Azərbaycanda qadın və kişilər arasında savadlılıq səviyyəsində demək olar fərq yoxdur. Belə ki, qadınlarda savadlılıq səviyyəsi 99,8 faiz, kişilərdə isə 99,7 faiz təşkil edir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin 10-cu istiqaməti olan “Bərabərsizliyin azaldılması” ölkələr daxilində və ölkələr arasında sosial, iqtisadi və siyasi bərabərsizliyin azaldılmasını hədəfləyir.
Rizvan Nəbiyev bildirib ki, 2024-cü illə müqayisədə qadın hakimlərin sayı 164 nəfərdən 194 nəfərə çatıb ki, bu da 18,3 faiz artım deməkdir.
Deputat əlavə edib ki, Azərbaycan məhkəmə sistemində hakim korpusunun ümumi sayının 28,7 faizini, məhkəmə aparatları işçilərinin isə 54,5 faizini qadınlar təşkil edir.
O vurğulayıb ki, 2024-cü illə müqayisədə məhkəmə aparatlarında çalışan qadınların sayı da 1 faiz artıb.