jurnalist,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Həyat təcrübəmdə tanınmış şəxsiyyətlərlə bağlı maraqlı, məzəli, bir az da kövrək hisslər oyadan əhvalatlardan daha bir neçəsini təqdim edirəm.
Lavaş nazikliyində asfalt
Bakı Dövlət Universitenini qocaman müəllimlərindən biri də Yusif Ziya Şirvani olub. Şərqşünaslıq fakültəsində baş müəllim idi, türk dilini tədris edirdi. Heç bir elmi adı yox idi. Ancaq tələbə-müəllim heyəti arasında çox böyük nüfuzu vardı; dünyagörüşü, savadı, tədris etdiyi fənnin mahir bilicisi olması ilə.
Tələbəlik illəri arxada qalmışdı. Uzun müddət keçəndən sonra bir gün işlədiyim redaksiyanın (“Bakı” və “Baku” axşam qəzetlərinin) foyesində Yusif Ziya Şirvani ilə rastlaşdım. Mənimlə çox səmimi görüşdü (əvvəllər heç belə deyildi).
- Sən hansı otaqda oturursan?
Qolundan tutub otağımıza apardım. Şöbə müdirimizlə tanış etdim.
- Mənə sən lazımsan, tənqidi yazılarını mütəmadi oxuyuram, ona görə də ...
Əlindəki bir parça kağızı mənə uzatdı. Alıb baxdım, riyazi hesablamalar idi. Heç nə başa düşə bilmədim. Dedi ki, bu rəqəmlər ərzaq məhsullarının çəkisidir, onların dəyərini bildirən rəqəmlərə vur, sonra hamısını topla.
Orta məktəbdə oxuyandan hesabdan çox zəif idim. Amma müəllimimin xətrinə dəyməsin deyə birtəhər hesabladım.
- İndi o 22 manat 45 qəpiyi 75-ə vur.
Gördü ki, çox duruxdum, özü izah etməyə başladı:
- Bax o 22 manat 45 qəpiklik ərzaq təkcə mənim soyuducumda işıq kəsilməsi ücbatından xarab olan məhsulun məbləğidir. 75 mənzilli binada ən kasıb yaşayan mənəm. O birilərin də soyuducusunda zay olan məhsullar yəgin ki, daha çoxdur.

Nəhayət, başa düşdüm ki, həmin binanın kabeli yanıb, binada elektrik enerjisi kəsilib. Müəllimimi hörmətlə yola saldım, qəzetin nüfuzundan istifadə edərək keçmiş Oktyabr (indiki Yasamal) rayonunun təsərrüfat işçilərini, bir az lovğalıqla desəm, ayağa qaldırdım. Bir günün içində 200 metrlik kabel də dəyişdirildi, üzərinə asfalt döşəndi. Elə həmin gün axşam tərəfi Yusif Ziya redaksiyamıza gəldi. Düşündüm ki, minnətdarlıq edəcək, mən isə “Dəyməz, Yusif müəllim, borcumuzdur” deyəcəkdim.
- Mülatif, mən unutmuşam, sən hansı rayondansan?
-Qərbi Azərbaycanın Vedi rayonundan.
- Sizlərdə lavaş bişirirdilər?
- Bəli, kefiniz istəyən lavaşdan, hətta südlü lavaş da.
- O dediyin lavaşlar qalın olurdu, yoxsa nazik?
- Tül kimi nazik lavaşlar (öz-özümə fikirləşdim ki, yəqin xeyir işi var lavaş axtarır).
- Bax, Mülatif, çəkilən kabelin üstünə salınan asfalt həmən-həmən o lavaş nazikliyindədir, mən heç, cüssəsizəm, sən səkinin üstünə çıxsan batacaq ...
***
Allah bilir kimə neyləyir
Uzun illərdir ki, AzTV-nin “Xəbərlər” redaksiyasında işləyir Firuzə Nadir. Savadına, bacarığına söz ola bilməz. Buna rəğmən çox təvazökar olan bu xanım – jurnalist neçə-neçə yaddaqalan süjetin, sənədli filmin müəllifidir; zəngin yaradıcılıq təcrübəsi var, hər cür fəxri ada, mükafata layiqdir. Tale elə gətirib ki Ağdam rayonundakı doğma elindən qaçqın düşüb. Ona görə də qaçqın həyatı yazılarının leytmotivini təşkil edir. Hər dəfə səmimi görüşürük, yaradıcılıqdan, qaçqın həyatından danışırıq. Mətbuatda yazılarından birində yaz;b:
- Qarabağa, öz doğma torpaqlarımıza mütləq qayıdacağıq, özü də at belində!
Bir dəfə görüşəndə çox fikirli idi. Mən deyənləri sanki eşitmədi. “Ayaqlarım yaman ağrıyır, yeriyə bilmirəm” , - ardınca zarafatla, - “Allah bilir kimə neyləyir” – pıçıldadım.
- Hə, vallah, göydə Allah var, o bilir kimə neyləyir, - dedi.

***
Deyəsən, brüsselyoz xəstəliyi yayılıbmış...
Yaz günlərinin birində fasilə vaxtı çayxanada oturmuşduq. Söhbət ləziz xörəklərdən düşmüşdü. Mən birmənalı olaraq ət qovurmasından hazırlanan xörəkləri sadaladım. Əlavə etdim ki, uşaq vaxtı yaşadığımız rayonda (Qərbi Azərbaycanın Vedi bölgəsində) payızda hər ailədə bir neçə qoyun kəsib iri piyalələrdə qovurar, küplərə doldurub qışa saxlayardılar. Şaxtalı günlərdə mal-davar kəsilməzdi.
- Bəs, indi niyə qovurma tədarük etmirsiniz? - deyə kimsə soruşdu.
- İndi qoyun əti od qiymətindədir.
Qələminə vurulduğum, bədii və publisist yaradıcılığına həsəd apardığım Bahadur Şəfi (o zaman o televiziyanın cənub bölgəsi üztə müxbir idi, operativ süjetləri ilə fərqlənirdi, şairliyi də vardı, çox yumorlu, zarafatçıl idi). Siqareti kül qabına atıb gülə-gülə dedi:
- Qardaş, mən ölməmişəm ki, ucuz qoyun əti məndə, kilosu üç-dörd manata ... (o bunu deyib masa arxasında oturanlara mənalı-mənalı baxdı, göz vurdu. Mən bunu hiss etsəm də sevincimdən özümü saxlaya bilmədim:
- Nə danışırsan? Kilosu üç-dörd manata? İki qoyun ala bilərsənmi?
Razılaşdıq. Pulunu da gətirəndən sonra verəcəkdim. Söz verdim ki, qovurma hazır olanda ən əziz qonağım kimi başda oturacaqsan.
Yaz keçdi, yayı da başa vurduq. Payız başa çatmaqdaydı. Bahadurdan xəbər-əsər yox idi. Bildim ki, mənimlə zarafat etmişdi. Yumoru çox sevdiyim üçün onun zarafatlarlından qəti incimədim, amma mən də ondan geri qalmadım.
“Xəbərlər”in baş redaktoru kimi, bölgə müxbiri Bahadur müəllimə zəng vurdum.
- Bahadur, haradasan?
- Lerikdən təzəcə enmişəm Lənkərana.
- Hadisədən xəbərin var?
- Nə hadisədir?
- Xəbər var ki, Lerikdə brüsselyoz xəstəliyindən mal-qara tələf olur.
- Onda bu dəqiqə qayıdaram Lerikə, oradan sizə zəng vuraram.
Bir azdan Lerikdən zəng gəldi Bahadur Şəfi idi.
- Mülatif müəllim, o xəbər yalandır, şükür Allaha, tam salamatlıqdır. Bir dənə də qoyun-quzu tələf olmayıb.
- Bahadur, bu fakt dəqiqdir?
- Bəli, bəli, yüz faiz, burada əşədi billah belə xəstəlik olmayıb.
- Bəs onda aradan səkkiz ay keçib, mənə vəd etdiyin qoyunlar harada qaldı?
***
Müğənni “futbolçu”, jurnalist “məşqçi”?
Xeyli vaxt bundan əvvəl idi. Yan-yana oturmuşduq. “Palmali” şirkətlər qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol komandasının fəxri prezidenti Mübariz Mənsimov çıxışını dinləyirdik.
Mübariz Mənsimov komandanın uğursuz çıxışlarını təhlil edir, futbolçuları danlayır, mənə və yanımda oturmuş hündürboy cavan oğlana bir söz demirdi. Mən həmin restorana nahara dəvət olunmuşdum. Yanımda oturan da, sonradan məlum oldu ki, o da dəvətlidir. Komandaya təzə dəvət olunan oyunçular söz verdilər ki, etimadı doğruldacaqlar.
Bu ara Mübariz Mənsimovu harasa çağırdılar. Aradakı sükutdan istifadə edərək yanımda oturan oğlanla söhbətləşdim.
- Sizi də komandaya üzv qəbul edəcəklər?
- Xeyr, mən futbolçu deyiləm. Müğənniyəm, adım, familiyam Mahsun Qırmızıgüldür, sabah Heydər Əliyev sarayında “Palmali”nin xeyriyyə konsertində çıxış edəcəyəm. Sizi də deyəsən yeni baş məşqçi təyin edəcəklər, eləmi?
- Xeyr, mən jurnalist kimi qonaq çağırılmışam.
- Hər ikimiz güldük, tanışlığımızdan məmnun qaldıq. Nə o futbolçu oldu, nə mən məşqçi. Arada bax bu şəkil yadigar kimi o qəribə görüş anını əks etdirən dəyərli foto oldu.
Mahsun Qırmızıgül. İndi o Türkiyədə məşhur müğənnidir, həm də tanınmış kino aktyoru.
