
Yas mərasimlərindəki israfçılığın qarşısının alınması cəmiyyətdə böyük ajiotaj yaratdı. Görünən odur ki, böyük əksəriyyət bu təşəbbüsü dəstəkləyir. Növbə toy mərasimlərinindir. Bəs toylardakı israfçılığı necə durdurmalı?
Cəmiyyətimizin böyük önəm verdiyi hər iki fövqalhadisə nəticəsində vətəndaşın cibi “ağlayır”.
Hamıya məlum olduğu kimi, toy mərasimləri Azərbaycan xalqının qədim ənənələri sırasında və ən başda gələnidir. Əvvəllər toy etmək dünya evinə girənlərə kömək məqsədi daşıyırdı. Hələ kəndlərdə bütün qohum-əqrəba toy evinə yığılar, çatışıb- çatışmayanları müəyyən edər, imkan daxilində, bu məsələləri həll etməyə çalışardılar.
İndi toylar mahiyyətini dəyişib. Toyda valideynlər yeni cütlüyə kömək etmək üçün yox, onları restorandan sağ-salamat evə aparmaq üçün dua edir: “Bircə restoranın pulunu yığa bilsək...”. Qız ərə verənlərin kredit hesabına aldıqları cehizin, oğlan evi isə borcla aldığı qızıl-zinət əşyalarının pulunu necə ödəyəcəyi bir yana, indi əsas məsələ restoran pulunun ödənilməsidir. Əks təqdirdə bəy və gəlinin aqibətinin necə olacağı hamımıza məlumdur. Evliliyin ilk gününü “girov” olaraq restoranda gecələmək... Axı belə hallar az olmayıb...
Modern.az saytının da “xəmirinə su tökdüyü” bu məsələ gündəmdə öz aktuallığını qoruyub saxlamaqda davam edir. Söhbət “restoran-şadlıq evi mafiyası”ndan gedir.

Bir müddət əvvəl Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun şadlıq evlərindəki özbaşınalıq, israfçılıq, bahalı, amma keyfiyyətsiz xidmətlə bağlı birgə etirazının şahidi olmuşduq. Görünən odur ki, cəmiyyətin bütün təbəqələri bu vəziyyətdən narazıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimləri ilə bağlı məlum tövsiyəsindən sonra yarı xoş, yarı zorla da olsa, hüzr yerlərində israfçılığın qarşısı alınmaqdadır.
“Restoran-şadlıq evi mafiya”sı problemi isə öz həllini gözləyir.
Yas və toy mərasimlərinin ciddi müzakirə obyekti olduğu bu günlərdə Modern.az saytı daha bir maraqlı məlumat əldə edib. Bizə məlum olan odur ki, öz həllini gözləyən məsələnin həlli uzun zaman almayacaq. Belə ki, müvafiq dövlət qurumları bununla bağlı artıq irəliyə doğru addımlar atmağa başlayıb.
Yaxın günlərdə isə toy mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsün qərar səviyyəsində açıqlanacağı, parlamentin ciddi müzakirə mövzuları sırasına daxil ediləcəyi də əldə etdiyimiz məlumatlar sırasındadır. Gözlənilən rəsmi müzakirələrdən sonra vətəndaşın təklif etdiyi menyü qüvvədə olacaq, şadlıq evlərinin yox. Yəni “restoran mafiyası” toyun menyüsünü diqtə edə bilməyəcək.
Həmçinin restoran-şadlıq evlərində qulaq batıran, insanların ünsiyyətinə mane olan, bir çox hallarda isə toya gələn qonaqların özünün də hiss etmədən onları oradan uzaqlaşdırmaq məqsədi güdən səs-akustika məsələsi tənzimlənəcək.
Menyunun müəyyən olunması vətəndaşın xeyrinə həll olunacaq. Bununla da bir toyun yeməyi hesabına 2-3 toy “yola verilməyəcək”. Hələlik bizə gözləmək qalır, bir az da səbr edək...
Gülşən RAUFQIZI