Xatırladaq ki, mayın 21-də YouTube portalında Suraxanı rayon 7 saylı xüsusi internat məktəbində müəllim tərəfindən döyüldüyü iddia olunan ikinci sinif şagirdi Nahid Cavadovun videosu yayılıb. Videogörüntülərdə gözlərinin altı qaralmış şagird, Afaq adlı müəllim tərəfindən taxta ilə döyüldüyünü bildirir. O, müəllimin ondan başqa daha iki şagirdi də döydüyünü iddia edir.
Təhsil Nazirliyindən bildirlib ki, hadisənin ilkin araşdırılması zamanı hər iki dövlət qurumunun -Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin bir-birindən müstəqil şəkildə eyni nəticəyə gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.
Komissiyanın ilkin araşdırması zamanı gəlinən qənaət bu olub ki, ötən gün mediada yayılan video həmin gün deyil, daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb.
"Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmədən informasiyanın və videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur.
Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin baş vermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilib"-deyə Təhsil Nazirliyi bəyan edib.
Nazirlik sözügedən hadisəyə aşağıdakı xronoloji arayışı verib:
16 may - iddia olunana görə hadisənin baş verməsi.
20 may - özünü jurnalist olduğunu iddia edən şəxslərin internat məktəbinə gəlməsi.
20 may (saat 12:33) - informasiyanın Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müraciət etmədən şəkil əlavə olunmaqla bizimyol.info saytında yayılması.
20 may - Daxili İşlər Nazirliyi tərəfindən araşdırma və ilkin nəticələrin açıqlanması.
21 may - Təhsil Nazirliyi tərəfindən press relizin yayılması.
21 may (saat 19:06) - internat məktəbi şagirdinin videosunun bizimyol.info saytında yayılması.
Modern.az