filologiya üzrə elmlər doktoru, professor
Təhsil millətin gələcəyidir. Bu sahəyə qoyulan xərclər tez-gec cəmiyyətə və onun inkişafına fayda gətirəcəkdir. Odur ki, müasir dövrdə universitetlərin maliyyə imkanlarının genişlənməsinə ehtiyac var. Həm də universitetlərdə təhsil alan tələbələrin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülməlidir. Bu mənada bəzi təklif, fikir və mülahizələrimizi söyləməyi vacib sayırıq.
I. Yaxşı olar ki, maddi imkanı olmayan tələbələr maliyyə yardımı ala bilsinlər. Bu yardım tələbələrin sosial problemlərinin, təhsil haqqının ödənilməsi xərclərinin stimullaşmasında mühüm rol oynaya bilər. Azərbaycanın ən ucqar rayonlarından, kəndlərindən, qəsəbələrindən ali məktəblərə təhsil almaq üçün gələn tələbələr(gənclər) maddi imkan olmadan necə oxuya bilər, kadr kimi yetişə bilər? Dünyada tələbələrin maliyyə yardımı alması barədə təcrübə vardır. Məsələn, ABŞ-da, Massaçusets ştatında, Kembric şəhərində yerləşən Harvard Universitetində tələbələrin üçdən ikisi maliyyə yardımı alır.
Tələbə təhsil haqqını ödəmək üçün dövlətdən borc götürsə, nəticədə tələbənin ictimai məsuliyyəti də arta bilər. Tələbə həm də gələcəkdə həmin borcu ödəmək xatirinə yaxşı oxumaq, yaxşı kadr olmaq məsuliyyətini hiss etməli olacaqdır. Məsələn, Böyük Britaniya Krallığında Kembric şəhərində yerləşən Kembric Universitetində təhsil almaq üçün yalnız Britaniya vətəndaşları dövlətdən maliyyə yardımı ala bilirlər. Və təhsili başa vurduqdan sonra götürdükləri maliyyə yardımını universitetə ödəyə bilirlər. Bu zaman şəxsin minimum əmək haqqına, az gəlirli ailədən olmasına diqqət yetirməklə dövlətin əvəzsiz yardım (qrant) təqdim etməsinə də ehtiyac vardır.
II. Dünyada olan təcrübəyə əsaslanaraq universitetlər öz məzunları ilə əlaqə yaratmalıdır. Məzunlar arasında dövlət və özəl sektorlarda çalışan imkanlılardan istifadə etmək lazımdır. Onların maliyyə dəstəyini həyata keçirmək üçün mühüm və ciddi addımlar atılmalıdır.
III. Universitetlər tələbələrin fəaliyyətini elə istiqamətləndirə bilərlər ki, həm tələbələrin bir qisminin ictimai adaptasiya prosesi gedə bilər, həm də tələbələr asudə, boş vaxtlarında öz istedad, bacarıqları hesabına maddi durumlarını yaxşılaşdıra bilərlər. Hər halda bu işə universitet ciddi nəzarət etməlidir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi, rəssamlıq ixtisasına yiyələnən tələbələr, eləcə də ingilis, fransız ixtisasını öyrənən tələbələr öz sahələri üzrə fəaliyyət göstərə bilərlər. Belə ki, rəssamlar rəsmlər çəkib sərgisini təşkil edər, xarici dil mütəxəssisi olmaq istəyənlər tərcümə prosesinə qoşula bilər və s. Bu istiqamətdə görüləcək işlərə müvafiq universitetlərin müvafiq fakültələri qoşulmalı və universitetin maddi imkanlarını genişləndirməyə səy göstərməlidirlər. Bu cür fəaliyyət müvafiq sahələrdə, müvafiq layihələrdə universitetlərin iştirak etməsinə gətirib çıxara bilər. Nəticədə müəyyən qrantlar, maliyyə imkanları əldə etmək olar. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin simasında belə etmək olar: Müvafiq fakültələr, kafedralar, mütəxəssislər orta məktəb dərsliklərinin yazılmasında fəal iştirak edə bilər. Nəticədə orta məktəblə müəllim hazırlayan Pedaqoji Universitet arasında əlaqə möhkəmlənə bilər, həm də dövrün tələblərinə cavab verə bilən dərsliklərin yazılması universitetə maliyyə gətirə bilər.
IV. Dünyanın ən yaxşı universitetlərinin və ümumiyyətlə, universitetlərin nəzdində uşaq bağçaları, məktəblər, kolleclər, dükanlar və s. fəaliyyət göstərir. Bir sözlə, universitet bir şəhərciyi xatırladır. Universitet şəhərciyi bir sistem halda fəaliyyət göstərir. Universitetlərin imkanlarının və fəaliyyət dairəsinin genişlənməsində şəhərcikdəki bütün obyektlərin mühüm rolu vardır. Məsələn,
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu Cənubi Koreya Respublikasının Tecon şəhərinin Yuseonq rayonunda yerləşir. Müəllimlərinin ümumi sayı 701 nəfər, təlbələrinin sayı 8217 nəfər, illik büdcəsi 397 milyon ABŞ dollarıdır.
İnstitutda tələbələrin sağlam qidalanmasına xüsusi diqqət yetirilir. Ali məktəbin kampusunda çoxlu sayda kafe və restornlar fəaliyyət göstərir. Burada istənilən xidmət sahəsi var (banklar, bərbərxanalar, paltar mağazası və s).
Həftə sonları açıq havada və qapalı zallarda müxtəlif konsertlər, şoular, tədbirlər, canlı çıxışlar təşkil olunur. Gənclər təhsil aldıqları ali məktəbin onlara təqdim etdiyi belə tələbə həyatından xüsusi zövq alırlar.
V. Azərbaycandakı univeritetlərin, demək olar ki, əksəriyyəti respublika səviyyəli və dünya səviyyəli layihələrdə iştirak etmirlər. Bu layihələrdə iştirak etmədikləri üçün heç bir qrant ala bilmirlər. Bunun üçün universitetlərin potensialı yeniləşməli, müasirləşməlidir. Universitetlərdə universitetlərin imicinə, nüfuzuna xidmət etmək imkanında olmayan xeyli miqdarda əməkdaşlar vardır. Bunlar universitetlərdə fəaliyyət göstərmək əvəzinə, yalnız və yalnız universitetlərdən hər şeyi umurlar. Bu işin bir tərəfi, ikinci bir tərəfdən universitetlərimizin təkcə kadr poetensialı deyil, həm də maddi-texniki bazası beynəlxalq layihələrdə iştirak etməyə imkan yaratmır. Məsələn, fizika, kimya, biologiya və s. laboratoriyalarının imkanı hansı səviyyədədir? Bu suala cavab onu göstərir ki, laboratoriyaların imkanları məhduddur. Dünyadakı universitetlərin birinin təcrübəsindən nümunə: Fransa Politexnik Məktəbi (Fransada Paris şəhərində yerləşir) 2009-cu ildə tədqiqatlar aparmaq üçün 12 milyon avro xərcləyibdir.
VI. Universitetlərin geniş ərazisi olmalıdır. Dünyanın müxtəlif universitetləri bu sahədə nümunədir. Müasir dövrün tələblərinə cavab verən yataqxanaları tikilməlidir.
Bu gün universitetlərin nəşriyyatlarının müasir tələblər səviyyəsində fəaliyyətinə böyük ehtiyac var. Burada əməkdaşların və digər müəlliflərin kitabları çap oluna bilər və bundan gələn gəlir universitetin maddi imkanını artıra bilər. ABŞ-da Kornel Universitetində universitetin zavodu fəaliyyət göstərir. Dünya universitetlərində tikiş fabrikləri, maşın proflaktoriyaları vardır. Məsələn, Avstraliya Milli Universitetində 7 kollec yaradılıbdır.
Bunları bizim universitetlərdə də yaratmaq mümkündür. Ancaq gərək universitetlər şəhərcik kimi fəaliyyət göstərə bilsin.
VII. Universitetlərdə tədrisin keyfiyyətini yüksəltmək üçün elə bir sistem yaratmaq lazımdır ki, tələbə də, müəllim də vicdanlı olsun. Məsələn, ABŞ-da Prinston Universitetində imtahan yazılı keçirilir. İmtahan “Vicdan sistemi” ilə aparılır. Tələbələr vicdanlı imtahan verməyə söz verirlər, ona görə də imtahana müəllim nəzarət etmir. Nəzarətçilər vərəqi paylayır. Sonda vərəqləri toplayır. Tələbələrin hər biri işini imzalayarkən yazır: “Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam”.
VIII. Universitetlərdə dil öyrədən kurslar yaratmaq olar. Azərbaycan Dövlət Dillər Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri bu sahədə fəaliyyət dairələrini genişləndirə bilər. Universitetlərdəki müvafiq dil kafedraları bu işi təşkil edə bilər.
IX. Universitetlərə yardım verilsə, onların fəaliyyəti daha da yaxşılaşar. Məsələn, Kanadada Toronto Universiteti 1 milyard yardım alır.
Universitetlər fəaliyyətlərini elə qura bilər ki, dövlətdən kredit götürməklə müasir tələblərə uyğun görkəm və imic qazana bilərlər.
X. Bu gün Azərbaycandakı universitetlərin bir çoxunun yataqxanası yoxdur. Özəl universitetlərin ümumiyyətlə yataqxanası yoxdur. Dövlət Universitetlərinin isə yataqxanaları məlum səbəbdən tələbələrə xidmət etmir. Halbuki yatqxanalar tələbələrin ictimai adaptasiya prosesinə yardım edir. Həm də yataqxanada tələbələr kollektiv şəkildə fəaliyyət göstərir, oxuyurlar. Bu da tələbələrin formalaşmasına yaxşı təsir göstərir.

XI. Bu gün Universitet əməkdaşlarının universitetdən əmək haqqından əlavə aldıqları yardımlar təkcə elmi dərəcələrə görə deyil, həm də məhsuldar iş qabiliyyətinə görə fərqlənməlidir. Ümumiyyətlə, universitetlərdə əməkdaşların əmək haqqı hər kəsin qabiliyyətinə, elminə, faydasına görə olmalıdır. Məsələn, ABŞ-da Braun Universitetində müəllimlərin əməkhaqı onların elmi dərəcələrindən asılı olaraq dəyişir. Belə ki, professor orta hesabla ildə 134500, elmlər diktoru 87276, dosent 75768, müəllimlər 59858, stajlı müəllimlər isə 71983 ABŞ dolları dəyərində maaş alır. Bu universitetdə əməkhaqqının məbləği universitetin məktəb və fakültəsindən asılı olaraq dəyişir.
XII. Azərbaycanda iş adamları heç də az deyil. Ancaq nədənsə onlar məktəbə, təhsilə pul ayırmırlar, vəsait qoymurlar. Söhbət təkcə iş adamlarının təhsilə pul ayırmasından deyil, həm də onların tələbələrə, magistrlərə təqaüd təsis etmələrindən gedir ki, bu da işin xeyrinə olar. Dünyanın müxtəlif universitetlərində bu təcrübə vardır. Nəsələn, ABŞ-da Braun Universitetində 2007-ci ildə iş adamı Uorren Alpert Universitetə 100 milyon dollar məbləğində yardım edibdir. Bizdə evlər, binalar, məscidlər tikən iş adamları var, ancaq məktəb, universitet tikən və təhsilə pul ayıran iş adamları yoxdur.
XIII. Dünyadakı universitetlərin bir qisminin imicini həmin universitetlərin tələbələr, magistrlər üçün təsis etdikləri yüksək məbləğli təqaüdlər daha da artırır. Məsələn, ABŞ-dakı Los-Anceles Kaliforniya Universiteti tələbələr və magistrlər üçün çoxsaylı təqaüdlər təklif edir. Onlardan ən mühümü Kot-Robles təqaüdüdür. Onun məbləği 20 min ABŞ dolları məbləğindədir. Los-Anceles Kaliforniya Universitetindəki bu vəziyyət tələbələrdə o qədər həvəs yaradır ki, onların yarıdan çoxu burada qalıb işləmək və tədqiqatlarını davam etdirmək arzusunda olurlar. Tələbələrin 33 faizi Pell qrantı alır.
XIV. Bu gün belə bir sual bütün universitetləri düşündürməlidir: Universitetlərin özəl xüsusiyyətləri nədən ibarətdir? Yeri gəlmişkən onu da qeyd edək ki, keçmişdəki institutlar universitetlərə çevrildikdən sonra onların özünəməxsus özəllikləri də “universitet” adı altında sıradan çıxdı. Məsələn, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və digərləri hazırlayır. Bir sözlə, biz mövcud universitetlərimizi necə xarakterizə edə bilərik?
Ancaq Los-Anceles Kaliforniya Universitetinin konseri Sen Blok rəhbərlik etdiyi ali təhsil ocağını belə xarakterizə edir: “Los – Anceles Kaliforniya Universiteti tədris və tədqiqatların səviyyəsinə görə dünya liderlərindən biridir. Tələbələrimiz yaxşıların ən yaxşısıdır, müəllimlərimizin hər biri isə öz sahələri üzrə aparıcı alimlərdir. Onlar təhsili və yeni-yeni kəşfləri çox sevirlər. Mən ümid edirəm ki, siz bizim gözəl kampusumuzu ziyarət edəcək, mədəni və idman tədbirlərimizə qatılacaqsınız”.
Bizim hazırladığımız kadrlar Biləcəridən o yana getmir. Fikir verin, İngiltərədə Bristol şəhərində olan Bristol Universitetinə rəhbərlik edən Universitetin vitse-konsleri Erik Tomas yazır: “Bristol Universiteti gözəl Bristol şəhərinin mərkəzində yerləşən valehedici akademik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə universitetimizi daha da zənginləşdirir. Biz bütün insanların bərabərliyinə inanırıq və bəşəriyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdiririk”. Yaxud Osaka Universiteti (Yaponiyada Osaka şəhərində yerləşir).
1724-cü ildə yaranıb. İllik gəliri 128 milyard yapon yeni, illik xərcləri 128 milyard yapon yeni. Osaka Universitetinin prezidenti Uoşida Kiyokazu rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında deyir: “Osaka Universiteti cəmiyyətin tam inamını qazana biləcək mütəxəssis və tədqiqatçılar yetişdirir. Başqa sözlə, əsl müdrik, nəcib və yüksək səviyyədə ünsiyyət qurmağa malik insanlar bu ali məktəbin məzunlarına çevrilir. Universitetin hər bir işçisi, tələbəsi, tədqiqatçısı bütün qüvvələrini birləşdirərək çalışır ki, cəmiyyət onların haqqında “Osaka Universitetini bitirən şəxslər həqiqətən başqa insanlardan bir addım qabaqdadır” desin”.
Yaxud Tsinxua Universiteti (Çin Xalq Respublikası, Pekin şəhəri) Dövlət tipli Universitetdir, 1911-ci ildə yaranıbdır.
Devizi “Şəxsi intizam və ictimai məsuliyyət”, əzmi isə “Fəaliyyət sözlərdən daha uca danışır” kəlmələrindən ibarət olan Tsinxua Universiteti özünü Çin cəmiyyətinin rifahı və dünya elminin inkişafına həsr edib.
Tsinxua Universiteti özünün yüksək elmi səviyyəsi və təhsil keyfiyyəti ilə dünyada xüsusi nüfuza malikdir. Universitet yüksək səviyyəli kadr hazırlayan ali təhsil ocağıdır. Ali məktəb Mərkəzi hökümət və Maarif Nazirliyinin köməyi ilə onların tədqiqatlara ayırdığı qrantlar, “Layihə - 211” və “Layihə - 985” Dövlət Proqramlarının dəstəyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.
ABŞ-dakı Nyu-York Universitetinin devizi belədir: “Ciddi məşğul olmağa davam etmək və ötüb-keçmək”. ABŞ-dakı Biston Universitetinin devizi: “Öyrənmək, ləyaqət, möminlik”.