Modern.az

Onları əfv etmək olmazdımı...

Onları əfv etmək olmazdımı...

Ölkə

7 May 2014, 22:08

2014-cü ilin birinci yarısı kütləvi intihar halları ilə xarakterizə olunursa,  keçən ilin analoji dövrü ölkəmizə kütləvi əsgər ölümləri ilə damğasını vurmuşdu. Hərbi hissələrdən hər ötən gün qeyri-döyüş zəminində dünyasını dəyişən əsgərlərin qara xəbəri gəlirdi. Cəmiyyət arasında gizli narazılıqlara, təlaşa səbəb olan bu hadisələr bir qrup gənc fəalın iştirakıyla özünü etiraz aksiyası ilə büruzə verdi.

2013-cü il mart ayının 10-u idi. Dostumla Bakı bulvarından İçərişəhər metrostansiyası istiqamətində hərəkət edirdim. İnsanların pərakəndə halda mitinq mərkəzinə doğru yüyürdüklərini gördük. Məlumat aldıqda bunun "Əsgər ölümlərinə son" adı altında keçirilən etiraz aksiyası olduğunu öyrəndik. Dostumdan nə qədər xahiş etdimsə də, mənimlə gəlmədi. Odur ki, onunla sağollaşıb seyrçi kimi etiraz aksiyasına qoşuldum.

Əsas şüarı "Əsgərimiz ölməsin, ordu morqa dönməsin" olan aksiyanın təşkilatçıları və əsas fəalları NİDA Vətəndaş Hərəkatı idi. Bu hərəkatın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan dövlətinin demokratikləşdirilməsi, ictimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin və tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılmasına dəstəkdir.
Bəli, mitinq razılaşdırılmamışdı. Ancaq, orda hər hansı radikallıq, kütləvi iğtişaş cəhdi də yox idi. Dissident statuslar paylaşan "solçu" "feysbuk" gənclərinə nisbətdə, onların xeyli cəsarətli həmyaşıdları idi. Sözlərini açıq şəkildə demək qərarına gəlmişdilər. Baxmayaraq ki, polisin su şırnaqlarının, dubinkalarının hədəfinə tuş gəldilər.

Etiraz aksiyasından bir neçə gün öncə gənclərdən üçünün - Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovun müxtəlif ittihamlarla təqsirli bilinib, saxlanılması xəbəri yayılmışdı. Etiraz aksiyasından sonra isə etirazçı gənclərdən bir neçəsinin saxlanıldığı xəbəri gəldi. Bəziləri sərbəst buraxıldı. Bəziləri cərimələndi. Bəziləri sutkalıq həbs cəzası aldı.

Bəziləri haqqında isə həbs qəti-imkan tədbiri seçildi. Bunlar NİDA-nın daha 4 fəalı- Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli və Zaur Qurbanlı idi. Həmçinin, Bakı bulvarında reportyor Mehman Hüseynov tərəfindən çəkilən qalmaqallı "Harlam Shake" videosu "Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadənin başında çartladı. O, 2013-cü il mayın 17-də "Terrora yox" (30 aprellə bağlı) aksiyası zamanı barəsində çıxarılmış 15 günlük həbs qəti-imkan tədbirinin başa çatmasından iki gün keçməmiş həbs edildi. Buna reaksiya olaraq Mehman Hüseynov məhkəmə zalında sarkastik tərzdə belə bir fikir ifadə etmişdi: "O dəmir barmaqlıqlar arasında İlkinin yerinə ştativ oturmalı idi. Çünki İlkin ancaq ştativi tutmuşdu"

Aylarla davam edən məhkəmə prossesi müddətində ittihamlar bir-birini yeniləyirdi. Gənclərin bir neçəsi barəsində narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb. “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirildi. İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olundu. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olundu.

Məhkəmə 1 ildən artıq uzandı. Onlar haqqında qəti hökm oxunması bir neçə dəfə təxirə salındı. Son qərara 20 gün qalmış isə gənclər aclıq aksiyasına başladı. Həbslərinə, onlara qarşı irəli sürülmüş ittihamlara etiraz edən gənclər bu müddət ərzində bioloji tələbatları ilə vidalaşmışdı. Getdikcə də səhhətləri pisləşirdi. Lakin, bu addımla uğruna çalışdıqları reaksiya gəlmədi. Bunu görən onların valideynləri də eyni addımı atdı. Lakin, yenə bir nəticə hasil olmadı. Mayın 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prossesinin sonunda hökm oxundu. Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov və Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli və Bəxtiyar Quliyev 7 il, Şahin Novruzlu isə 6 il müddətinə azadlıqdan məhrum edildi.

Hüquqşünas, ən əsası hadisələrin məğzinə tam yaxından bələd olmadığım üçün məhkəmənin gedişatını, ittihamın qanuniliyini analiz etmək fikrindən uzağam. Lakin, bir məqam var ki, bu da məsələnin humanizm tərəfidir. Vətəndaş birliyidir. Unutmaq olmaz ki, ölkəmiz hazırda müharibə şəraitində yaşayır. Müharibə şəraitində yaşayan bir ölkə üçün 8 düşünən gəncin həbsə alınması heç də üzağardıcı deyil. Ortada hər hansı islahounmaz cinayət hadisəsi də yoxdur. İnsan öldürülməyib, terror hadisəsi törədilməyib, hər hansı kütləvi rezonans doğuracaq hadisə baş verməyib. Bu gənclərə verilən hökm üst-üstə 59 il edir ki, bu da təxminən orta yaşam müddətdir. Məhkəmədən bir gün əvvəl xanım deputat Gülər Əhmədova azadlığa buraxıldı. Açığı, bu sevindirici haldır. Deputatlıq fəaliyyətində məlum hadisəyədək heç bir ciddi qüsura yol verməyən Gülər xanım qalmaqallı ABU-nun rektoru, yüzlərlə tələbənin qarğışına tuş gələn Elşad Abdullayevin xaotik, kənar niyyətlərə xidmət edən oyununun qurbanı olmuşdu. Barəsində çıxarılan bəraət ölkəmizdə humanizm, ədalət prinsiplərinin mövcud olmasının əyani sübutudur.

İndi isə analoji addıma yaşıdlarımın ehtiyacı var. Bəlkə də onlar səhv ediblər. Bəlkə də peşmandırlar, nə bilmək olar. Bəlkə də yaşlarının azlığı onlara lazımi biliklər toplamağa, lazımi təfəkkür imkanlarına malik olamağa imkan verməyib. Bəlkə də siyasi arenaya vaxtından tez gəliblər. Bəlkə də... Bəlkə də... Bəlkə də...ANCAQ, UNUTMAQ OLMAZ Kİ, GƏNCLİK TƏBƏDDÜLATLAR, TƏRƏDDÜDLƏR DÖVRÜDÜR! Unutmaq olmaz ki, məhbuslardan biri Şahin Novruzlu həbs olunarkən azyaşlı idi.18 yaşını həbsxanada qeyd etdi. Rəşadət Axundovun öhdəsində azyaşlı uşaq var...

Viktor Hüqonun "Səfillər" romanının baş qəhrəmanı Jan Valjanın( burada gənclərin niyyətini Jan Valjanın Yepiskopu öldürmə niyyəti ilə müqayisə etmək fikrim yoxdur) həyatında bir dönüş nöqtəsi olur. Yepiskopun onu bütün olanlara rəğmən əfv etməsi. Məhz, bu addım onun mənəviyyatında katersis funksiyası rolunu oynayır.

Humanist Azərbaycan xalqının məşhur deyimi var: "Əl tutmaq Əlidən qalıb". Əfv addımı, əfv ənənəsi də 16 il öncə ölüm hökmünü ləğv etməklə, Şərqin dövlət və hökumət başçıları arasında ilkə imza atan, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVDƏN qalıb!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı