
Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında böyük xidmətləri olmuş 79 yaşlı erməni yazıçı, Ermənistanın tanınmış ictimai-siyasi xadimi, Azərbaycan əleyhinə yazdığı “Ocaq” kitabı ilə “məşhurlaşan” Zori Balayan yeni açıqlamalarla çıxış edib. Erməni xislətin növbəti dəfə nümayiş etdirən Z.Balayan Rusiya ermənilərinə məxsus internet layihələrdən birinə verdiyi müsahibəsində Azərbaycan əleyhinə fikirlər səsləndirib, özünü təmizə çıxarmağa çalışıb. Balayan Azərbaycan tərəfinin onun müəllifliyi ilə yazıldığı bildirilən kitabın internet şəbəkəsində geniş yaymasından şikayətlənib, və hətta "Ruhumuzun dirçəlişi" adı verilən həmin kitabdan imtina da edib.
Modern.az saytı xəbər verir ki, Zori Balayanı xüsusilən deputat Qənirə Paşayevanın 2009-cu ildə Avropa Şurası Parlament Assambleyasında həmin kitabdan parçalar oxuması hiddətləndirib:
“Mən “Ermənistan” gəmisində dünya gəzintisinə, daha dəqiq desək, hər 5 qitədə yaşayan dünya ermənilərini ziyarət etməyə hazırlaşırdım. Dəqiq bilmirəm hansı ölkədə idim, mənə zəng edərək inernetdə yazdığım kitabla bağlı məlumatların getdiyini dedilər. Bu azmış kimi, hansısa azərbaycanlı qadının Avropa Şurasının Parlament Assambleyasında etdiyi çıxışda (2009-cu ildə Qənirə Pşaayevanın Avropa Şurası Parlament Assambleyasındakı çıxışını nəzərdə tutur-red.) həmin kitabdan dəşhət doğuran parçalar oxuduğunu dedilər. Hətta inandırıcılıq üçün kitabın adını və səhifəsinin nömrəsini də göstərmişdilər”.
Balayan bu kitabın müəllifi olamaması ilə bağlı təkzib məktubu yazdığını bildirib və ona həmin kitabrın nüsxəsinin təqdim olunmasını tələb edib:
“Mənə həmin adı çəkilən kitabın parçalarını göndərdilər. Gəmidə özüm üçün lazımi ədəbiyyatlardan ibarət kitabxanam var idi. Bunun əsasında kitabın müəllifliyi ilə bağlı təkzib məktubu yazdım və həmin məktubu “Literaturnaya qazeta” ilə “Siyasət” jurnalında dərc etdilər. Mən özüm üçün heç nə istəmirdim. Mənə həmin kitabı göstərsinlər. Ola bilməz ki, onun bir nüsxəsi belə, qalmasın.
Mən susmağa qərar verdim, amma görürəm onlar yenə də bu kitab barədə yazırlar. Mən bütün müasirlərimə müraciət edirəm: Xahiş edirəm, mənə həmin kitabrın bir nüsxəsini göstərsinlər, orada yazdığım bir sözü, geniş yayılan bir cümləni göstərsinlər. Axı, orada yazılanlar dəhşətlidir. Əgər bizim çağırışımızdan sonra onlar həmin kitabı göstərməsələr, onda onların kitabla bağlı dedikləri heç bri şeyə inanmalı deyilsiniz. Belə bir kitab yoxdur”-deyə qoca erməni yazar vurğulayıb.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda baş verən və 14 nəfərin ölümü, 49 nəfərin xəsarət alması ilə nəticələnən terror aktında da heç bir rolunun olmadığından, amma buna görə bir neçə il İnteropl xətti ilə axtaışa verilməsindən danışıb:
“Ümumiyyətlə, 60-cı illərdən sonra Bakıda olmamışam. Necə ola bilər ki, 90-cı illərdə mən Bakıda metro stansiyası partladılanda orada olum? Amma buna baxmayaraq, bir neçə il məhkəmə getdi, hətta partlayışı təşkil etdiyimlə bağlı İnterpol xətti ilə axtarışa verilməyimə görə dəhşətlər yaşadım. Guya mən bilə-bilə Bakıya gələrək hər hansı hərbi obyekt yox, qadınların, uşaqların qocaların olduğu metro stansiyasında partlayış təşkil etmişəm”.
Balayan bundan sonda daha sözügüdən kitabla (Ruhumuzun dirçəlişi”-red.) bağlı açıqlama verməyəcəyini də bildirib.
Qeyd edək ki, Qarabağ hadisələrinin iştirakçışı, erməni ideoloq Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitab yazdığı və orada 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdikləri soyqırımına dair tükürpədici məqamların təsvir olunduğu bildirilir.
Vüqar İsmayılov