Modern.az

Cəbhədəki hərbçilərimiz şad xəbər - DÖYÜŞ ƏMRİ GÖZLƏYİRLƏR - FOTOLAR

Cəbhədəki hərbçilərimiz şad xəbər - DÖYÜŞ ƏMRİ GÖZLƏYİRLƏR - FOTOLAR

Ölkə

8 Avqust 2014, 08:27


Müdafiə Nazirliyinin xəttilə bir qrup jurnalist, QHT nümayəndələri və keçmiş döyüşçülər avqustun 7-də cəbhə bölgəsinin Füzuli rayonu istiqamətinə səfər ediblər. Cəbhə bölgəsinə gedən KİV nümayəndələri arasında Moden.az saytının əməkdaşı da olub.

“Ordunun Dostları Klubu”nun təşkilatçılığı ilə baş tutan səfərdə ön cəbhədə olan hərçilərlə görüş keçirilib.

Görüşdə “Ordunun Dostları Klubu”nun rəhbəri Emin Həsənli hərbiçər qarşısında çıxış edərək Silahlı Qüvvələrimizin torpaqlarımızı Ermənistanın işğalından azad etmək ruhunun çox yüksək olduğunu vurğulayıb: “Hərbçilərimizin döyüş əzmi bizim qələbəmizi təmin edəcək. Əminik ki, bu, çox yaxın zamanlarda baş verəcək. Ali Baş Komandanımızın Qarabağ bölgəsinə son səfəri bizdə buna tam əminlik yaradıb. Bizim hərbçilərlə görüşə gəlməyimiz Azərbaycan cəmiyyətinin Ordu həmrəy olduğu göstərir. Hər zaman sizin yanınızadyıq”.

Azərbaycan Vətən Müharibəsi Veterenları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev keçmiş döyüşçülərin hər zaman torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizəyə hazır olduğunu vurğulayaraq qeyd edib ki, bu müqəddəs savaşda onlar hər zaman onlar hər şeyə hazırdırlar.

“N” saylı korpusun zabiti Elçin Kərimov əmin edib ki, onlar erməni işğalçılarını istənilən an torpaqlarımızdan təmizləməyə qadirdilər: “Ali Baş Komandanımızın əmrini gözləyirik. Bu gün bizim ordu ən yeni silahlarla təchiz olunub. Ordumuzda vətənpərvərlik ruhu o qədər yüksəkdir ki, bu, birmənalı şəkildə işğalçılara dərs verməyə yetərlidir”.

Görüşə qatılan hərbçilər qeyd ediblər ki, son zamanlar Ermənistan tərəfi cəbhə bölgəsində olan mülki əhalini geri köçürür. Hətta artıq düşmən postlarında çağırış yaşında olan əsgərlərə belə rast gəlmək mümkün deyil. Onlar fürsət düşən kimi qaçırlar. Açıq hiss olunur ki, düşmən tərəf təlaş içindədir.

Cəbhədə ermənilərin atəşkəsi pozması hərbçilərimizi nəinki qorxudur, hətta onlar bundan sevinirlər. Onlar həsrətlə döyüş əmrini gözləyirlər.

“N” saylı korpusun komandanlığı bildirib ki, hərbçilər müharibənin başlamasını şad bir xəbər kimi gözləyirlər.

Hərbçilər yerli əhalidən də razılıqlarını gizlətməyiblər. Qeyd ediblər ki, onlar bir nəfər kimi hərbçilərin yanındadırlar. “Yerli əhali hər gün bizə müraciət edir ki, onlara silah verilsin. Biz onlara təşəkkür edirik, ancaq hərbçilərimiz torpaqlarımızı işğaldan azad etmək gücündədir”.


Bakıdan cəbhə bölgəsinə yollanmış nümayəndə heyəti əsgərlərin səngər şəraiti ilə də tanış olub.

Jurnalistlərlə söhbət zamanı əsgərlər onlara yaradılan şəraitdən razılıq ifadə ediblər.

Əsgərlərə verilən yemək ev yeməyindən heç də fərqlənmir. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan əsgərinə müasir standartlara uyğun, ən yüksək şərait yaradılır.

Zabit-əsgər münasibətləri də arzuolunan şəkildədir. Əgər bir neçə il öncə bu sahədə müəyyən problemlər yaşanırdırsa, indi bu məsələdən narazı qalan yoxdur.

Jurnalistlər yerli sakinlərlə də görüşüblər. Onlar da torpaqlarımızın tezliklə azad olunması üçün hərbi əməliyyatların başlamasının qaçılmaz olduğunu, bu məsələdə hər zaman hərbçilərin yanında olduqlarını qeyd ediblər.

Onu da qeyd edək ki, cəbhə bölgəsindəki son hadisələrdən sonra müəyyən səbəblərdən respublikanın başqa bölgələrində çalışan yerli sakinlər geri qayıdırlar.


 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?