
Müsavat Partiyasının Milli Şuradan ayrılmasından sonra Azərbaycan müxalifətinin siyasi səhnəsində kartlar dəyişdi. Milli Şura ilə bağlı yaranan qovğadan sonra böyüyən AXCP-Müsavat davası bu gün də davam edir. Hazırda AXCP üzvləri daha çox Müsavat Partiyasının tanınmış üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu tənqid edir. Bununla yanaşı, AXCP Rauf Arifoğlunun timsalında Müsavat Partiyasının da ünvanına ittihamlar səsləndirir.
Rauf Arifağlunin rəhbəri olduğu “Yeni Müsavat” qəzetində isə qarşı tərəf haqqında - AXCP və onun sədri Əli Kərimli ilə bağlı ittihamlar dərc olunur.
Azərbaycanın aparıcı müxalifət partiyalarının davasının miqyasının genişlənməsi cəmiyyətin də gündəmindədir. Görünür, barışdırıcı missiyası ilə bir təşəbbüs gəlməlidir ki, AXCP ilə Müsavat yenidən dostlaşsın.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Modern.az saytına açıqlamasında deyib ki, şəxsən onun belə bir fikri yoxdur. Tanınmış jurnalist bunun perspektivi olmadığı qənaətindədir:

“Mən bunun perspektivini görmürəm. Görünür ki, bu münasibətlər son həddə çatıb, birdəfəlik həll olunmayana qədər, zaman-zaman bu məsələ yenə də qalxacaq, daha eybəcər ifadələrlə ortaya çıxacaq. Mən bunu az-çox hörməti qalmış iki tərəfin münaqişəsi kimi yox, sona çatmalı olan məsələ kimi qəbul edirəm. Lakin bu razılaşmanın olacağı mümkün deyil. Onların arasındakı münasibətləri yaxşılaşdırmaq üçün fəaliyyətə başlamaq, cəhd göstərmək o vaxt mənalı olardı ki, az da olsa uğur qazanacağına inanasan. Bu münaqişə elə bir ifadələrlə gedir ki, abırlı insanın ora müdaxilə etməsi düzgün deyil. Mən o dildə danışmağa hazır deyiləm. Onlar arasında siyasi anlaşmaya yer görmürəm”.
Məltəm Talıbzadə