
“Bizə dedilər ki, artıq Həsəni Xankəndində dəfn ediblər. Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrilə görüşdə biz buna etirazımızı bildirdik. Onlar da öz növbəsində dedilər ki, Həsənin meyitinin geri qaytarılması üçün danışıqlar davam etdirilir”.
Bu sözləri Modern.az saytına erməni cəlladları tərəfindən işğal altındakı Kəlbəcər rayonunda girov götürülərək öldürülən cəbrayıllı Həsən Həsənovun qardaşı Nail Həsənov deyib.
Xəbərdən sonra atası Fərman kişinin vəziyyətinə gəlincə, Nail Həsənov bunları söyləyib: “Atadır da necə olsun. Övladını itirən ata... Əvvəlki günlərə nisbətən bir az sakitləşib”.
Həsənin ermənilər tərəfindən dəfn edildiyini Modern.az-a açıqlamasında
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da təsdiqləyib:Ermənilər Həsən Həsənovun meyitini verməkdən imtina edərəkən bunu bəhanə olaraq belə əsaslandırıblar ki, “bizim morqun texniki imkanları meyiti saxlamağa imkan vermir”. Soydaşımızın cəsədi iyulun 26-da BQXK nümayəndələrinin iştirakı ilə Dağlıq Qarabağda dəfn edilib.
Bütün bunlar isə Həsənin işgəncə verilərək öldürüldüyünü sübut edir və belə düşünməyə əsas verir ki, onlar meyitin üzərindəki zorakılıq izləri itsin deyə, onu torpağa tapşırıblar.
Gülşən RAUFQIZI