Modern.az

Namaz otağından ibadət tabusuna

Namaz otağından ibadət tabusuna

Ölkə

7 İyul 2014, 13:48

Bu gün hərbi xidmətdə namaz və orucun qadağası xəbərləri 1996-cı ildə Bakının mərkəzindəki hərbi hissələrdən birində gördüyüm “namaz otağı”nı imitasiya kimi təqdim edəcək və təhrifləyəcək qədər etibarlı fakt çəkisini daşıya bilməz. İbadət,  dəstəmaz üçün komponentlər nə dərəcədə yerindəydi, andiçmədən sonra (qardaşımın) hərbi hissənin şəraiti ilə tanışlıq prosedurunda  detallara getmək ağla gəlmirdi, amma göz gördüyünü çağırar- kiçik bir otaq, yerə salınmış çox nimdaş xalça, qapının üzərində ünvan: Namaz otağı. Allahı inkar təliminin tədris müstəvisində alt-üst olduğu təxminən beş  ilin içərisində cəmiyyətdə  islam ənənələrinə  tərəddüdsüz  açılan qapılar...  Demək çətindir ki, dini rituallara hörmət bütün hərbi hissələrdə var idi, təlimat hər yerdə namaz otaqlarını tələb edirdi, yoxsa yox.  Çünki dinə  yanaşmada cəmiyyətdə  hələ  vahid bir mövqe hiss olunmurdu,  ola bilsin ki, heç bir təlimatsız-filansız-dinə bu şəkildə hörmət nümunəsi, sadəcə ayrı-ayrı hərbi hissə rəhbərinin dini dünyagörüşü ilə bağlı idi.  Məsələn, bu gün mətbuat çevrələrində yeri olan qəzet redaktorlarından biri 2000-ci ildə redaksiyasında namaz qılma “mərasimi”ndən qeyzlənib, əməkdaşının ibadətini hər kəsin gözü önündə yarımçıq pozurdusa, sözünün çəkisi olan başqa bir baş redaktor üçün müxbirinin redaksiyanın içində ayağını soyunaraq yerə oturub, Allaha dua eləməsi nə islam fundamentalizmi qorxusu,  nə də ümumiyyətlə, “çirkin bir tablo” mənasında onda diskomfort yaradırdı. Əksinə, birinci tip redaktorla müqayisədə ikinci tip redaktor dini əqidəsini tapmış jurnalisti ilə öyünürdü. Media sferasında hal-hazırda durum əskisi qədər ziddiyyətli deyil, hərbi hissələrdə isə nə namaz otaqlarından əsər-əlamət qalıb, nə də uzun zaman içərisində dini qibləsinə sığınan gənclərə  imtiyaz tanınır. Çünki Müdafiə Nazirliyi faktı təkzib etmir.    

Qanuna görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir-açıqlaması  qadağanın səbəbinə verilən yarımçıq və bir qədər kontekstdən kənar izahatdır. Çünki, bəli,  dini ibadətə meylliliklə hərbi xidmətdən heç kəs boyun qaçıra bilməz.  
Söhbət bundan getmir. Söhbət  hərbi vəzifələrin niyə  dini təlabatı ödəməyə mane olmasından gedəndə,  rəsmi mövqelər bu tabunun səbəblərini primitiv yox, cəmiyyəti qıcıqlandıran izahlar formasında yox, toplumun dərk etməli olduğu ciddi dəlillərə aparıb çıxarmalıdır. Konstitusiyada vətəndaşın vicdan azadlığına malik olması, dinə münasibətinə sərbəst qərar verməsi, dini mənafeyini müstəqil şəkildə yerinə yetirmək hüququna malik olması reallıqda nə üçün paradokslarla müşayiət olunur, buna cavab açıq və mənbəyini qanunlardan alan  məzmunda  deyil. Lakin şübhə yoxdur ki, həm namaz, həm oruc qadağası bu günün reallıqlarından irəli gələn çox ciddi faktorlara söykənir.     

Başa düşmək olar ki, nümunə verdiyimiz 1996-cı ildə din bir qorxu sindromuna çevrilməmişdi, əksinə islam oriyentasiyamızı qucaqlamaq hicrandan sonrakı vüsalın şirinliyi ilə aramızda qopmasını istəmədiyimiz  tellər hörmüşdü. Bayraqdakı türklük simvolu göy rəng necə qurur verirdisə, islamı izah edən yaşıl rəng uzun, xoş bir  həyacan yaradırdı. İllər keçdikcə məscidlərin sayı artır, islam haqqında coxlu kitablar nəşr olunub  satılırdı. Hərbi hissədə gördüyüm namaz otağı məscid qədər izdiham selini qoynuna alan ibadətxana səviyyəsinə çatmırdı, ölkənin məhdud dindar təbəqəsindən bəlkə hər hərbi hissəyə üç-beş  gənc  həmin  düşərdi. Bəlkə də məsələ bir qədər də buna görə qəlizləşmirdi. İllər sonra islam ölkələrinə terror kəfəni hazırlayanlar ibadətdə problemlər yaradacaq, islamı ritualları qəlizləşdirəcək, müsəlman dünyasını  utanc cinayətlərə sövq edəcək, bununla da kütləvi yerlərdə namaz otaqları ilə ətrafa səpələnən hidayət nuru qeybə çəkiləcək.              

İslam faktorundan böyük ölçüdə bir “qılınc” hazırlayıb, müsəlmanın əlində müsəlman ölkələrinə qorxulu Səlib yürüşü təşkil edən ən güclü əllərin sayəsində əvvəlki  xoş islam həyəcanı elə bir səksəkə həyacanına çevrilib ki, hansısa oruc tutanın, namaz qılanın, başıbağlının ağlımızı, mənəviyyatımızı radikal vəhabi, zəhminə basıldığımız İŞİD-çı ismi altında  istila edib-etməyəcəyinə öncədən diaqnoz qoyan dəqiq, aydın araşdırma sistemimiz   son  dərəcə zəifdir. Yalandırsa, ayda iki dəfə əməliyyat-axtarış tədbirləri hər küçənin tinində müəmmalı bir  dini-məşvərət ocağını yaxalamaz, məqsədyonlü dini ədəbiyyatı müsadirə etməz, ümumiyyətlə, soydaşlarımızın səsi Suriyadan gəlməz, vəhabilərin saqqallı üzü, başqa radikal dini qrupların təmsilçiləri  addımbaşı qabağımıza çıxmazdı.    

Belə bir müəmmanın, kimin kim olduğunu göstərən “cihaz”ın kəşf edilmədiyi, ağlın analiz  etməyə zorluq çəkdiyi mübhəm təriqətçiliyin namaz, oruc görüntüsü ilə  ordunun içərisinə sirayət etmə ehtimalı  ölkənin faciəsi demək olmasaydı, kimə lazım, kim təpiyini döyüb, hərbi tapşırığını yerinə yetirdikdən sonra öz vaxtına düşən, yaxud, gec  qaldığı namazın qəzasını qılmağa başlayacaq?! Yaxud, atəşkəs sazişi üzərində atəş səsli müharibə çox lokonik şəkildə davam edirsə, müvəqqəti sülh dövrünün yerinə yenidən hərb şəraitinə keçmə ehtimalı  artırsa, hərbi hissə gərgin bir ərazinin təhlükəsizlik məsələsinə cavabdehdirsə, belə bir vəziyyətdə orucun mümkünlüyünü heç Quran məntiqində də axtarıb tapmaq olmaz. 

Əsgərin rentgen kağızı, qan analizi əsasında  bioloji, anatomik sağlamlığına verilən arayışı hazırlamaq   onun mənəvi sağlamlığını, beyin hüceyrələrinin alt qatlarında hansı ideoloji toxumlar gizləndiyini təftişləməkdən çox-çox asandır. Ölkənin hərbi strateqləri dünyada gedən oyunlardan ordu sistemini namaz, oruc qadağası ilə mühafizə edirsə, çox ehtimal ki, buna  görə edir. Kim bilir, radikal islam azyaşlı əsgərlər arasında nə köklər atıb, necə acı bəhrələr verə bilər. Əgər o dindar gənc əsgər təmiz dindardırsa, kəsilmiş insan başı ilə top oynayan ifrat sadistlərin əqidəsinin daşıyıcılarından deyilsə, tərxisdən sonra  bir il altı aylıq namazın qəzalarını nə onun əlindən alan var, nə də  oruc ibadətinə qarışan.

Bu günkü dünyanın şərtləri altında hərbi xidmət  kimi çətin və məsuliyyətli  bir rejimdə dilin səssizliyi ilə ürəyin döyüntüsündə  qovuşan dua  da Allaha  yetər. Elə quluna da...  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı