Müasir dövrdə siyasi təşkilatların, partiyaların piar kampaniyalarının internet əsri ilə uzlaşdırılması əsas şərtlərdən biridir. Dünyanın qabaqcıl ölkələrinin praktikasında siyasi partiyaların çəkisinin ağırlığı ilə proseslərə müdaxilə etmək, ictimai rəy yaratmaq kimi halların şahidi oluruq. Bu mənada siyasi partiyaların internet erasında müasir texnologiyaların verdiyi imkanlardan yararlanması vacib şərtlərdən biridir. Siyasi partiyalar üçün cəmiyyətə, dünyaya inteqrasiya proseslərinin internet modelləri onların özü üçün də əlverişlidir. XXI əsr həyatının ayrılmaz hissəsinə çevrilən internet, internetin sürətli inkişafı nəticəsində yaranan saytlar, xəbər agentlikləri artıq ictimai rəy yaratmaq proseslərinə cəlb olunmuş təbii layihə hesab olunur. Bu baxımdan siyasi partiyalar təbliğat aparmaq üçün ənənəvi görüşlər, mitinqlər, aksiyalar keçirsə də, internetsiz nəyəsə nail olmaq çətinlik yaradır.
Bəs Azərbaycan reallığında siyasi partiyalar özlərinin rəsmi internet səhifələrini yarada bilibmi?
Modern.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.
Öncə qeyd edək ki, Azərbaycanda aparıcı partiyaların bir neçəsinin saytı fəaliyyət göstərsə də, ümumi vəziyyət ürəkaçan deyil. Ona görə ki, saytı olan partiyalarda da standart informasiyalardan savayı hər hansı yeni, təfərrüatlı məlumatlara rast gəlinmir. Hakim Yeni Azərbaycan Partiyası bu mənada digər partiyalarla müqayisədə böyük üstünlüyə malikdir. Onu da nəzərə almaq lazımdır ki, YAP dövlət başçısının fəaliyyətini, keçirdiyi görüşləri işıqlandırdığından sözügedən partiyanın saytı zəngin rəsmi siyasi xəbərlərlə əhatəlidir. (yap.org.az)Apardığımız monitorinqə görə, yenilənmə ən çox bu saytda olur.
Müsavat Partiyasının isə rəsmi saytı fəaliyyətinə bir müddət öncə start verib. Saytda informasiyalar daha çox Müsavat başqanı İsa Qəmbərin fəaliyyəti, açıqlamaları üzərində köklənib. Əslində, YAP-da olduğu kimi, burda da belə bir halın olması normaldır və təəccüblü heç bir şey yoxdur. Lakin xəbərlərin yenilənməsi məsələsində problemlər var. (musavat.org.az)
Digər müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının da saytı var. Vahid koordinasiya mərkəzi üçün ofislərinin olmaması AXCP-də təbii ki, sayt olsa da, onu idarə etmək məsələsində çətinlik yaradır.Bu da xəbər lentlərində montonluqla müşahidə edilir.(axcp.az)
Azərbaycan siyasi partiyalarının internet saytındakı xüsusi çəkisində parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyası (vhp.az), Ana Vətən Partiyası (avp.az), Demokratik İslahatlar Partiyası (demreforms.org), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (baxcp.az), Böyük Quruluş Partiyasının (bqp.az) da yeri var.
Parlamentdəki Ümid Partiyasının isə saytı uzun müddətdir yenilənib qurtara bilmir. Odur ki, partiyanın saytı hələlik işlək deyil.
Parlamentdə təmsil olunan Ədalət Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyasının isə saytı yoxdur. Hər il dövlətdən maliyyə alan bu partiyaların saytının olmaması təəccüb doğurur. Parlamentdən kənar müxalifət partiyası ADP-nin isə saytı fəaliyyət göstərir (adp-muxalifet.blogspot.com)
Azərbaycan Milli İstiqlal Partiyasının da rəsmi saytı yoxdur. Aparılan araşdırma göstərir ki, saytı olan partiyalar da qüsursuz deyil və ən böyük problem xəbərsizlik sindromudur. Ancaq öz rəhbərlərinin fəaliyyəti ilə məhdudlaşan xəbər lentlərində Azərbaycanda baş verən digər proseslərlə bağlı xəbərlər gözə çarpmır.
Ümumən isə onu demək olar ki, Azərbaycanda siyasi partiyalar özlərinin rəsmi saytlarından öz piarları üçün o qədərə də istifadə edə bilmirlər. Halbuki dünyanın qabaqcıl ölkələrində bu sahədə vəziyyət tamam fərqlidir. Hər hansı partiya ilə bağlı istənilən xəbəri o partiyanın rəsmi saytından əldə etmək olar.
Aqşin Kərimov