Modern.az

Onkoloji və reabilitasiya xidmətləri sığortaya daxil ediləcək

Onkoloji və reabilitasiya xidmətləri sığortaya daxil ediləcək

Ölkə

Bu gün, 15:55

Azərbaycanda İcbari Tibbi Sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müzakirələr davam edir. Xüsusilə xroniki xəstəliklər, reabilitasiya və psixi sağlamlıq xidmətlərinin paketə daxil edilməsi vətəndaşların ən çox gözlədiyi istiqamətlər sırasında göstərilir. Mütəxəssislər hesab edir ki, gələcək mərhələdə səhiyyə xidmətlərinin daha geniş əhatə olunması həm əlçatanlığı artıracaq, həm də əhalinin maliyyə yükünü azaldacaq.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, İcbari Tibbi Sığorta sistemi son illərin ən mühüm səhiyyə islahatlarından biridir.

Onun sözlərinə görə, sistem artıq minlərlə vətəndaşın əvvəllər əlçatmaz hesab etdiyi tibbi xidmətlərdən istifadə etməsinə imkan yaradıb:

“İcbari Tibbi Sığorta sisteminin inkişafı dinamik prosesdir və onun əhatə dairəsinin genişləndirilməsi daim gündəmdə olmalıdır”.

Deputat qeyd edib ki, gələcək mərhələdə xüsusilə bir sıra vacib tibbi istiqamətlər üzrə xidmətlərin genişləndirilməsi nəzərdən keçirilə bilər:

“Ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, şəkərli diabet və metabolik sindrom, nevroloji və reabilitasiya xidmətləri üzrə daha geniş əhatə imkanları mümkündür”.

1523561

Rəşad Mahmudov vurğulayıb ki, insult sonrası bərpa və uzunmüddətli reabilitasiya xidmətlərinə ehtiyac xüsusilə artır:

“Uzunmüddətli reabilitasiya, insult sonrası bərpa, kardioloji reabilitasiya və xroniki xəstəliklərin idarə olunması kimi xidmətlərin mərhələli şəkildə paketə daxil edilməsi vətəndaşların gündəlik ehtiyaclarına daha ciddi cavab verə bilər”.

Sədr müavini psixi sağlamlıq və profilaktik tibbin də prioritet istiqamətlərdən biri olduğunu bildirib:

“Psixi sağlamlıq xidmətləri, erkən diaqnostika proqramları, profilaktik skrininqlər və birinci dərəcəli səhiyyə xidmətlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Deputat əlavə edib ki, dərman təminatı və ambulator müalicə mexanizmlərinin inkişafı da vacib istiqamətlərdəndir:

“Vətəndaş üçün ən böyük maliyyə yükü bəzən əməliyyat deyil, illərlə davam edən müalicə xərcləri olur”.

Rəşad Mahmudov hesab edir ki, xidmətlərin paketə daxil edilməsi mərhələli və iqtisadi dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməlidir:

“Hər bir xidmətin tibbi effektivliyi, maliyyə dayanıqlığı və xəstəlik yükünə təsiri nəzərə alınmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV