
“Gürcüstan dövlətinə və gürcü xalqına Şevardnadzenin ölümü ilə əlaqədar başsağlığı verirəm. Amma Şevardnadzenin dəfnində iştirak edə bilməyəcəm”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.
Həmçinin, eks-prezident Ayaz Mütəllibov Şevardnadze ilə bağlı təəssüratlarını da bölüşüb.
“Şevardnadze vətənpərvər insan olub, vətənini hər zaman sevib. Baxmayaraq ki, Eduard Şverdnadze ilə sıx əlaqəm olmayıb. Yaşca məndən böyük olsa da, dövlət başçısı kimi onu tanıyırdım, salamımız var idi. Onun karyerası sovet sistemində zirvəyə qalxmışdı. Sonralar SSRİ-də Qorbaçov hakimiyyətə gələndən sonra prezident müşavirəsinin üzvü olaraq müəyyən təmaslarımız oldu. Onu deyə bilərəm ki, Eduard Şverdnadzeni istedadlı, görkəmli, nəhəng siyasətçi kimi tanıyıram. Şübhəsiz ki, tərifəlayiq insan idi. Gürcü xalqının nüfuzunu qaldıran şəxs olub. Ümumiyyətlə, Şverdnadze Gürcüstanda işlədiyi zamanlarda yeniliklərə çox böyük diqqət yetirirdi. Sovet sosializm quruculuğunda güclü dəyişikliklərə meyl edən cumhuriyyət başçısı kimi hamı onu tanıyırdı. Bu da onun nəticəsi idi ki, bütün yenilikləri Şevardnadze özü axtarırdı. Təbii ki, ona da birmənalı münasibət bəslənilmirdi. SSRİ-nin dağılması ilə əlaqədar ölkədə onu ittiham edənlər də vardı. Düşünürəm ki, qərəzli mövqeyi kənara qoymaq lazımdır. Şevardnadze şəxsiyyət kimi necə deyərlər, ləl-cəvahirat kimi insan olub”.
Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadze dünən dünyasını dəyişib.
Namidə BİNGÖL