Modern.az

“Məşhur tələbə yoldaşım”: “Şəfiqə xanım teatrdan və kinodan küsüb getdi” – LAYİHƏ

“Məşhur tələbə yoldaşım”: “Şəfiqə xanım teatrdan və kinodan küsüb getdi” – LAYİHƏ

Ölkə

28 İyun 2014, 12:39


Tələbəlik illəri hər kəsin xatirələrində yaşayır. O xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün hətta burnunun ucu göynəyir, xatirələrdən bu günə boylanırıq, tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisası üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi, ümumiyyətlə işləmir, bəziləri ölkədən köçüb, bəziləri dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytı “Məşhur tələbə yoldaşım” layihəsini davam etdirir. Budəfəki qonağımız aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudovdur. O, tələbə yoldaşı, xalq artisti, aktrisa, Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini 1968-ci ildə bitirən Şəfiqə Məmmədova haqqında danışır:  

“Böyük sənət qəribə təsadüflərdən yaranır”  

“Şəfiqə xanım Dərbənddə doğulub, böyüyüb. Onun Bakıya gəlməsi böyük bir təsadüf nəticəsində baş tutub. O vaxt Akademik Dram Teatrı Bərdədə qastrolda olub, görüblər ki, bu gözəl xanımın teatra, kinoya çox böyük həvəsi var, azərbaycanlı qızıdır və Şəfiqə xanımı Bakıya dəvət ediblər. O xanım da böyük həvəslə arzusunda olduğu işin arxasına düşüb. Bakıya gələn Şəfiqə xanım Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya teatr aktyoru fakültəsinə qəbul olub. Çünki gözəl səsi var idi, gözəl oxuyurdu. Görürsünüz, bəzən böyük sənət qəribə təsadüflərdən yaranır. Mən Şəfiqə xanımı tələbəlik illərindən -1962-ci ildən tanıyıram. O, çox emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında “dəli dolu” bir xanım idi. İnstitutun göz qabağında olan, ən sayılan, seçilən tələbələrindən biri idi, hətta balaca diplom tamaşalarında da çox öndə idi.

O vaxt teatrın baş rejissoru yaradıcılığa, tamaşalara, aktyorlara - hamısına rəhbərlik edirdi. Tofiq Kazımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Zəfər Nemətov kimi baş rejissorlar var idi. Onlar instituta gəlib həm tələbələrə dərs keçir, həm də o kursun tamaşalarına baxırdılar. Hər il kurs tamaşaları, axırda da böyük diplom tamaşası hazırlanırdı.


O tamaşalarda istedadlı uşaqlar özlərini göstərir, teatr rejissorları da baxır, hər kəs öz teatrına uyğun olaraq həmin tələbələri dəvət edirdilər. Siz təsəvvür edin, görün Şəfiqə xanım tələbəlik illərində nə səviyyədə idi ki, Tofiq Kazımov kimi nəhəng bir şəxsiyyət onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət etmişdi. 50 il teatr, kino sənətində olan bir adam kimi bu gün də hesab edirəm ki, Şəfiqə xanımın teatrda gördüyü işlər, yaratdığı obrazlar Azərbaycan teatr məktəbi üçün çox böyük bir örnəkdir. Şəfiqə xanım Arif Babayev, operanın solisti, rəhmətlik Bəşir Həşimovla bir kursda oxuyurdu. O vaxt teatr institunda cəmi 30-40 tələbə, hər kursda isə 5-10 tələbə var idi və hamımız da bir yerdə çox mehriban işləyirdik, çox gözəl bir abı-hava var idi. Çünki bizə Azərbaycan teatr, kino, opera mədəniyyətinin nəhəng şəxsiyyətləri, Əfrasiyab Bədəlbəyli, Soltan Dadaşov kimi böyük ustadlar dərs deyirdilər. Ruslar demişkən, ancaq yatanda yerimizi ayrı salırdıq. Hamımız institutda işləyirdik, orada məşqlər olurdu, səhərdən axşama kimi bir yerdə olurduq”.  

“Saray xatun obrazını Şəfiqə xanım üçün yazmışam”  

“Şəfiqə xanımla biz bir neçə filmdə bir işləmiş, səfərlərdə olmuşuq. “Bizim Cəbiş müəllim” filmində bir yerdə işləmişik. Mən o filmdə Həsən müəllimin ( “Bizim Cəbiş müəllim” filminin rejissoru Həsən Seyidbəyli) yanında ikinci rejissor idim. Bundan başqa “Mahnı dağlarda qaldı”, “Körpüsalanlar” əsərində də eyni vaxtda çəkilmişik.

