Anamın xatirələrində hər gün bu şəhərə qiyabi də olsa səyahət edirəm. Artıq hər küçəsinə, hər bucağına, hansı müəssisənin harda, hansı istiqamətdə yerləşməsinə bələdəm. Evimizdə elə bir gün olmur ki, Ağdamdan bəhs olunmasın.. Nisgilli xatirələr səmimiyyətimə şübhə etmirsinizsə, inanın ki, məni də düşündürür. Qarabağın əvəzolunmaz güşələrindən biri olan Ağdam!
Bu gün bu şəhərin işğalından 21 il ötür. O zaman şəhərdə çox az adam qalmışdı. Məcburiyyət qarşısında yurd-yuvasından didərgin düşən ailələr arasında bizim də ailəmiz vardı. Döyüşlərin şiddətləndiyi bir vaxtda, mən hələ dünyaya gəlməmişdən öncə qəlblərində vətən dərdi ilə qonşu Ağcabədi rayonuna köç etmişlər. Müvəqqəti, keçici dövr kimi təlqin olunan işğalda dünyaya gələn gənclərin yaşı artıq 20-ni keçib, hələ də Ağdam və Ağdamın timsalında digər bölgələrdən didərgin düşmüş insanların qəlbindəki çalın-çarpaz dağ ağrı dolu mövcudluğunu saxlayır. Artıq onların bir çoxu Ağdam deyə-deyə dünyasını dəyişib.
Ticarət və sənaye şəhəri olan Ağdam Qarabağın gözü sayılırdı. Ərazisinə görə böyüklüyü ilə seçilən Ağdamda saysız-hesabsız zavod, fabrik fəaliyyət göstərirdi. Ət kombinatı, Konserv zavodu, Şərab zavodu, Barama toxumu zavodu, Xalça fabriki, Mexanikləşdirilmiş çörək zavodu, Avtomaşınlara texniki xidmət stansiyası, Məişət xidməti kombinatı, Elektrik şəbəkəsi müəssisəsi, Ağdam Dəzgahqayırma Zavodu və digər bu kimi sənaye obyektlərində on minlərlə insan çalışırdı. Sosializm dövrü Ağdamının yüksək rifahında bu müəssissələrin fəaliyyətinin böyük payı vardı. Öz unikallığı ilə seçilən hazırda işğalçı ölkə tərəfində yerlə yeksan edilən Çörək muzeyi Ağdamı spesifik mədəniyyəti ilə bütün dünyaya tanıtdırırdı.

Şəhər o dövr üçün sözün əsl mənasında meqapolis hesab olunurdu. Ağdam ərazisində nə az, nə çox 8 xəstəxana, 3 kitabxana, dram teatrı, kinoteatr, Ölkəşünaslıq muzeyi, Qarabağ xanı Pənahəli xanın imarəti və Xanoğlu türbəsi kimi tarixi abidələr yerləşirdi. Bunların adını sadalamağın ağdamlılar üçün nostlajidən başqa hər hansı mənası da yoxdu. Onsuz da onların hər birinin xatirində Ağdam bütün tin-bucağına kimi qərar tutub. Müasir dövrdə Ağdamı daha çox Azərbaycan milli mədəniyyətinə verdiyi töhfələrlə- muğam ustaları ilə xarakterizə edirlər. Ancaq Ağdam Azərbaycan elminə, ictimai siyasi aləminə, milli qəhrəmanlıq tarixinə yüzlərlə böyük töhfələr vermiş diyardır. Onlardan Ziyəddin Göyüşov, Adilə Namazova, Xudu Məmmədov, Asif Məmmədov, Surxay Qurbanov, Habil Qurbanov, Famil Mehdi, Əli İldırımoğlu, Gəray Vəlibəyov, Allahverdi Bağırov, Asif Məhərrəmov, Yelmar Edilov, Nadir Əliyev kimi şəxslərin adını çəkmək kifayətdir ki, Ağdam bir daha göz önündə bütün əzəməti ilə canlansın. Ancaq qəti fikirdəyəm ki, bu şəxslərin hər biri - istər dünyasını dəyişənlər, istərsə də hazırda yaşayanlar, özünü məhz ağdamlı olduğu üçün əzəmətli hesab edərdi. Bəzən belə söhbətlər gəzir ki, guya hər hansı məcburi köçkünü təzədən vətəninə qaytarsan, onlar, ələlxüsus, müəyyən rifaha nail olmuş şəxslər bundan boyun qaçırar. Amma əsla belə deyil, kökündən yanlışdır. Onlarla rifahı yüksək səviyyədə təmin olunmuş ağdamlı tanıyıram ki, vətəninin bir qarış torpağını heç bir dəb-dəbəyə dəyişməzlər. Səmimiyyətinə zərrə qədər şübhə etmədiyim insanlardır onlar.
Ağdamın müasir dövrdə yeganə təsəllisi isə klubun adını Avropa arenasında təmsil edən "Qarabağ" futbol klubudur. Öz oyunu ilə Azərbaycan adına müəyyən uğurlar qazanan klub hazırda Avropanın ən nüfuzlu klub turnirində inamla mübarizə aparır. Təxminən iki il əvvəl şəhərin hazırkı mərkəzi statusunu daşıyan Quzanlı qəsəbəsindəki stadionda klubun oyununu izləməyə getmişdim. Oradakı canfəşanlığı, birbaşa meydançaya yansıyan müsbət auranı, çılğın dəstəyi gördükdə bir daha əmin oldum ki, Ağdam hələ də yaşayır... Qəlblərdə olsa da...
P.S. Ağdam haqqında keçmiş zamanda söhbət açdığım üçün bütün ağdamlılardan üzr istəyirəm. Bilirəm ki, məni az da olsa qınadılar.
P.P.S. Anamın timsalında bütün ağdamlıların dualarının tezliklə qəbul olunmasını arzu edirəm... Tükənən, artıq xəyala çevrilən arzularınızın həyata keçməsi ümidi ilə, əzizlərim...