Modern.az

Azərbaycanda vahid seçicilər siyahısı dəqiqləşdi - 5054455 nəfər

Azərbaycanda vahid seçicilər siyahısı dəqiqləşdi - 5054455 nəfər

Ölkə

29 May 2014, 18:27


Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən 2014-cü ilin yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə başlanılıb. Seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib, dairə seçki komissiyaları isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıları bir daha dürüstləşdirilib və artıq bu irimiqyaslı prosesə yekun vurulub.

Modern.az xəbər verir ki, mayın 29-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olub. Dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.

Qeyd etmək lazımdır ki, seçici siyahılarının çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilib və proqram təminatı daha da təkmilləşdirilib. Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyalarını birləşdirən yeni yaradılmış lokal şəbəkənin yaratdığı sürətli və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirmiş və seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Lokal şəbəkə üzərindən qurulmuş video-konfrans sistemi vasitəsilə dəqiqləşmə prosesi zamanı ortaya çıxan suallar on-line rejimdə operativ şəkildə dairə seçki komissiyaları ilə müzakirə edilmiş və müvafiq addımlar atılıb.

Daha sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub. Mərkəzi Seçki Komissiyasının sədri ilin əvvəlindən may ayının sonunadək həyata keçirilmiş vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verib və seçici siyahılarının dəqiqləşdirilməsi prosesində seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün qurumlara təşəkkürünü bildirib.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçicilər siyahısının yenidən tərtib edilməsi, təsdiq olunması və internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsi barədə qərar layihəsi ilə tanış olublar. Komissiya qərara alıb ki, cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq rəsmi internet səhifəsində yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 5054455 nəfər seçicinin adı var ki, onların 48,21 faizi kişi, 51,79 faizi isə qadınlardır.

İclasda həmçinin, Mərkəzi Seçki Komissiyası 12 noyabr 2013-cü ildə keçirilmiş iclasının protokolunu təsdiqləyib, bir sıra normativ xarakterli aktlara dəyişikliklər edib və bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı