“Birincisi, istədik-istəmədik Ermənistan da Qafqaz dövlətidir. Odur ki, “Qafqaz top 20”-də Ermənistan mahnısının olması labüddür. İkincisi, biz, ANS olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırıq. Baxmayaraq ki, bəzi şəxslər bu haqda artıq heç düşünmür. ANS-dən və ANS ÇM radiosundan vətənpərvər ikinci bir kanal varsa, barmağınızı qatlayıb deyin. İndiyə qədər ANS özünü müharibə meydanında da təsdiqləyib. Vahid Mustafayevdən vətənpərvər ikinci bir şirkət rəhbəri varmı? O, əlində avtomat, çiynində kamera ilə Qarabağ müharibəsində iştirak edib. Verilişin ideya müəllifi də odur”. Bunu Modern.az-a açıqlamasında “Qafqaz top 20” verilişinin aparıcısı Aytən Səfərova deyib.
Qeyd edək ki, ANS ÇM- radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən “Qafqaz top 20” musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnıları səsləndirilməsi böyük etiraz doğurub. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də Aktual.az-a açıqlamasında məsələyə münasibət bildirib: “ANS rəhbərliyi qanunverciliyin nə olduğunu bilmir. Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar”. Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətinin qurbanı olan Azərbaycan xalqına qarşı bu hörmətsizlik qəbuledilməzdir: “Bu həssas məsələyə hər bir insan diqqətlə yanaşmalıdır. Yəni, belə məsələlərdə insanların hissiyyatı nəzərə alınmalıdır”. Milli Televiziya və Radio Şurasının sədrinin fikrincə, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə qurumun irad bildirməsinə ANS rəhbərliyinin cavabı heç bir məntiqə sığımır: “Bilirsiz, onların məntiqi ilə yanaşsaq, deməli onda gərək Azərbaycanda erməni filmləri də göstərilsin, malları da satılsın”.
Misranə Həsənzadə