Azərbaycanda dini-siyasi ideologiya daşıyıcısı olan yeganə partiya İslam Partiyasıdır. Bu partiyaya daha çox siyasi şiəlik əqidəsinin daşıyıcısı olan insanlar daxildir. Ölkədə sələfilik dini qanadına isə Hacı Qamət Süleymanov rəhbərlik edir. Bəs Hacı Qamət Süleymanov sələfilərin əqidələrinə xidmət edən alternativ islam təmayüllü partiya yarada bilərmi?
Bu barədə Modern.az saytına danışan H.Q. Süleymanov bildirib ki, onların hər hansı bir partiya yaratmaq fikirləri yoxdur. Sələfilərin lideri bunu partiyaçılığın əleyhinə olması fikri ilə əlaqələndirib. “Sələfiliklə partiya anlayışı düzgün gəlmir. Biz sələfilər partiya sisteminin əleyhinəyik”. H.Q. Süleymanov nəinki partiya, ümumiyyətlə gələcəkdə Azərbaycanda sələfilərin hər hansı təşkilat yaratmaqda iddialı olmadığını da vurğulayıb. Onun sözlərinə görə sələfilər arasında ümumiyyətlə belə bir məsələ gündəmdə deyil.
Qeyd edək ki, Azərbaycanda sələfilik də iki yerə parçalanıb. Sələfiliyin digər qanadına Əlixan Musayev liderlik edir. Ə. Musayevlə H.Q. Süleymanov arasında Suriyaya gedən azərbaycanlılar haqqında fikir ayrılıqları da yaranıb və liderlər bir-birini ittiham edib.
Aqşin Kərimov