On birinci sinfi təzə bitirmişdim. Hərəmizin də bir kumiri vardı. Bizimkilərdən deyildilər. Xarici estradanın nümayəndələri, aktyorlar, xüsusilə də türk ulduzları. Bir yerdə oxuduğumuz qızlar da onları sevirdilər. Murat Boz, Tarkan, Behlül, Tolqa, hansını deyim. Oynadığı rollar, oxuduqları mahnılar öz yerində, qızlar onların xarici görünüşlərinin vurğunuydular. Mənim çox da xoşum gəlmirdi onlardan. Amma neyləyim, məcbur idim onlara oxşamağa. Həm modnı oğlan sayılmaq, həm də qızların xoşuna gəlmək üçün.
Mənim gur saçlarım vardı. Sifətim də uzun idi. Boy-buxunum da öz yerində. Özümü Behlülə oxşatmağa qərara verdim. Məhlədə uşaqlara yaxınlaşdım.
- Uşaqlar, bilmirsiniz “Mavi” dükanı harda yerləşir.
Qaqqıltıları götürdü aləmi.
- Məmmədkazım, sən də.
- Neyləsin, zəmanə adamıdır da.
- İşiniz yoxdur, ürəyi necə istəyir, qoy elə də eləsin.
- Məmmədkazım, sən Allah düzünü de. Aktivindənsən, yoxsa passivindən?
- Zəmanə adamıdır, işiniz olmasın. O da irəli getmək istəyir də.
- Sizin başınız xarab olub, nə aktiv, nə passiv? “Mavi” qoluboylar üçün dükan deyil e... cins şalvar, göynək brend mağazasıdır. “Aşka sürgün” kinosunda Behlül rolunu oynayan Kvanc Tatlıtuğ var a, o həmin firmadan geyinir. Mənim də saçımın fasonu, bığım saqqlım toçnı onunkundandır. “Mavi”dən geyinsəm, olacam lap Behlül. Taqsır məndədir ki, sizdən niyə soruşuram. Onsuz da başa düşən deyilsiz. Amma qızlar mənim dərdimdən öləndə paxıllıq edəcəksiniz.
Evdə də gecəm-gündüzüm yox idi. Atam-anam gün vermirdilər mənə.
- Məmmədkazım bu nədir saçlarını uzatmısan? Bu saqqal nədir? – söyləyəndə.
- Uşaq özünü Behlülə oxşatmaq istəyir də...- deyə bacım o yandan dillənirdi.
- Vallah, Behlülü tanımıram. Amma toçnı Faiq Ağayevə oxşayır, bir az da Samir Bağırovun yeni imicinə.- deyə atam düzəliş verirdi.
- Ay kişi, qulağını çək. Allah eləməsin. Gör mənim gül kimi balamı kimlərə oxşadır e. Oğlum Zaur Baxşəliyevə oxşayır.
- Arvad daha yox. Malaxov saqqalını qırxan kimi, o da qırxdı. Ay arvad, mən nə qədər deyirəm başa düşmür. Bəlkə sənə qulaq asa. Denən özünü kişi vidinə salsın, saqqalını da qırxdırsın.
- Qırxmıram.
- Ay qaqaş, sənin kimilərə şəhərdə Behlül demirlər. Bilirsən nə deyirlər?
- Nə?
- Şampunçik.
- Şampunçik sənün...
- Nə dedin? – deyə atam ayağa qalxdı.
- Nə dedim e... Demək istəyirdim ki, ay bacı, şampunçik sənin qardaşındır.
Beləcə günümü göy əskiyə çevirmişdilər. Amma nə saçımı qırxırdım, nə də saqqalımı. Bir dəfə atam dedi ki, gecə yatan yerdə saçını qayçıyla elə bir günə salacağam ki, özün məcbur olub bərbərxanaya gedəcəksən. Buna da əlac tapdım. Yatanda sellofan kulyoku başıma keçirdim. Ata,indi qırx görüm necə qırxırsan.
Bərbərxanaya gedirdim. Amma yalnız türk bərbərinə. O da Behlülün şəklini qabağına qoyub başlayırdı işləməyə. Əsl sənətkar idi. O ki mən Məmmədkazımdan Behlülü düzəltmişdi ya, halal olsun ona. Dostlarımın arasında tarkanlar da vardı, muratbozlar da. Hamısının da evində onların bu stilindən narazıydılar. Bir sözlə yaşlı nəsillə gənc nəsil arasında dava gedirdi. Amma qalib gələ bilmirdilər.

Günlərin bir günü “Yevrovijn”a baxırdıq. Səhnəyə bir qız çıxdı. Amma saqqalıyla bığı vardı. Özü də Avstriyadan idi. Mahnısına uyğun qəşəng qrim eləmişdilər. Özü də stilmeykerlər elə gözəl işləmişdilər ki, lap təbii görsənirdi. Mahnısının sözlərini başa düşmürdüm, amma belə anladım ki, qrimi mahiyyətinə uyğun eləyiblər. Atam birdən mənə tərəf dönüb:
- Ay oğul, üzünü bir sağa çevir.
Çevirdim.
- İndi də sola bax.
Baxdım.
- Lap sənə oxşayır. Arvad, fikir ver.
- Ay ata, sən də müqayisə etdin də... Mənə niyə oxşayır e... toçnı Elşad Xosedir. Bir də ki, o qız, mən oğlan. Amma qrimi yaxşı ediblər. Halal olsun.
Bir az keçdi. Səsvermə başladı. Bu saqqallı qız yaman səs toplayırdı. Bütün Avropa onu dəstəkləyirdi.
- Ay arvad, əla. Gələn il Azərbaycanı “Yevrovijn”də oğlumuz təmsil edəcək. Saçı saç, bığı bığ, saqqalı da saqqal. Nəyi əskikdir ki, bu qızdan? Adını da Məmmədkazım yox, qoyarıq Mamedkaza.
- Ay ata, bəsdir də doladınız məni.
Bir az keçdi. Mətbəxə keçdim. Su içib geri qayıtdım. Atam, anam, bacım üzünü mənə tərəf çevirib mat-mat baxırdılar.
- Nə olub?
- Heç. İndi dedilər ki, bu Avstriyalı müğənni transqeytdir.
- Transqeyt nədir?
- Transqeyt də... Yəni ki, həm oğlandır, həm də qız. Əslində oğlandır, amma bura qız adıyla gəlib – Konçita.
- Transqeyt yox e, transvestit. Yəni ki, transseksual.
- Ay oğul, aydın danış.
- Ay ata, yəni ki, mavi, qoluboy, gey. Başqa necə başım salım sizi.
- Ay oğul, başa düşdük e. Bu niyə qalib gəldi axı. Avropa adam tapmadı səs verməyə?
- Avropada tolerantlıq gör indi nə dərəcədədir də?
- Yaxşı ki, Azərbaycanda belə deyil. Bircə biz səs vermədik ona. Ay oğul, yaman həvəslə danışırsan e bu translardan, tolerantlıqdan. Xəbərimiz olmaz, bilmərik, birdən sən də...
- Ata!
Gecəni yata bilmədim. Hansı ad deyirdilər dözürdüm. Amma Konçita işləri korlamışdı. Küçədə bilmirəm, evdə iki yüz faiz adımı Konçita çağıracaqdılar. Ona görə də hamama girdim. Qayçıyla saçımı qırxdım. Başımı, üzümü köpükləyib ülgüclə ehmalca qırxdım. Sonra da uzanıb yatdım.
Tezdən anam qapını tıqqıldatmağa başladı:
- Konçita, qızım, dur. Dərsə gecikərsən.
Sonra atam qapıya yaxınlaşıb başladı:
- Konçita, mənim balam, dur.
Day bacımın səsləməyini gözləmədim. Qapını açıb mətbəxə keçdim. Atam, anam, bacım yerində qurudular.
- Oğul, bu nədir? Özünü niyə bu günə qoymusan?
- Fan- ta- mas.
- Heyf səndən, ay oğul. Biz isə bütün ümidimizi sənə bağlamışdıq. Biz yox e... Bütün Azərbaycan. Bu başla Avropa sənə heç bir xal da verməz. Necə ki, bu il vermədilər. Əlvida, Büllur mikrafon, əlvida.