Mən “Şah İsmayıl Xətai” filmini çəkmək istəyərkən, orada bilavasitə Şəfiqə xanımın gözəl görkəminə, boyuna, buxununa, gözəl aktyor ampulasına uyğun Uzun Həsənin anası Saray xatunu (Sara xatun deyirlər) onun üçün yazmışdım. Boynuna da qoymuşdum, demişdi ki, “əgər sən çəksən, mən o filmə çəkilərəm”. Çox təəssüflər olsun ki, mənə bəlli olmayan səbəbdən “Şah İsmayıl Xətai” filmi hələ də dayandırılıb. Ünvanı bəlli olmayan, boş-boş tarixi filmlər çəkirlər. Amma Şah İsmayıl Xətai boyda şəxsiyyətə qayıdış yoxdur. Bir müddət əvvəl hörmətli Ramiz Mehdiyev Şah İsmayıl Xətai ilə bağlı bir tədqiqat əsəri işləyib. O vaxt “Şah İsmayıl Xətai” filminin çəkilişi bilavasitə ulu öndərimizin öz şəxsi arzusu idi, artıq iş də görülmüşdü, ssenari yazılmışdı, aktyorlar seçilirdi. Ulu öndərimiz dünyasını dəyişəndən sonra mənə bəlli olmayan səbəblərdən film dayandırıldı. Mən ilk dəfə olaraq Ramiz müəllimə sizin vasitənizlə üz tutub deyirəm: “Ramiz müəllim, maraqlanın, ssenarini gətirim, qısaca bir izahat verim və sizin ağsaqqalığınız, rəhbərliyinizlə bu film ərsəyə gəlsin". Çünki Ramiz müəllim bütün əhvalatlardan xəbərdardır. Əsəri də biz o vaxt ulu öndərimizə ithaf etmişdik. Bu da öz gücündə qalmaq şərtilə, Ramiz müəllim ağsaqqalığıyla, gəlin biz dövlətçilik, əxlaq, mənəviyyat, şərəfli, şanlı bir  tariximizi konkret şəxsiyyətin şəxsində çəkib ortaya qoyaq. İstəyirəm Ramiz müəllim həm dövlət xadimi, həm yaradıcı bir alim, həm də bir vətənpərvər azərbaycanlı kimi özü bu işə ağsaqqallıq etsin və mən orada müsəlləh əsgər kimi bütün işi görməyə hazıram. Ssenari yazılıb, pul xərclənib, hər şey hazırdır. Bu çox mühüm bir işdir, bunu saxlamaq olmaz. Şəfiqə xanım da mənə söz verib ki, o filmdə Saray xatunu oynayacaq”.  

“Şəfiqə xanım həm teatrdan, həm də kinodan küsüb getdi”

 

“İndi dəyərlər, yanaşmalar dəyişilib. O vaxt hamımız bir ailə kimi yaşayırdıq. Çünki biz yoldaş idik, səhərdən axşama qədər bir yerdə ancaq sənət haqqında fikirləşirdik. Ona görə də Şəfiqə xanım kimi, Amaliya Pənahova, Səfurə İbrahimova kimi gözəl xanımlara qadın kimi baxmırdıq. Bizim yanaşma tərzimiz sırf yaradıcılıq baxımından idi. İndi daha o nəsil, o səviyyədə sənət yoxdur. Çünki bu sənətin mütləq istedad zəminində əlifbası qoyulmalıdır. Leyla Bədəlbəyli, Hökumə Qurbanova, Nəcibə Məlikova, Sofa Bəsirzadə böyük istedad idilər və o istedadların özlərini göstərməsi üçün şərait var idi. Bu gün Azərbaycanın teatr, kino tarixi o insanların adı ilə bağlıdır və mən bütün səmimiyyətimlə deyirəm ki, bayaqdan adını çəkdiyim korifeylərin biri də Şəfiqə Məmmədovadır. Şəfiqə xanım istər kino, istərsə də teatr mədəniyyətimizn tarixində öyrənilməli böyük bir mərhələdir. Ürək ağrısıyla qeyd edirəm ki, o, çox vaxtsız teatrdan getdi və biz böyük teatr xadimimizi itirdik. Şəfiqə xanım onda mənə dedi: “Artıq o teatr mənim istədiyim teatr deyil”. Çünki böyük ustadlar, aktyorlar getdilər, teatr parçalandı. Hətta Leyla xanım (Leyla Bədəlbəyli), Rza Əfqanlı, Amaliya Pənahova, Hökümə Qurbanova kimi adamlar çıxıb getdilər və teatrda bir durğunluq, parçalanma dövrü yarandı. Təbii ki, Şəfiqə xanımı orada nəsə qane etmədi. Qəribədir ki, Şəfiqə xanım kinodan da küsdü. Teatrı deyə bilmərəm, amma kinodan küsməyə onun haqqı yoxdur. Çünki Şəfiqə xanımın şəxsində çox böyük kino əsərləri yaranıb. Elə “Bizim Cəbiş müəllim”, “İstintaq” kimi filmlərdə böyük obraz yaradıb. Amma Şəfiqə xanım mənim üçün heç vaxt məmur olmayıb. O, həmişə mənim üçün böyük sənətkar, gözəl xanım, gözəl yaradıcı insan olub.

