- Hacıbala müəllimin 70 yaşı tamam olur.
- Nə hədiyyə edəcəksən? – deyə həyat yoldaşım Sevinc soruşdu.
Çox qəliz sual idi. Yox, elə başa düşməyin ki, söhbət hədiyyəni tapmaqdan, qiymətindən, onu almaqdan gedir. Əsla. Mənimçün əsas Hacıbala müəllimin verdiyim hədiyyədən məmnun qalması idi. Bir ailə tərbiyəsi almış adam ki, fikirləşdim. Anam belə şad gündə nə hədiyyə edərdi? Əlbəttə ki, bir qutu şokolad. Qaynanası Suğradan qalmışdı bu xasiyyət onda. Hara getsəydi “korobka şokolad” alardı. Nə olar? Şirinliyin nəyi pisdir ki... Məncə Hacıbala müəllim də etiraz eləməz.
Həyat yoldaşım isə müasirliyi əsas gətirərək bahalı köynək, qalstuk və fransız odekolonu hədiyyə etməyi məsləhət bildi. Bununla Hacıbala müəllimi məmnun edə bilərdimmi? İnanmıram.
Bəs atam Qabil? O belə şeylərə əhəmiyyət verməzdi. Ad günlərində, yubileylərdə, qonaqlıqlarda bir sağlığı, söhbətləri yüz hədiyyəyə dəyərdi. Atam sağ olsaydı heç hədiyyə haqda fikirləşməyəcəkdim də... Amma atam yoxdu, bu missiyanı mən həyata keçirməliydim. Quruca təbrik etsəm, olacağam min təbrik edəndən biri. Bəs nə edim ki, digərlərindən fərqlənim. Bəlkə məqalə yazım. Hacıbala müəllimin xidmətlərini sadalayaraq, sonda da yubiley təbrikimi çatdırım. Yox, xasiyyətini bilirəm. Nə olsun ki, onu çox istəyirəm, layiqi olduğu tərifi yazıram. Yenə də “acılayacaq” ki, niyə yazmısan.
Birdən Prezident Heydər Əliyevlə atam arasında olan bir söhbət yadıma düşdü:
- Qabil, heç dəyişmirsən.
- Təmir eləmirlər, Heydər müəllim.
- Mən soruşuram ki, (gülür) “heç dəyişmirsən”. Qabilsə deyir ki, təmir eləmirlər. Nəyi?
- Mənə mənzil bağışlamamışdınız e... Onu deyirəm. Boş divarlardır. Təkcə bir dəmir qapısı var. Vəssalam.
- Dəmir qapısı? Sən zəngin adamsan, oğru gələ bilər... Ona görə.
- Yox, nə zəngin? Mənim pulum var?
- Gör nə qədər kitabın var, gözəl şeirlərin, əsərlərin var. Sən çox zəngin adamsan, Qabil...
Bu əhvalat dadıma çatmışdı. Deməli atam bu dünyada olmasa da, mənə zəngin bir miras buraxıb. Varis isə mənəm. Bu varidata baş vurdum və Hacıbala müəllimə layiq üç hədiyyə tapdım. Atamın 1999-cu ildə yazdığı “Alim-hakim” şeiri, 2001-ci ildə qələmə aldığı “Qoşayarpaq” və 2007-ci il yanvarın birində yazdığı “Söz ardı”. Yəqin ki, bu hədiyyələr ürəyindən olar. 70 yaşınız, yubileyiniz mübarək, Hacıbala müəllim!

ALİM-HAKİM
Hörmətli Prezidentimiz Heydər Əliyevin sərəncamıyla
işi-gücü, fəaliyyəti bütün ölkəyə nümunə göstərilən
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, professor
HACIBALA ABUTALIBOV üçün
Sadəliyin, təvazönün
Dipdiri məğrur heykəli.
Qurub-yaradan bir şəxsin
İşıq, şəfəq, nur heykəli –
Professor Hacıbala!
Belə hakim, belə başçı
Qismət olsun hər mahala.
Qapısında polisi yox,
Cangüdəni, dəlisi yox,
Qana həris zəlisi yox,
Yalan “bəli-bəli”si yox.
Hər tədbiri əsl bayram,
Bilməz yaz-qış – fəsil, bayram
Hacıbala.
İş otağı tikintilər
Hacıbala.
Çöllərdədir axşam-səhər
Hacıbala.
Ziyalı qədrini bilən,
Şairlə xoş deyib-gülən.
Müxbirlərin arı şanı,
Səmimiyyət – ruhu-canı.
Civə, qıvraq Hacıbala,
Mətin, qoçaq Hacıbala.
Əlillərə, zəlillərə
Ümid, dayaq Hacıbala.
Bu hərc-mərc ümmanında
Sönməz mayak Hacıbala.
Tədbirləri keçməyir boş,
Necə könül olur da xoş:
Mənzil payı, torpaq payı,
Həm minnətsiz, həm havayı.
Öpür şəhid anasının
Əllərini Hacıbala,
Öpür şəhid balasının
Tellərini Hacıbala.
Qartal, ceyran, şir aşiqi,
Məscid, bulaq, pir aşiqi.
Sısqa-mısqa ölüsü yox,
Sel aşiqi, gur aşiqi.
Muğamatsız məclisi yox –
Segah, Qatar, Şur aşiqi.
Möcüzəsi abadlıqdır,
Musa kimi Tur aşiqi.
Xərabələr bağa dönür qərarıyla
Vüqarımız dağa dönür vüqarıyla.
Zirək, çevik, qaynar hakim,
Məşəl kimi yanar hakim.
- Suraxanı Sankt-Peterburq
Olmalıdır! –
Deyən hakim.
Ancaq onu zənn etməyin
Sinəsinə döyən hakim,
Şit-şit ucuz təriflərə
Durub boyun əyən hakim.
İşi-gücü, zəhmətiylə
Fərəhdən don geyən hakim.
Təzə ana abidəsi
Ucalmaqda xəyalında.
Fikri qalıb
Təzə ana abidəsi cəlalında.
Hakim - alim, alim – hakim,
İbrət alsın zalım hakim!
Sənin kimi hakim istər
Elim-obam, xalqım, hakim.
Qədim atəşpərəstlərin
Ocağına başçı hakim,
Professor Hacıbala
Fəhlə - hakim, işçi – hakim!
1999

QOŞAYARPAQ
Avropa Şurasına – sözüm yoxdu – mübarək!
Gəl, yeri səhv düşməyən təzə merə sevinək.
2001

“ALİM-HAKİM” şeirinə “SÖZ ARDI”
Bu gün Bakı şəhərinin
Pərvanəsi Hacıbala.
Abadlığın-gözəlliyin
Divanəsi Hacıbala.
Yaxşı işlər şövqündədir
Vüsətiylə Hacıbala.
Müasirlik zövqündədir
Xislətiylə Hacıbala.
İşindədir-gücündədir,
Yorulmayır.
Acı dildən qanadları
Qırılmayır.
Bakı meri
Sadə, həlim Hacıbala.
Beş-onuna xoşa gəlməz,
Camaata xoşagəlim Hacıbala.




1 yanvar 2007