Modern.az

Azərbaycanda varlılar uşaqlarını xarici düşərgələrə göndərir, bəs kasıblar? - ARAŞDIRMA

Azərbaycanda varlılar uşaqlarını xarici düşərgələrə göndərir, bəs kasıblar? - ARAŞDIRMA

Ölkə

5 İyun 2014, 14:07

Məktəb mövsümü başa çatdığı bir zamanda uşaqların asudə vaxtının təşkili və düşərgələrdə dincəlməsi xüsusi aktuallıq kəsb edir. Çünki il boyu gərgin şəraitdə davam edən tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtının səmərəli şəkildə keçirmək hüququ var. Amma Azərbaycan Respublikasında təhsildə gedən köklü irəliləyişlər fonunda məktəblilərin istirahəti məsələsinə hələ də yetərincə diqqət yetirilməyib. Belə ki respublikada istirahət düşərgələrinin sayı barmaqla sayılacaq həddə olmasıyla yanaşı, həm də bu düşərgələrdəki qiymətlər də əhalinin imkanları ilə o qədər də hesablaşmır.

Modern.az saytı Azərbaycanda məktəblilərin yay istirahətinin hazırki  vəziyyətini araşdırıb.

Postsovet məkanındakı respublikalarından fərqli olaraq, Rusiyada uşaqların istirahəti üçün  düşərgələrin sayı çoxdur və ildən-ilə artır. Təkcə Sankt-Peterburqda 40-a yaxın uşaq düşərgəsi var. Avropada da uşaqların düşərgədə dincəlməsi geniş yayılıb. Bu düşərgələr növləri, fəaliyyət istiqamətləri, şəraiti və təbii qiyməti ilə fərqlənir.

Azərbaycanın imkanlı valideynləri uşaqlarını əsasən xaricə dil öyrənmək üçün düşərgələrə göndərirlər. Bu cür düşərgələrdə 2 həftəlik dincəlmək 1000-1500 avroya başa gəlir. Almaniyada Höte İnstitutunun nəzdində düşərgənin 2 həftəsi 1000 avro, İspaniyada “EnfoCamp”da 1050 avroya, Londonda 1500 avroyadır.

Dünyada uşaqlar üçün macəra tipli düşərgələr də mövcuddur. Məsələn, Rusiya və bəzi Avropa ölkələri üzrə (İspaniya, Bolqarıstan, Fransa, Xorvatiya) “Casusların uşaqları”, “Qaya şəhərinin sirri”, “Robinzoniada” kimi düşərgələr fəaliyyət göstərir. İki həftəlik yollayışı 1000-1200 dollar olan bu düşərgələrdə uşaqlar əsasən ekstremal ekskursiyalara, dağ və meşələrə gəzintilərə çıxırlar. Mağaralarda, qayalar dibində çadırlar qurub orada qalırlar.



Ümumiyyətlə, müxtəlif ölkələrdə uşaq düşərgələrinin müxtəlif növ və istiqamətdə olur. Məsələn, idman düşərgələrində uşaqlara üzməyi, at sürməyi, aykido və karate kimi döyüş üsullarını öyrədirlər. Polşanın Putsko şəhərində 2 həftəlik düşərgədə  vindserfinqi öyrənmək mümkündür.

Qəribə görünsə də, bəzi ölkələrdə hətta dini təmayüllü düşərgələr də var. Tatarıstanda 20-yə yaxın müsəlman düşərgəsi var. Burda uşaqlar əylənməklə yanaşı, Quranı, müsəlman qaydaları və İslam normalarını öyrənirlər.

Araşdırma zamanı o da bəlli oldu ki, Bakıda milli düşərgə də olubmuş. Belə ki, bir neçə il əvvəl "Xabad Or Avner” məktəbinin nəzdində təhsil alan yəhudi şagirdlər üçün elə bu məktəbdəcə yay düşərgəsi təşkil olunub. Burada 50-dən çox şagirdin istirahəti təşkil edilib. Bu zaman uşaqlara oyunlarla yanaşı, yəhudi mədəniyyəti, tarixi və ənənələri il bağlı məlumatlar verilib. Ərazisi 1,5 hektar olan “Xabad Or Avner” məktəbinin 30 siniflik tədris korpusu var. Mərkəzdə yeməkxana, idman salonu, meydança, fənn kabinetləri, kompüter otaqları müasir avadanlıqla tam təchiz edilib. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil edilib, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.



Dövlət qurumlarının uşaqların istirahətinin təminatı sahəsində gördükləri iş fikrimizcə qənaətbəxş sayıla bilməz. Hesablamalara görə, hazırda minlərlə uşağın yay istirahətinə ehtiyacı var ki, onların tam əksəriyyəti maddi durumu yüksək olmayan ailələrin övladlarıdır. Problemin mövcudluğunu şərtləndirən ən böyük səbəb uşaqların yay istirahətini təşkil edə biləcək vahid dövlət qurumunun yoxluğudur. Ölkənin müxtəlif bölgələrində uşaq-sağlamlıq və istirahət mərkzələrinin təşkili, onların fəaliyyətinin təminatı ilə bir təşkilat məşğul olmalıdır. Azyaşlı vətəndaşlarla bağlı situasiyanı həll etmək üçün ayrılan büdcə vəsaitinin azlığı, müvafiq dövlət strukturlarının fərdi və razılaşdırılmamış şəkildə fəaliyyəti, sosial turizm sektorunun bu sahədə həddən ziyadə zəifliyi problemlərin həllinə imkan vermir. Uşaqların istirahəti, uşaq və tələbə-gənclər turizmi ilə özəl şirkətlər məşğul olmağa hazırdır. Lakin bu sahədə rentabellik səviyyəsi ticarət və tikinti sektorlarındakı kimi yüksək olmadığından və digər səbəblər şirkətləri sözügedən sahəyə investisiya yatırıb fəaliyyət göstərmək fikrindən daşındırır.

Xatırladaq ki, Sovet dönəmində Azərbaycanda 56 pioner düşərgəsi vardı. Azərbaycanın iri şəhərlərindəki orta məktəblərin də öz düşərgələri olurdu. Məsələn, Nərimanov rayonundakı orta ümumtəhsil məktəblərinin hər biri 1967-1991-ci illərdə "fərdi düşərgə" yaradırdı və onlar "adi" pioner düşərgələrindən xeyli fərqlənirdi.

Sovet dövründə bir uşağın 20 günlük "düşərgə xərci" maksimum 14 rubl 50 qəpik edirdi. Şəhər düşərgələrində isə bu məbləğ daha da aşağı, yəni 7 rubl 48 qəpiyə bərabərdi.  

Sovetlər Birliyinin dağılması ilə Azərbaycanda bir çox strukturlar, o cümlədən şagirdlərin yay tətili zamanı istirahətini təşkil edən qurum da yox oldu. Hazırda ölkədə bir neçə istirahət düşərgəsi fəaliyyət göstərir ki, onlarda da qiymət bir uşaq üçün 200-250 manatdır. Orta və kasıb təbəqənin nümayəndələrinin isə övladının bir neçə həftəlik istirahəti üçün həmin məbləği verə bilməsi sual altındadır.

Gənclər və İdman Nazirliyinin Yaradıcı Gənclərlə İş və Asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva bildirir ki, yay fəslində düşərgələrə maraq artır: "Azərbaycan müstəqillik əldə etdikdən sonra valideynlər rahatlıqla övladlarını düşərgəyə etibar edir. Lakin daimi düşərgə olmadığı üçün bu məsələ fərdi qaydada həll olunur. Gənclər və İdman Nazirliyi 2002-ci ildən başlayaraq Şüvəlanda istirahət düşərgələri təşkil edib. Hazırda "Pirşağı" və "Qaranquş" düşərgələri fəaliyyət göstərir. Həmin mərkəzlərdə yaradıcı gənclər istirahət edir".



Amma Azərbaycanda hər il yay tətili günlərində uşaqların böyük əksəriyyəti heç də yaxşı dincələ bilmir. Çünki sovet dövründən fərqli olaraq, hazırda ölkəmizdə məktəblilərin yay istirahətinin təşkili istənilən səviyyədə deyil. Daha dəqiqi desək, məktəblilər üçün istirahət düşərgələrinin sayı yox dərəcəsindədir. Halbuki Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Həmin sənədə görə isə dövlət uşaqların istirahət hüququnu təmin etməli və bu məqsədlə müvafiq şərait yaratmalıdır.

Xatırladaq ki, keçmiş SSRİ dönəmində digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün 50-dən çox düşərgələr fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərdə, qalanı isə digər rayonlarda yerləşirdi. Bundan başqa Ukrayna və Rusiyada ümumittifaq düşərgələri var idi ki, orada Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər.

Qeyd edək ki, 2011-ci ildə Nazirlər Kabinetinin tətil günlərində gəlir əldə etmək istəyən gənclərin haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi haqqında qərarı olub. Qərarın verilməsindən üç ilə yaxın vaxt keçdiyini nəzərə alaraq icra orqanları - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin bu sahədə fəaliyyəti hələ də gözə görünmür.

Təhsil Nazirliyindən isə bildiriblər ki, tələbələr üçün mövsümi iş yerləri açılmalıdır. Onlara müraciətlər, müəyyən sənədlər daxil olduğu halda həmin müraciətlər nəzərdən keçirilə bilər.

Yay oldu, uşaqlar küçədə oynayırlar. Əvvəllər məktəblərdə düşərgələr təşkil olunurdu. Hər bir məktəbin özündə yay düşərgələri olurdu. Bu yay düşərgələrinin uşaqların sosiallaşmasında, asudə vaxtının təşkilində, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün o düşərgələrin çox böyük əhəmiyyəti vardır.    



Hamı yaxşı bilir ki, əvvəllər sovet dövründə heç bir şagird yay tətilində vaxtını boş keçirmirdi. Həmin dövrdə şagirdlər üçün yay tətili müddətində onların müəyyən həcmdə qazanc əldə etməsi üçün "Şagird İstehsalat Briqadası" adlı müxtəlif düşərgələr təşkil olunardı. Bu briqadaların sayəsində şagirdlər müəyyən əmək qabiliyyətinə, müxtəlif əmək vərdişlərinə yiyələnir və eyni zamanda əmək haqqı alırdılar. Təəssüf ki, indi müasir və zəngin Azərbaycanda belə briqadalar, düşərgələr yox dərəcəsindədir.

Bütün dünyada, MDB dövlətlərində, hətta bizə yaxın olan Türkiyə, Rusiya, İran, Gürcüstanda nəinki tələbələr, eləcə də şagirdlər üçün təkcə yay mövsümündə deyil, ilin bütün fəsillərində şagirdlərin maraq dairəsindən asılı olaraq düşərgələr təşkil edilir. Şagirdlər həmin düşərgələrdə kompüter biliklərindən tutmuş müxtəlif cür aksiyalarda, məsələn, ölkənin müxtəlif bölgələrinin təqdimatı, azyaşlı uşaqların istirahətinin təşkili, müxtəlif yaradıcı oyunların təşkil edilməsi, köməyə ehtiyacı olan şəxslər, eləcə də əlliyi olan insanlarla bağlı təşkil edilən proqramlarda iştirak edirlər. Həmin layihələrin təşkilatçılarının böyük əksəriyyəti şagirdlərləri kompüter, internet, yaşayış yeri, qida və bir çox hallarda nəqliyyata çəkiləcək xərclərlə də təmin edirlər. Hətta Avropanın bir sıra ölkələri sırf keçmiş sovet respublikalarının şagirdləri üçün xüsusi layihələr təşkil edirlər. Burada uşaqlar işləyib əmək haqqı almaqla yanaşı, həm də dil bilikləri, ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmağı öyrənirlər.

Halbuki 30 il bundan öncəyə kimi hamının yaddaşında "Artek" pioner düşərgəsi kimi ad çıxaran bir məkan qalmışdı. Bura ilin yay fəslində imperiyanın hər bir guşəsindən məktəblilər gəlirdi. Onlar belə məkanlarda istirahət etməklə yanaşı, həm də ölkənin müxtəlif yerlərində yaşayan həmyaşıdları ilə dostluq münasibəti qururdular. Eyni zamanda burada onlar həm də öz bilik və bacarıqlarını daha da genişləndirirdilər. Yəni məktəblinin dünyagörüşünün formalaşması və inkişafında belə məkanların böyük rolu var idi. Etiraf edək ki, Sovet dönəmində pioner düşərgələri də o dövrün ideologiyasına uyğun qurulmuşdu. Ona görə də belə yerlərdə də sovet ideologiyası tərənnüm edilirdi. Amma buna baxmayaraq, məktəblinin tətil dövrünü normal keçirməsi baxımından belə yerlərin əhəmiyyəti böyükdür. Azərbaycanda da həmin illərdə bir sıra pioner düşərgələri fəaliyyət göstərirdi. Lakin müstəqillikdən sonra bu sahə sanki unuduldu. Bəlkə elə buna görədir indi orta ümumtəhsil məktəblərində dərs oxumaq əvəzinə küçələrdə alver edən, maşın yuyan, avtobuslara sərnişin haraylayan, yayın istisində şəhərin asfaltında qovrulan məktəblilərdə elmə, biliyə yönəlmiş hansısa ümumi rəy formalaşdırmaq müşkülə dönüb.

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə uşaqların istirahət hüququ üçün ayrılan 150-200 min manatla nəyisə dəyişmək qeyri-mümkündür: "Bu məbləğ 3 milyon yarım uşaqdan 1 milyonunun istirahətinə belə kifayət deyil. Yəni 3 milyon yarım uşağın istirahəti üçün 150 min manat qəpik-quruşdur. Ümumiyyətlə isə yay düşərgələrinin fəaliyyətsizliyi uşaqların istirahət hüququnun əllərindən alınmasıdır. "Azərbaycan 1992-ci ildə Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyaya qoşulub. Konvensiyanın 37-ci maddəsində göstərilir ki, dövlət uşaqların istirahətinin və asudə vaxtının təşkilini təmin etməli, bunun üçün şərait yaratmalıdır. İndi 1 dənə düşərgə var, o da Daxili İşlər Nazirliyinin balansındadır. Qiyməti də elə bahadır ki, orta əməkhaqqı 60 - 70 manat olan adam heç vaxt uşağını oraya göndərə bilməz". Yüsif Bəkirovun fikrincə, uşaqların yay istirahətinin təşkili elə də çətin məsələ deyil, sadəcə, dövlət qurumları bu işdə maraqlı olmalıdır: Aidiyyəti dövlət qurumları birgə şəbəkə yaratmaqla bu işi yoluna qoya bilərlər. Yoxsa yayın istisində şəhərin küçələrində qalan, asudə vaxtını səmərəli təşkil edə bilməyən uşaqlar bu yayı da heç bir faydalı işlə məşğul ola bilməyəcək və istirahət hüquqlarından da məhrum olacaqlar.

Rəşad Əsgərov,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı