Modern.az

XİN-in yeni mətbuat katibinin TƏRCÜMEYİ-HALI və nazirlikdəki “sehrli kreslo”...

XİN-in yeni mətbuat katibinin TƏRCÜMEYİ-HALI və nazirlikdəki “sehrli kreslo”...

Ölkə

20 Sentyabr 2014, 12:20

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. Modern.az saytı xəbər verir ki, dünəndən etibarən XİN-in mətbuatla əlaqələrini Hikmət Hacıyev təmin etməyə başlayıb. O, bu vəzifədə Efiopiyaya səfir göndərilən Elman Abdullayevi əvəz edib.

Bəs Hikmət Hacıyev əvəllər harada çalışıb?

Modern.az-ın məlumatına görə, Hikmət Hacıyev 1978-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 24 saylı orta məktəbi bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə qəbul olunub. Həmin fakültənin bakalavr və magistr pillələrini bitirib.

Daha sonra NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzinin məzunudur. Belçikanın ULB universitetindən ikinci magistr dərəcəsini alıb.

Hikmət Hacıyev 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışır. XİN-in Beynəlxalq təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində işləyib.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışıb. Azərbaycan Respublikasının Misirdəki Səfirliyinin müşaviri olub.

2013-cü avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönüb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.  

Nazirlikdən Modern.az saytına verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələri H.Hacıyevlə (+99412) 596 92 76 iş telefonu, (+994 51) 311 01 05 mobil telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

XİN-in mətbuat xidmətinin əvvəlki rəhbəri Elman Abdullayev  iki gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Efiopiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeri gəlmişkən, bu təyinatdan sonra bəziləri zarafatla Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti rəhbərinin əyləşdiyi kreslonu “sehrli kreslo” adlandırmağa başlayıb. Bu, onunla əlaqələndirilir ki, indiyədək XİN mətbuat xidmətinin rəhbəri postunu tutanların hamısı sonradan daha yüksək vəzifəyə - səfir vəzifəsinə yüksəliblər.

2000-ci illərin əvvələrində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə KİV-lə uğurlu əlaqlər yarada bilən şəxs kimi yaddaşlarda qalıb. O zaman jurnalist təşkilatlarının keçirdiyi sorğular nəticəsində XİN bir neçə dəfə “KİV-lə açıq nazirlik” nominasiyasında qalib də olub. O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə görəvini başa vurub Vətənə qayıtdıqdan sonra bu günlərədək Xarici İşlər Nazirliyinin müvafiq idarəsində fəaliyyətini davam etdirib.
2013-cü ilin sentyabrında isə Mətin Mirzə Azərbaycanın Çindəki səfirliyinə müşavir vəzifəsinə göndərilib.

XİN-in eks-mətbuat katiblərindən Tahir Tağızadə 2007-ci ildə Azərbaycanın Çexiyadakı səfir postuna təyinat alıb, 2014-cü ildə isə Böyük Britaniyaya səfir göndərilib.

2007-ci ildən mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim isə 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca isə 16-08-2011-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. 

2009-ci ilədn XİN mətbuat xidmətinin rəhbəri postuna gətyirilən Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. Belə ki, iki il sonra - 15-03-2011-ci il tarixində ölkə prezidentinin sərəncamı ilə Elxan Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilərək, o, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2011-ci ilən dünənədək XİN-nin mətbuatla əlaqələndirisi Elman Abdullayev idi. O da mətbuat katibi postundakı 3 illik fəalliyyətdən sonra səfir göndərildi...

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı