
Bir neçə il əvvəl, keçmiş təhsil naziri Misir Mərdanovun dövründə müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı məsələ gündəmə gətirilmişdi. Hətta 2011-ci ilin aprelində Azərbaycan ölkə başçısı dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam da imzaladı. Həmin sərəncamla Nazirlər Kabinetinə tapşırıldı ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Maraqlıdır ki, bu məsələ sonrakı illərdə də müzakirə mövzusu oldu, Milli Məclisdə və digər rəsmi orqanlarda təkliflər səsləndirildi. Amma daha sonra məsələ barədə bir yenilik olmadı. Müəllimlər və həkimlərlə bağlı gözlənilən yenlik barədə isə son vaxtlar isə demək olar heç danışılmır.
Modern.az saytı müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı məsələnin hansı mərhələdə olduğunu araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, məsələ onların səlahiyyətlərinə daxil deyil:
“Bu məsələ Təhsil Nazirliyinin səlahiyyətlərinə aid deyil. Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı kimi rəhbər təşkilatların sərəncam və qərarlarını icra edir”.
Nazirlər Kabinetindən isə sözügedən işlə bağlı hər hansı məlumat almaq mümkün olmayıb.
Rüfanə GÜNƏŞ