“Biz insanıq...”

“Şəfiqə xanımın yeri teatrdır, kinodur. Çünki o böyük, hələm-hələm ələ düşməyən, yetişməyən bir aktrisadır. Əslində onu bir məmur kimi aparıb kabinetdə otuzdurmaq Azərbaycan kino tarixinə, mədəniyyətinə xəyanətdir. Mən Kütləvi İnformasoya Vasitələrinə də səslənirəm, Şəfiqə xanım həm kino, həm teatr baxımından tədris olunası, öyrəniləsi çox nəhəng bir sənətkardır. Şəfiqə kimi sənətkarlar az-az yetişirlər, onu itirmək günahdır. Şəfiqə xanımda küskünlük var. Biz insanıq, istəyir sənətkar olaq, istəyir adi bir vətənadaş...İnsan öz haqqını almayanda, istər-istəməz bir az incik düşür. Sənət adamları isə belə şeylərə daha həssasdırlar. Ümumiyyətlə, sənət adamları istəyirlər ki, həmişə göz qabağında olsunlar, onları sevsinlər, onlara məxsusi diqqət yetirsinlər. Bunu almayanda, çox təəssüflər olsun ki, gəlib belə bir nəticə ortaya çıxır. Ancaq Şəfiqə xanım hardasa qiymətini alıb. O bir daha yaxşı-yaxşı düşünsün və Azərbaycan teatrına, kinosuna xidmətini bərpa etsin”.    

“Aramızda soyuqluq yarandı” 

“Son vaxtlar bu ittifaqların parçalanması ilə Şəfiqə xanımla aramızda bir az soyuqluq yarandı. Mən daha ağsaqqalam, bir mövqeli adamam. Bəzi adamlar bunu düz başa düşmürlər, bəziləri çox dəyərləndirirlər. Sonradan başa düşdülər ki, elə yaxşı kişi mənim kimi olar, adamın mövqeyi olar. Mən rəhmətlik Həsən Seyidbəylinin kadrıyam, SSRİ Kinematoqrafçılar İttifaqına da Həsən Seyidbəylinin vaxtında, onun şəxsi imzasıyla qəbul olunmuşam və o kişi müəllimim, diplom rəhbərim olub, filmlərində oynamışam və çox böyük dostluğumuz olub. O ittifaqın Adil İsgəndərov, Lətif Səfərov, Həbib İsmayılov, Əlisəttar Seyidzadələr kimi böyük üzvləri vardı, mən bu gün də həmin ittifaqın üzvü olaraq qalmışam. O məsələlərə görə aramızda bir az narazılıq olub, amma bir tələbə yoldaşı, bir dost kimi Şəfiqə xanıma olan böyük hörmətim, onun sənətinə, şəxsiyyətinə verdiyim böyük dəyər dəyişməzdir. Bunu heç bir siyasi motivlə, parçalanma ilə dəyişmək mümkün deyil. Şəfiqə xanıma olan böyük hörmətim əbədi və əzəlidir. Biz uzun illərdir həmişə rastlaşanda görüşürük, öpüşürük, o hər şeyi çox gözəl başa düşür”.  

Misranə Həsənzadə

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı