Modern.az

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: Ən vacib hədəflər

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: Ən vacib hədəflər

Ölkə

3 Noyabr 2014, 11:18

filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görülür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin) maddi – texniki bazası gücləndirilir, yeni – yeni məktəb binaları tikilir, təmir – bərpa işləri aparılır. Eyni zamanda informasiya – kommunikasiya texnologiyaları tətbiq olunur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təhsilin keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, informasiya – kommunikasiya vasitələrini tətbiq etmək kifayət etmir. Həm də idarəetmə sistemi yenidən qurulmalı, təhsil sahəsində insan resursları inkişaf etdirilməli, müəllimin nüfuzu yüksəlməlidir. Bunların hamısı ölkədə həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə edir. Strategiyada dünya ölkələri arasında aparıcı mövqedə olan şəriştəli müəllimləri və təhsil menecerlərini, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün beş strateji istiqamət əsas kimi götürülür. Bu istiqamətin hər biri genişmiqyaslı tədbirlər kimi diqqəti cəlb edir. Odur ki, bu istiqamətlərin üzərində dayanmaq lazım gəlir.


Birinci strateji istiqamətdə
əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məqsəd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk peşə - ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların inkişafına nail olmaqdır.

İkinci strateji istiqamətdə əsas hədəf kimi təhsil sahəsində insan resurslarının müasirləşməsini diqqət mərkəzində saxlamaqdır. Bunun sayəsində səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrübəli təhsilverən innovativ metodları tətbiq edərək təhsilalanların istedadını üzə çıxarmaqda, onların nailiyyətlərini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə, onların inkişafına nail olmaqda, qayğı və ehtiyaclarını ödəmək üçün inklüziv təlim metodologiyasının yaradılmasında ciddi, məsuliyyətli işlər görməliyik.

Üçüncü strateji istiqamət kimi təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması əsas hədəf kimi götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə cavabdehlik, şəffaflıq, bir də səmərəliliyin özü üçüncü strateji istiqamətin əlamətləri sırasına daxil olur. Səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini yaratmalıdır.

Dördüncü strateji istiqamət kimi təhsil infrastrukturunun yaradılmasıdır. Təbii ki, təhsil strukturu müasir tələblərə uyğun olmaqla təhsil prosesini təmin etməlidir. Burada əsas məqsəd kimi təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının formalaşması, distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inkişafını təmin edən təhsilin yaradılması, yaşlıların təhsilini qurmaq, peşə - ixtisas və təhsil müəssisələri üzrə regionlarda məsləhət mərkəzlərinin fəaliyyətini təmin etmək, kampusların yaradılması və s. məsələlər ehtiva olunur.

Beşinci strateji istiqamət Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır. Doğrudan da, hal – hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəqlənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir.

Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı