“Deputat Qüdrət Həsənquliyevin açıqlaması Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir mövqedir. Mən təəssüf edirəm ki, yaxın dostum Qüdrət Həsənquliyev bu cür mövqe sərgiləyir”. Bunu Modern.az saytına ADP sədri Sərdar Cəlaloğlu BAXCP rəhbəri, deputat Qüdrət Həsənquliyevin Azərbaycanda rus qoşunlarının yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. O bildirib ki, Milli Məclisdə oturan millət vəkilinin belə çıxışı məsuliyyətsizlikdir. S. Cəlaloğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Q. Həsənquliyevin heç bir mövqeyi ilə razılaşmadığını vurğulayıb. “O, bir dəfə də bəyanat vermişdi ki, Azərbaycan Gömrük İttifaqına üzv olarsa, o zaman Rusiya Qarabağı bizə qaytarar. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan “Beşinci kolon” məsələsi gündəmə gəlib. Qüdrət bəyin də belə açıqlamaları da həmin “Beşinci kolon”un mövqeyidir. Azərbaycan müstəqil dövlətdir. Heç bir hərbi bloka qoşulmayıb. Öz ərazisində heç bir xarici gücü, xüsusilə onu iki yüz il işğalda saxlayan bir dövlətin hərbi qoşununu saxlaya bilməz”.
ADP lideri hesab edir ki, Q. Həsənquliyevin bəyanatları mərhum eks prezident Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. S. Cəlaloğlu bildirib ki, Ə. Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxarması xalqa ən böyük xidmətlərindən biridir. “İlham Əliyevin hakimiyyəti zamanında da Qəbələ RLS-in ləğv olunması ilə Azərbaycandan rus qoşunlarının çıxarılması prosesi başa çatıb. “Rusiya həmişə Azərbaycan xalqının və dövlətinin əleyhinə olub. Qarabağı işğal edən də Rusiya olub. Millət vəkilinin isə Azərbaycan Konstitusiyasına zidd mövqe nümayiş etdirməsi mənim dostum Qüdrət Həsənquliyev haqqında başqa fikirlərə yol açır. Onun belə açıqlama verməsi məni çox narahat edir. Qüdrət Həsənquliyevin Rusiya ilə bağlı eyni tipdə ardıcıl mesajlar verməsi məndə şübhə yaradır ki, sanki bu adam Rusiya ilə bağlıdır”,-deyə S. Cəlaloğlu ittiham edib.
Qeyd edək ki, BAXCP sədri, deputat Q. Həsənquliyev rəhbəri olduğu partiyanın mətbuat xidmətinə müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycanın Rusiya ilə yaxınlaşmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə Azərbaycan müstəqilliyindən və suverenliyindən imtina etməmək şərti ilə Rusiya hərbi bazalarının ölkədə yerləşdirilməsinə razı olmalıdır.
Aqşin Kərimov