Modern.az

İsa Qəmbər Müsavat başqanı kimi tarixdə necə qalacaq? - Tanınmışlarla SORĞU

İsa Qəmbər Müsavat başqanı kimi tarixdə necə qalacaq? - Tanınmışlarla SORĞU

Ölkə

18 Sentyabr 2014, 14:16


Azərbaycan Milli Azadlıq Hərəkatı şinelindən çıxan, indiki müxalifətin aparıcı siyasi təşkilatı Müsavat Partiyasında yeni dönəmə start veriləcək. Söhbət partiyanın qurultayında İsa Qəmbərin yerinə yeni başqanın seçilməsindən gedir. Başqanlığa dörd namizəddən (Tural Abbaslı, Səxavət Əlisoy, Arif Hacılı, Qubad İbadoğlu) kimin rəhbər seçilməyindən asılı olmayaraq, Müsavatda yeni dövrün başlayacağını düşünənlər az deyil.

Müsavatda başqanlığa namizədlərə təbliğat kampaniyası üçün bərabər imkanlar yaradılıb və bununla Azərbaycan siyasi səhnəsində partiyadaxili açıq mübarizə modeli ortaya qoyulub. Bu mübarizədən kimin qalib çıxması haqqında hadisələri qabaqlayaraq birmənalı proqnoz vermək düzgün olmazdı.

Bir sözlə, 20 ildən çoxdur başqan kreslosunda qərarlaşan İsa Qəmbər Müsavat rəhbərliyindən gedəcək. Daim soyuqqanlılığı, təmkini və intellektual fikirləri ilə seçilən Müsavat başqanının hakimiyyət kürsülərindən müxalifət liderliyinə yüksəlməsi istiqamətindəki keçdiyi yolu müxtəlif cür xarakterizə edənlər var. Modern.az saytı müxtəlif siyasi qanadları təmsil edən şəxslərin və müstəqil ekspertlərin dili ilə Müsavat başqanının siyasi səhnədəki rolu barədə rəyləri təqdim edir.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə İsa Qəmbərin siyasətdə və cəmiyyətdəki statusunu mənfi qiymətləndirib: “Heç bir hazırlığı olmadan keçən əsrin 90-cı illərində hakimiyyətə can atdı. Qısa müddət ərzində Azərbaycanın dövlət başçısı səlahiyyətlərini yerinə yetirdi. Həmin dövr Azərbaycanda vəziyyətin daha da gərginləşməsi, cəbhə xəttində situasiyanın ağırlaşması ilə yadda qalıb. Bununla yanaşı, hüquq qaydalarına da riayət olunmurdu. İsa Qəmbər aparıcı müxalifət partiyalarından birinin rəhbəri olmasına baxmayaraq, fəaliyyətində radikallığa üstünlük verib. Partiyasının milli maraqlarını Azərbaycanın milli maraqlarından üstün tutub. Xarici ölkələrdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edib. İsa Qəmbər həmişə  demokratik prinsiplərə sayğısız yanaşıb. Partiyada ondan başqa müsavatçılıq ideyasına bağlı insanlar olsa da, İsa Qəmbər onların Müsavatdan getməsinə səbəb oldu. İndiki Müsavat XX əsrin əvvəllərində yaranan və fəaliyyət göstərəm partiya deyil. Bunun da belə olmasının səbəbkarı 20 ildən çoxdur bu partiyaya rəhbərlik edən İsa Qəmbərdir. İsa Qəmbər partiya nizamnaməsinə əməl etməkdə belə maraqlı olmayıb. 2010-cu ildən bəri partiyanın qurultayının ləngiməsi də buna əyani misaldır”.

ADP sədri Sərdar Cəlaloğlu İsa Qəmbərin siyasi reputasiyası haqqında müsbət fikirdədir. ADP rəhbəri həmkarını demokratik hərəkatın nadir siyasətçilərindən biri hesab edir: “O, həm intellektual səviyyəsinə, həm özünün siyasi fəaliyyətinə görə kifayət qədər nüfuz qazanıb və özünü doğrulda bilib. Bu cür liderlər Azərbaycan xalqının nailiyyətidir. Xalq formalaşan, yetişən liderin qədrini bilməlidir. İsa Qəmbər demokratik hərəkatın qiymətli liderlərindən biridir”.

Sərdar Cəlaloğlu İsa Qəmbərin başqanlıqdan getməsinin məqsədəuyğun olmadığını düşünür: “Mən bunu ciddi səhv hesab edirəm. İsa Qəmbərin başqanlıqdan getməsi ilə həm Müsavat, həm də müxalifət uduzacaq. Bu barədə müsavatçılar ciddi düşünməlidir. İsa Qəmbər gedəndən sonra onun yeri qiymətləndiriləcək. Necə ki, Əbülfəz Elçibəyin sağlığında ona dəyər vermədilər, eynilə də İsa Qəmbər siyasətdən gedəndən  sonra onun yeri görünəcək və həmin vaxt gec olacaq”.

2003-cü il prezident seçkisində İsa Qəmbərin namizədliyini dəstəkləyən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin isə cavabı belə olub: “Mən İsa Qəmbər üzrə mütəxəssis deyiləm. Ona görə də şərh vermək istəmirəm”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məsələ ilə bağlı hər hansı şərh vermək istəmədiyini bildirib.

Politoloq Zəfər Quliyev bildirib ki, İsa Qəmbər Azərbaycan siyasi arenasının aparıcı və mübariz fiqurlarından biridir: “Azərbaycan tarixində parlaq səhifə olan Müsavat Partiyasının bərpasına nail olub. İsa Qəmbər bütün ictimai-siyasi proseslərdə fəal iştirak edib. O, Azərbaycanın milli dövlət maraqları və demokratiya uğrunda mübarizə aparıb. O, prezident və parlament seçkilərində fəal şəkildə iştirak edib. İsa Qəmbər demokratik qüvvələrin önündə gedən şəxslərdəndir. Bundan sonrakı fəaliyyətində də İsa Qəmbər siyasi proseslərlə bağlı öz sözünü deyəcək”.

Tanınmış jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl da İsa Qəmbər haqqında danışmaq həvəsində olmadığını vurğulayıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə İsa Qəmbərin bu illər ərzindəki  siyasi səhnədəki mövqeyinə “5” verib: “ İsa Qəmbər kifayət qədər şərəfli, uğurlu və çətin bir yol keçib. O, nadir siyasətçilərdəndir ki, heç vaxt kimsədən asılı olmayıb. Müsavat başqanı prinsiplərinə görə sövdələşməyə getməyib. İsa Qəmbər partiyanı qoruyub saxlaya bilib. Müsavat Azərbaycanda təşkilatlanmış, öz nüfuzunu saxlamış partiyalardan biridir. Çətin vəziyyətdə partiyanın qorunub-saxlanması böyük bir işdir. Ona görə də İsa Qəmbərin fəaliyyətinə “5” vermək olar”.

Politoloq Zərdüşt Əlizadə isə İsa Qəmbərin istər hakimiyyət, istərsə də müxalifətdə olduğu zamanlardakı fəaliyyətinə mənfi rəy verib: “İsa Qəmbər Azərbaycan uçuruma gedən vaxtlarda  ölkənin ikinci adamı olub. 20 Yanvar hadisələrinin baş verməsində və AXC hakimiyyəti zamanında seçkilərin saxtalaşdırılmasında onun böyük rolu olub. Bizim indiki vəziyyətə düşməyimizdə İsa Qəmbərin böyük “əməyi” olub. İsa Qəmbər müxalifət lideri kimi də uğur qazanmayıb”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı