Modern.az

Qarabağın mətbuat dərdi - MONİTORİNQ

Qarabağın mətbuat dərdi - MONİTORİNQ

Ölkə

14 May 2014, 10:09


Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yaratdığı monitorinq qrupu aprel ayı üzrə monitorinqin nəticələrini açıqladı

Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yaratdığı monitorinq qrupu mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yer alan yazıların monitorinqini aprel ayında davam etdirib.

Martın 1-dən start verilən layihə çərçivəsində aprel ayı ərzində də ölkədə nəşr olunan 17 qəzet və 21 on-line media orqanı bu monitorinqə cəlb olunub.

Monitorinq çərçivəsində on-line mediada və qəzet səhifələrində Dağlıq Qarabağ münaqişəsinə nə qədər yer ayrılması öyrənilir. Aprel ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 2254 məqalə dərc olunub. Bu materialların 1643-ü (72,9 faiz) on-line mediada, 611-i (27,1) isə yazılı mətbuatda yer alıb.

Mart ayı ilə müqayisədə həm yazılı, həm də on-line mediada münaqişə ilə bağlı xəbərlərin sayının artdığı müşahidə edilib. Belə ki, mart ayında mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında cəmi 1048 məqalə dərc olunmuşdu ki, onlardan da 840 yazı (80,2 faiz) on-line mediada, 208 yazı (19,8 faiz) isə yazılı mətbuatda yer almışdı.

Aprel ayında monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqalə «Yeni Müsavat» (56 məqalə), “Yeni Azərbaycan” (56 məqalə) və “Üç nöqtə” (55 məqalə) qəzetlərində işıq üzuz görüb.

Aprel ayı ərzində Dağlıq Qarabağ mövzusuna ən az maraq göstərən yazılı mətbuat orqanları isə “Bizim yol” (20 məqalə), “Zerkalo” (12 məqalə) və “Ayna” (2 məqalə) qəzetləri olmuşdur.

On-line mediada isə ilk üçlükdə AzərTAc (184 xəbər), Musavat.com (151 xəbər), və Trend.az (131 xəbər) sıralanıb. Aprel ayında Qarabağ mövzusuna ən az müraciət etmiş on-line media orqanları isə virtualaz.org, və newstimes.az saytları olmuşdur.

Monitorinq çərçivəsində mətbuatın ötən ay ərzində Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib.

Məlum olub ki, mart ayında olduğu kimi, aprel ayında da mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən yazıların ən böyük hissəsini xəbərlər təşkil edib.

Belə ki, yazıların 37 faizi məhz atəşkəsin pozulması ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatlardı. Bunu nəzərə almadıqda ilk üçlükdə qərarlaşan mətbuat orqanlarının yerləri dəyişir.

Keçən ay ərzində Qarabağla bağlı mətbuatın diqqət mərkəzində olan ikinci mövzu Kəlbəcərin işğalının ildönümü və bununla bağlı keçirilən tədbirlərin işıqlandırılması olub. Mətbuatdakı məqalələrin 18,0% -i bu mövzuya həsr olunub.

Həcminə görə üçüncü yerdə isə Xocalı soyqırımı ilə bağlı gedən yazılar dayanır. Mətbuatda dərc olunan məqalələrin 11 faizi məhz bu mövzuda olub. Məqalələrin 9 faizini isə prezident İlham Əliyevin səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarla bağlı xəbərlər təşkil edib.

ATƏT-in Minsk qrupu və digər qurumların Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə dair dərc olunan məqalələrin həcmi isə ümumi məqalələrin 8 faizini təşkil edib. Qarabağla bağlı digər mövzulara isə keçən ay ərzində monitorinq olunan mətbuat orqanlarında ümumilikdə 37 faiz yer verilib.

Xatırladaq ki, monitorinq qrupu on-line mediadan Azertag.com, Apa.az, Musavat.com, Milli.az, 1news, Avropa.info, Publika.az, Azadinform.az, Lent.az, Day.az, Day.az, Aznews.az, Modern.az, Axar.az, Trend.az, Qafqazinfo.az, Mediaform.az, Virtualaz.org, Haqqin.az, Vesti.az, Newstimes.az, Turan.az, qəzetlərdən isə Üç nöqtə, Xalq qəzeti, Həftə-içi, Yeni Müsavat, Azadlıq, Azərbaycan, Şərq, Bakı xəbər, Kaspi, Ekspress, Yeni Azərbaycan, Ədalət, Olaylar, Exo, Bizim yol, Zerkalo, Ayna kimi mətbu orqanların monitorinqini aparıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı