Modern.az

Qızlar 9-cu sinifdən məktəbdən ayrılıb ərə verilir - Azay Quliyev

Qızlar 9-cu sinifdən məktəbdən ayrılıb ərə verilir - Azay Quliyev

Ölkə

Bu gün, 12:45

Qohum nikahları ilə bağlı statistika ciddi narahatlıq doğurur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Azay Quliyev deyib.

Deputat bildirib ki, yaxın qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların statistikası narahatedici olaraq qalır.

Onun sözlərinə görə, 2020-ci ildə belə nikahların sayı 395, 2021-ci ildə 2200, 2022-ci ildə 2542, 2023-cü ildə 1950, 2024-cü ildə 2058, 2025-ci ildə isə 1412 olub.

Azay Quliyev qeyd edib ki, 2024-cü ilin iyun ayında qəbul edilmiş və 2025-ci ildən qüvvəyə minmiş qohum nikahlarını qadağan edən qanun problemin tam həllinə hələ də yetərli təsir göstərə bilməyib:

“Bəzi vətəndaşlar qanunun tələblərinə baxmayaraq yenə də qohumlar arasında nikaha üstünlük verirlər”.

Deputat bildirib ki, 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı da ciddi narahatlıq doğurur.

O qeyd edib ki, 2024-cü ildə bu göstərici 1279, 2025-ci ildə isə 877 olub.

Azay Quliyevin sözlərinə görə, hər iki problemin əsas səbəblərindən biri bəzi valideynlərin qız uşaqlarını təhsildən yayındırmaq istəyi ilə bağlıdır.

Deputat bildirib ki, 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrində təhsil alan qızların sayı 786 min 957, oğlanların sayı isə 892 min 774 nəfər olub.

“Göründüyü kimi, təhsil alanlar arasında fərq 105 min 817 nəfər, yəni 6,5 faiz təşkil edir”.

Komitə sədri qeyd edib ki, ən ciddi azalma əsasən 9-cu sinifdən 10-cu sinfə keçid mərhələsində baş verir:

“Bu isə onu göstərir ki, bir çox qızlar 9-cu sinifdən sonra təhsilini davam etdirmir, onların müəyyən hissəsi erkən nikaha cəlb olunur”.

Azay Quliyev əlavə edib ki, bəzi valideynlər hələ də köhnə düşüncə tərzindən uzaqlaşa bilmirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı