
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun Odlar Yurdu Universitetində təhsil alan qızı Adolat Aznaurovanın dövlət imtahanına buraxılmaması ölkə KİV-ləri və sosial şəbəkələrdə ciddi müzakirələr yol açmışdı. Milli Qəhrəman qızının təhsilhaqqını (2000 AZN) ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ölkə ictimaiyyəti tərəfindən də birmənalı qarşalanmayıb.
Modern.az saytı iyulun 2-də məsələnin həllinə vasitəçilik edib və problem aradan qalxıb. Belə ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın rəhbəri Elşad Eyvazlı təşəbbüslə çıxış edərək, Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevdən Milli Qəhrəman qızının probleminin həllinə yardım göstərməyi xahiş edib. Rektor Əhməd Vəliyev isə təşəbbüsü dəstəkləyərək, Adolat Aznaurovanı və Elşad Eyvazlını universitetə dəvət edib.
İyulun 2-də Adolat Aznaurova və Elşad Eyvazlı rektor Əhməd Vəliyev tərəfindən qəbul edilib. Görüşdə problem bir daha müzakirə olunub. Əhməd Vəliyev məsələnin belə böyüməsinin anlaşılmazlıq olduğunu bildirib və deyib ki, Milli Qəhrəman övladlarına kömək etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
“Biz də Odlar Yurdu universiteti olaraq hər zaman bu məsələni diqqətdə saxlamışıq. Ancaq Adolat Aznaurovanın bizim universitetə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən gəlib. Ona görə də biz onun barəsində geniş məlumata malik olmamışıq. Təbii ki, bu barədə əvvəlcədən bilgimiz olsaydı, ona kömək edərdik. Bir daha qeyd edirəm ki, Milli Qəhrəman övladlarına kömək etmək bizim borcumuzdur”.