
Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini və Alanya Qəzetçilər Cəmiyyətinin rəhbəri Mehmet Əli Dim Azərbaycanda 8 hərbçinin şəhid olması ilə bağlı təmsil etdiyi qurumlar adından Azərbaycana başsağlığı verib.
Modern.az saytının xəbərinə görə, Mehmet Əli Dimin Azərbaycan Parlament Jurnalistləri Birliyinə ünvanladığı başsağlığı məktubunda Türkiyəli jurnalistlərin Azərbaycanın dərdinə şərik olduğu vurğulanıb:
“Bu xainlik Türk xalqlarına qarşı tarix boyu sürən erməni vəhşiliyinin yeni bir həlqəsidir. “Bir millət, iki dövlət” olduğumuz qardaş ölkə Azərbaycanın kədərini dərindən hiss edirik. Tarix boyu müxtəlif coğrafiyalarda adları qətliamlar törətməkdə hallanan ermənilər növbəti alçaq hərəkətlə iç üzlərini bir daha ortaya qoydular.
Ermənilərin Qarabağdakı işğalı, qana susamış şəkildə gənc, yaşlı, qadın, uşaq demədən törətdikləri Xocalı qətliamını unutmamaşıq. Beynəlxalq ictimaiyyətin bu soyqırımına və Azərbaycanın torpaqlarının işğal altında olmasına biganə qalmasını şiddətlə qınayırıq. Türkün bir ölüb min dirildiyini xatırladaraq, ermənilərin Türkiyədə olduğu kimi, Azərbaycanda da kirli əməllərinə əsla nail ola bilməyəcəklərini vurğulamaq istəyirik. Ürəyimizin Azərbaycanda olduğunu bildirərək, şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, uca Azərbaycan millətinə və həmkarlarımıza başsağlığı diləyirik”.

Modern.az