Modern.az

Tanınmışların övladları və nəvələri harda oxuyur? - ““Çağ öyrətim”in liseyləri bağlanandan naəlac qalmışıq” - CAVABLAR

Tanınmışların övladları və nəvələri harda oxuyur? - ““Çağ öyrətim”in liseyləri bağlanandan naəlac qalmışıq” - CAVABLAR

Ölkə

3 İyul 2014, 16:31


“Çağ öyrətim”in liseylərinin bağlanması və bir çox tanınmışların buna etirazı medianın aparıcı mövzularındadır. Elə buna nəzərən Modern.az saytı bir neçə tanınmış şəxsə “Övladınız hansı orta məktəbdə təhsil alır” sualı ilə müraciət edib.

Zahid Oruc: “İki övladım var. Onlardan biri 17 yaşındadır, “Dəyanət” Liseyinin məzunudur, xaricdə təhsilini davam etdirir. O biri övladım 7-ci sinif şagirdidir, özəl məktəblərdən birində təhsil alır. Lakin həmin məktəb adı nurçulaqla bağlı hallanan “Çağ öyrətim”in liseyi deyil. 70 min nəfərə yaxın kifayət qədər elmi, istedadı olan gənclik özünü cəmiyyətdən çıxdaş edilmiş, özlərini potensial “gülənçi”, “nurçu” adlarıyla çağrılan, gələcək karyeralarında çətinliklərlə üzləşən və Azərbaycan orqanizmində yad cisim kimi hesab etməməlidirlər. Mənim övladımın həmin məktəbdə oxumaması belə bir vəziyyət yaratmır ki, mən buna sevinəm. Bu, təhsil sistemi qarşısında duran əsas problemdir. Biz onu həll etməliyik ki, ailələr və onların övladları bu prosesdən əziyyət çəkməsinlər”.

Afaq Bəşirqızı: “İki nəvəm var. Onlardan biri 4-cü sinfə, digəri isə 6-cı sinfə gedəcək. Hər ikisi 2 saylı orta məktəbdə oxuyur”.

İqbal Ağazadə: “Övladım “Çağ öyrətim”in liseyində təhsil alırdı. İndi isə bilmirəm, hələ qərar verməmişəm. Harada yerləşdirilməsinə özüm qərar verəcəyəm, dövlətin yerləşdirməsini gözləməyəcəm”.

Rauf Arifoğlu: “Övladım “Çağ öyrətim”in liseyində 8-ci sinifdə oxuyurdu. Məktəblər bağlanandan sonra nə edəcəyik bilmirəm, qalmışıq belə...”.

Sərdar Cəlaloğlu: “Nəvəm bu il birinci sinfə gedəcək. Evimizin ətrafında bir neçə məktəb var, hələ qərar verməmişik. Nənəsi 1 saylı orta məktəbdə çalışır. Ya həmin məktəbə gedəcək, ya da 23 saylı məktəbə”.

Sənubər İsgəndərli: “Nəvəm orta məktəbdə oxuyur. 2-ci sinfə keçib. “Elitar” gimnaziyada təhsil alır”.  

Qulu Məhərrəmli: “Orta məktəbdə oxuyan bir nəvəm var. Özəl məktəblərdən birindədir, amma bu “Çağ öyrətim”in liseyi deyil. Nərimanov rayonunda “Modern” liseyi. 3-cü sinfi bitib, 4-cü sinfə keçib”.

Hadi Rəcəbli: “8 nəvəmdən 5-i orta məktəbdə oxuyur. Bir nəvəm bu il 1-ci sinfə gedəcək. Digərləri isə 5-ci, 6-cı, 7-ci, 8-ci və 11-ci sinfə gedir. Hamısı da Prezidentin təhsil aldığı 6 nömrəli orta məktəbdə oxuyur”. 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı