. Gülyazla eyni xasiyyətə malik olan insanlardır. Əlbəttə, hər bir insan fərqli xarakterə malikdir. Amma onlarda bir o qədər də fərq yox idi. Sadəcə olaraq biri böyük, o biri kiçik idi. Gülyanaq bir az uşaqlıq edirdi, amma Gülyaz böyüklük edirdi. İkisi də çox şirin, çox mehribandır, onlarla bir yerdə olan insan heç vaxt yorulmaz.
Həm tələbə yoldaşları ilə, həm müəllimlərlə münasibətləri yaxşı idi. Mahnı Teatrında böyük sənətkarımız, gözəl qarmon, tar ifaçısı olan Ədalət Vəzirovun qardaşı Kamil Vəzirovla uzun müddət bir yerdə işləyiblər. Çox adam bir ansambldan bir neçə ilə dalaşır, aralanırlar. Amma onların aralarında heç bir vaxt inciklik olmayıb. Həmişə mehriban ailə kimi bir yerdə olublar.
Respublikanın xalq artisti Nəzakət Teymurova da bizimlə oxuyub. Nəzakət xanım mən 3-cü kursda oxuyanda Nəriman müəllimin sinfinə gəldi. Sonra da Musiqi Akademiyasında Arif Babayevin sinfində bir yerdə oxuduq O da çox gözəl insandır, çox gözəl səsi var. Ünsiyyət qurmaq, öyrənmək qabiliyyəti çox yüksək səviyyədə idi. Nəzakət birinci səsiylə yadımda qalıb, dəhşət səsi var idi, elə bu gün də var”.





Misranə Həsənzadə