Dörd ayda 122 nəfər özünü öldürüb, 98 nəfər canına qəsd etməyə çalışıb

Bütün dünyada hər gün təxminən 2000 adam həyatına son qoyur. Bu, saatda 80 və ildə 750 min adam deməkdir. Azərbaycanda hər gün intiharın baş verdiyini iddia etmək mümkün deyil. Ancaq bəzən bir gündə bir neçə bu cür hadisənin baş verdiyini nəzərə alsaq, demək olar ki, Azərbaycanda orta hesabla hər gün bir nəfər ya həyatına qəsd edir, ya da buna cəhd göstərir. Bununla belə, bizim ölkəmiz hələ ki intihar hadisələrinə görə faciəli həddə çatmayıb.
Modern.az saytı rəsmi mənbələrin məlumatına əsasən bildirir ki, 2014-cü ilin dörd ayı ərzində Azərbaycanda 122 nəfər intihar etməklə dünyasını dəyişib. Özünü müxtəlif vasitələrlə həyatdan məhrum edənlərin 76 nəfəri kişi, 26-sı qadın olub. Yanvar-aprel aylarında 11 nəfər məktəbli və yeniyetmə, 9 hərbçi özünü öldürüb.
Dörd ay boyunca 98 nəfər canına qəsd etməyə cəhd göstərsə də, bu niyyətlərini reallaşdıra bilməyib. Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri son illər istər özlərini suya atan, istərsə də hündürlükdən tullanmağa cəhd göstərən şəxslərin həm son anda xilas edilməsində, həm də onları bu fikirlərindən daşındırmaqda xüsusi rol oynayıblar.
Ordumuzun zabiti, giziri, əsgəri intihar edib
Modern.az yanvar-fevral aylarında baş verən intiharlarla bağlı araşdırmanı təqdim etdiyindən bu dəfə mart-aprel aylarında qeydə alınan hadisələrin bir çoxunu xatırladacaq. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.
Daha bir intihar olayı Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində baş verib. Burada xidmət edən gizir, Ağstafa rayonundan hərbi xidmətə çağırılan Samir Ələkbərov özünü asıb.
Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Firdovsi Nəsibov da Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində özünü asaraq intihar edib.
Məcburi köçkün məktəbli və kişi özlərini öldürüblər
Aprelin 7-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan 13 yaşlı (7-ci sinif şagirdi) Azad Məmmədovun asılmış meyitini anası tapıb. Qeyd edək ki, Məmmədoovlar Ağdam şəhərindən məcburi köçkün düşüb və Qaraçuxurda məcburi köçkünlər üçün ayrılmış binada məskunlaşıblar. Məktəblinin həyatına qəsdin səbəbi kimi ilkin ehtimal olaraq atasının onu danlaması göstərilib.
Zəngilan rayonundan olan məcburi köçkün, 56 yaşlı Ərşad Məmmədov isə Nəsimi rayonunda intihar edib. O, özünü 4 saylı yataqxananın 4-cü mərtəbəsindən atıb. Ə.Məmmədovun bundan əvvəl bir neçə dəfə intihara cəhd etdiyi də məlum olub.
Özlərini öldürüb, uşaqlarını ata-anasız qoyurlar
Hər bir kəsin özünü öldürməsi ailəsi, qohum-ərqabaları üçün itkidən başqa, həm də faciəyə çevrilir. Valideynlərin həyatlarına qəsdi isə övladların gələcək həyatına ciddi bir zərbə olur. Təəssüf ki, Azərbaycanda ay ərzində bir neçə valideyn canlarına qıymaqla övladlarını gözü yaşlı qoyur. Görəsən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu cür hadisələrlə bağlı ciddi araşdırma aparırmı?
Qaradağ rayon Qobustan qəsəbəsində 41 yaşlı Sevinc Ağaəddin qızı özünü asıb. 4 uşaq anası olan qadının hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.
Göyçay rayonunda isə 3 uşaq atası olan kişi müəmmalı şəkildə canına qıyıb. Qarabaqqal kənd sakini, 63 yaşlı Cəlil Xəlilov ailə üzvləri ilə birgə yaxın qohumlarının evinə qonaq gedib, az sonra nə isə götürmək üçün evinə geri qayıdıb.
Ailə üzvləri Cəlil Xəlilovun yenidən qonaqlığa qayıtmamasından və mobil telefonuna cavab verməməsindən narahat olublar. Ailə üzvləri evə qayıdanda C. Xəlilovun tövlədə meyitini tapıblar.
Ailəsi ilə heç bir problemi olmayan yaşlı kişinin özünü öldürməsi hamını təəccübləndirib. Onun ailəsini dolandırmaqla da bağlı probleminin olmadığı bildirilib.
İsmayıllı rayonu, Qalıncaq kəndində 31 yaşlı 2 uşaq atası Anar Məmmədov özünü asmaqla intihar edib. Oğlu Gəncədəki hərbi hissələrdən birində xidmət edən Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan 44 yaşlı Nəzakət Cənnatalıyeva özünü asaraq intihar edib.
Çobanlar sürüyə hücum edən canavarı yox, özlərini güllələyirlər
Azərbaycanda bir çox peşə sahibləri, müxtəlif yaş qrupundan olan insanlarən özlərini müxtəlif səbəblərdən həyatdan məhrum etmələri, belə demək mümkünsə, o qədər də qeyri-adi qarşılanmır. Ancaq peşəsi çobanlıq olanların özlərinə qəsd etməsi bir qədər təəccüb doğurur.
Aprelin 12-də Xızı rayonunun Qızıldərə adlandırılan ərazisində yerləşən fermada çoban işləyən Quba rayon sakini Azər Qəmbərov ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Lənkəran rayon sakini Cəsarət Fərəcov isə Ağcabədi rayonunun Muğanlı kəndi yaxınlığında çoban işlədiyi heyvandarlıq təsərrüfatında özünü asıb. Hər iki intihar hadisəsinin səbəbləri açıqlanmayıb.
Əlilləri həyatdan bezdirən nədir?
Hər il Azərbaycanda müxtəlif sağalmaz xəstəliklərə yoluxan, əsəb xəstəliyindən əziyyət çəkən onlarla insan çıxış yolunu intihar etməkdə tapır. Məsələn, Zaqatala rayonu, Car kənd sakini, 62 yaşlı Fatimat Kaştayeva özünü asıb. Üç uşaq anası olan qadının ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
İsmayıllı rayonu, İsmayıllı kənd sakini 76 yaşlı Səlim Məhərrəmovun intiharın səbəbləri araşdırılarkən ürək xəstəsi olduğu məlum olub. Yaşlı kişi eyni zamanda iflic olubmuş. Ötən il isə Səlim Məhərrəmovun oğul nəvəsi xəstəlikdən dünyasını dəyişibmiş. Sevimli nəvəsinin ölümündən sonra yaşlı baba özünə gələ bilməyib. Həmişə nəvəsinə qovuşmaq üçün ölmək istədiyini deyirmiş. İlkin ehtimala görə, yaşlı kişinin özünü öldürməsinin səbəblərindən biri də bu olub.
Bu cür insanların arasında əlillər də olur. Sabunçu rayonu, Zabrat qəsəbəsində Bakı şəhər sakini, 62 yaşlı Əjdər Qədirov yaşadığı evdə özünü asıb. Onun birinci qrup əlil olduğu bildirilib.
Qaradağ rayonu Qobustan qəsəbə sakini Hacıhəsən Salmanov özünü sirkə turşusu ilə zəhərləyərək intihar edib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən və həyatını həkimlərin xilas edə bilmədiyi 54 yaşlı kişi də birinci qrup əlil idi. Onun həmişə maddi durumundan şikayət etdiyi məlum olub.
İkinci qrup əlil olan Zaqatala şəhər sakini, 62 yaşlı ikinci qrup əlil Həsəncuma Muradov isə özünü daha amansızcasına həyatdan məhrum edib. O, elektrik naqilini öz bədəninə sarıyıb, daha sonra naqilin ucunu elektrik cərəyanına birləşdirib. Onun intihar etməsinin səbəbi açıqlanmayıb.
Daha bir dəhşətli intihar Binəqədi rayonunda qeydə alınıb. Rəsulzadə qəsəbəsində yaşayan, 43 yaşlı Cavanşir Əsgərov yaşadığı evin hamamında vannanı su ilə doldurub, elektrik cərəyanı keçən naqilləri əllərinə dolayaraq özünə qəsd edib. Kiçik bizneslə məşğul olan kişinin intiharının səbəbləri məlum deyil.
Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan Lerik rayon sakini, 29 yaşlı Asəf Cəbrayılov palatada özünü asaraq intihar edib. A.Cəbrayılov bir müddət əvvəl həyat yoldaşını bıçaqlayıb. Əsəbləri yerində olmadığından ailə üzvləri onu xəstəxanaya yerləşdiriblər.
Qapını mismarlayıb evi yandırdı...
Xaçmaz rayonu Çarxı kənd sakini, 50 yaşlı Aqil Məmmədov evinin yanması nəticəsində dünyasını dəyişib. Hadisədən sonra mərhumun oğlunun verdiyi məlumata görə, atası onlarla daim mübahisə edib və spirtli içkilərə meylli olub. Kənd sakinlərinin bildirdiyinə görə, A. Məmmədov evi özü yandırıb. Evi yandırmazdan əvvəl isə qapını içəridən mismarlayıb.
Martın 23-də gecə Nəsimi rayonunda Bakı şəhər sakini, 20 yaşlı Kamil Kərimli 16 mərtəbəli binanın damından özünü atıb. O, yerindəcə keçinib. K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi olub. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.
Səbail rayonu, Mətbuat prospekti ndə Bakı şəhər sakini, 11-ci sinif şagirdi Zərifə Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən ataraq intihar edib. 17 yaşlı qızın həmin gün səhər saatlarında evlərində baş verən mübahisədən sonra qaçıbmış. Z.Əsədova Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızı idi.
45 yaşlı kişi: “Mən sizə yaxşı ata ola bilmədim”
Nizami rayonu, Keşlə qəsəbəsində 45 yaşlı Aslan Zeynalov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb. Onun cibindən çıxan məktubda isə yazılıb: “Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”.
Aslan Zeynalov Nizami rayon İcra Hakimiyyətində fəhlə işləyirdi. 2 övladı olan kişinin kasıblıq üzündən özünü öldürdüyü bildirilib.
Ailəsi dağılan gəlin özünü öldürüb
Baş verən hər bir intihar hadisəsi ailənin faciəsidir. Bu cür faciələrin ortaya çıxmasının səbəbləri isə müxtəlifdir. Məsələn, Kürdəmir rayonu, Yeni Şıxımlı kənd sakini, 21 yaşlı Aysel Fətəliyeva siçan zəhəri içərək özünü öldürüb. O, bir neçə il əvvəl ailə həyatı qursa da, nikah uğurlu olmayıb, bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Psixoloji sarsıntı keçirən gənc qadın intihar edib.
Nizami rayonu Keşlə qəsəbəsi ərazisində Fəridə Səlimcanovanın yaşadığı evdə qohumu, Bakı şəhər sakini Sənan Qulamov münaqişə zəminində arvadı Əfiqəni bıçaqla qətlə yetirib. S. Qulamov sonra özünə də boyun, qol və qarın nahiyələrindən xəsarət yetirib.
Bu faciənin baş verdiyi gənc ailə ötən il qurulub. Bir körpələri var. Hadisədən əvvəl Sənan xanımı Arifə ilə birlikdə xala evinə qonaq gediblər. Orada nə baş veribsə, Sənan qısqanaraq Arifəni öldürüb.
Aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini, 25 yaşlı Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və ona bıçaqla xəsarət yetirərək öldürüb.
Qətl törətdikdən sonra özünü də öldürməyə cəhd edən şəxsin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olduğu məlum olub.
Aprelin 13-də Şirvan şəhərində yaşayan 47 yaşlı Mübariz Cavidi ailə münaqişəsi zəminində həyat yoldaşı, 42 yaşlı Xoşbəxt Cavidini bıçaqla qətlə yetirib. O, qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbi qəbul edib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M. Cavidinin sonrakı taleyi haqqında məlumat verilməyib.
Aprelin 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar bağları yaşayış massivindəki fərdi evdə 25 yaşlı Sənubər Abbasova özünü bıçaqlayaraq ağır xəsarət yetirib. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, özünü bıçaqlayaraq öldürmək istəyən qadın xeyli müddətdir həyat yoldaşı Rəşad Abbasovdan boşanmaq istəyir. Bu dəfə də ailədə həmin məsələ üstündə mübahisə düşüb. R.Abbasov azyaşlı övladlarına görə boşanmaq istəmədiyini bildirib. Əsəblərinə hakim ola bilməyən 25 yaşlı qadın daha sonra həyat yoldaşını gözü qarşısında özünü bıçaqlayıb. R.Abbasov bildirib ki, əvvəlcə arvadının qeyri-ciddi olduğunu düşünüb. Onun özünü bıçaqladığı görəndən sonra isə təcili tibbi yardıma müraciət edib.
Modern.az