QARANQUŞLAR VƏ SƏRÇƏLƏR

Sayın Kamil müəllim! Mən də elə Sizin kimi bu məktubu yazmazdan əvvəl çox düşündüm və sonda yazmaq qərarina gəldim. Əgər Siz istedadsiz adam olsaydınız və ya fəaliyyətiniz, yaradıcılığınız başdan-başa qara rəngdə olsaydı, yəqin ki, bu məktub yazılmazdı. Bir də Siz mənim yaxşı müəlimlərimdən biri olmusunuz. Müəllim valideyn kimidir. Valideynin yersiz hərəkəti, yanliş addımı övladı incitdiyi kimi, qabiliyyətinə inandığın, istedadlı müəllimin də büdrəməsi, haqsızlıq dəyirmanına su tökməsi tələbəni yandırmaya bilməz. Sizin Azərbaycan türkcəsinə, çağdaş ədəbiyyatımıza həssas münasibətiniz, bilginiz yaxşı yadımdadır…
Hörmətli Kamil müəllim! Məktubunuzu oxudum və belə anladım ki, iş artıq tələbə –müəllim münasibətlərindən keçib. Çünki təklif etdiyiniz üslüb və tərz sərt polemikaya açıq dəvətdir ki, burada da Siz heç bir çəki dərəcəsi, yaş, filan kimi hədlər gözləməmisiniz. Müəllim-tələbə nağılları əlbəttə xoşdur, amma qoruduğumuz amallar və çıxış etdiyimiz maraqlar tamamilə antoqonistdir. Ona görə də inciiməyin.Təklif etdiyiniz tərzi qəbul etməyə məcburam…
Mənim möhtərəm müəllimim! Siçan - pişik dövrü keçdi.
Gəlin açıq danışaq. Biz Sizinlə ayrı-ayrı düşərgələrdəyik. Ən azı mən Azərbaycandayam. Siz isə Azərbaycanda deyilsiniz. Sözün həm məcazi, həm coğrafi mənasında. «Mən bu vətənə dönmək istəmirəm!», deyən Siz əslində Azərbaycana paraşütlə düşmək istəyirsiniz. Mən isə bü ölkənin milyonlarla alpinistindən biriyəm və hər bir çətinliyi dişimlə, dırnağımla dəf edirəm. Bizim ayrı-ayrı ideoloji baxışlara malik olduğumuzla razılaşmalıyıq.
Siz Azərbaycana qaranquş gözü ilə baxırsınız. Mən isə sərçə. Sizin sevginiz mövsümi xarakter daşıyır, mənim hisslərim isə aborigendir. Siz Azərbaycanı Türkiyəyə filana dəyişə, illərlə qürbətdə yaşaya bilərsiniz, amma bu məndə alınmır. Mənim Azərbaycansız qalmağımın limiti makismum 3 həftə olur… Sonra bu hava üçün, bəyənmədiyiniz vətən üçün, dəli kimi darıxıram, boğulan adam kimi nəfəslik axtarıram. Mən ən ağır günlərimdə də Azərbaycandan qaçmaq, iraq olsun, buranı birdləfəlik tərk etmək barədə düşünməmişəm. Ona görə ki, bacarmaram. Nə başqa bir ölkənin (lap qardaş Türkiyə olsun!) universitetində dərs demək adı ilə özümü, nə də guya dərs oxuyurlar adı altında balalarımı xaricə qaçırmağa cəsarətim və vətən məhəbbətim çatmaz.. ANS-i neçə dəfə bağlayıblar… Hələ bundan sonra neçə dəfə də bağlasalar ölkədən qaçmağı, fərariliyi özümə sığışdırmaram. (Kamil müəllim, bilmirəm, bəlkə də yanılıram. Amma inanmıram ki, qardaş olsa da, hər halda qərib ölkədə gecələr yuxunuza buralar girmir…Azərbaycan üçün, Bakı üçün burnunuzun ucu göynəmir, dərs dediyiniz təhsil ocağı, qəbristanlıqlar, ən azı dizləri sürtülmüş cins şalvarda evinizin böyründəki zibil yeşiyinə zibil boşaltmağınız yadınıza düşmür… Və əgər mənim tanıdığım Kamil müəllim hələ sağdırsa (və görürəm ki, sağdır!!!) deməli, özünə bir fərari etirafı etməmiş deyil. Heç olmazsa qərib gecələrdə. Amma mən fərari deyiləm. Doğrudur, Siz mənim müəllimim olmusunuz. Amma bağışlayın, bunu Sizdən öyrənmək istəməzdim. Çünki bizim hər ikimizin başqa bir müəllimimiz də var: Azərbaycanda bir Şirməmməd Hüseynov fenomeni də var. Bu adamın Azərbaycan sevgisi məndən ötrü Məmməd Əmin Rəsulzadənin eşqindən balaca deyil.
Kamil müəllim!
Bizim bir böyük fərqimiz var. Siz istəyirsiniz ki, hakimiyyət dəyişsin. Mən isə istəyirəm ki, ölkə dəyişsin.
Mən hesab etmirəm ki, bu gün Azərbaycanda hakimiyyəti dəyişmək vaxtıdır.
Dövlətin eksperiment dovşanına çevrildiyi 1991-93-cü illər o qədər də uzaqda deyil. Azərbaycanda hakimiyyəti dəyişmək istəyənlərin fərasəti nəticəsində düşmən az qala Gəncəyə gəlib çıxmışdı. Bəs deyil? Kim deyir ki, vaxt geri qayıtmır. Yalan deyirlər. Olur! Sadəcə təqvimdə başqa rəqəmlər olur!!! Mən isə həmin vaxtın geri dönüşünü istəmirəm. Mən Sizi və sizin kimi düşünənləri, qaranquş ideologiyası daşıyıcılarını hakimiyyətdə görmək istəmirəm. Qoy sərçə olsun!!! Amma bu yerlərin qışını da, payızını da, yazını da, yayını da görsün, içində çəksin. Sevsin. Donsun. Yansın. Amma burada. AZƏRBAYCANDA! Adım Şahin olsa da, bu yerdə sərçə olmaqdan qürur duyuram.
Kamil müəllim!
Mən siyasətçi deyiləm və belə bir iddiam da yoxdur.
Mən jurnalistəm. Öz işimlə məşğul olmaq istəyirəm. Məni siyasi bataliyalara (və ya bataqlıqlara da demək olardı…) çəkməyin. Allah xatirinə! Lazım deyil. Mən insan haqları, söz azadlığı kimi demoqoqik çərənçiliklərə uyacaq qədər avam deyiləm. Ona görə ki, o azadlığı qundağında görmüşəm. Düz Ağ evin qarşısında. Hardansa peyda olan velosipedli polis əməkdaşları burada sadəcə stəndap çəkdiyim üçün məni həbs etdilər… İnsan haqqı. Söz azadlığı Azərbaycanın müstəqilliyini təhlükə altına ala biləcək həddə olmamalıdır. Biz dövlət müstəqilliyimizi hansısa ağız boşluğu sərbəstliyinə görə itirməli deyilik. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, biz söz azadlığı, insan haqları mövzusunu sadəcə baş qatmaq priyomu və Azərbaycana içəridən və bayırdan təzyiq üçün bəhanə sayacağıq. QOY QARABAĞI QAYTARAQ, SÖZ AZADLIĞI VƏ İNSAN HAQLARI BARƏDƏ DANIŞARIQ! Komsomol fəalı Zeynal Məmmədli deyəsən virus sözünü tapıb. Amma özünü yox. Kömək üçün deyim. Məhz o və onun kimi düşünənlər virusdur və bu virus Azərbaycana xaricdən gəlir. Bu virusun daşıyıcıları Azərbaycanı, onun həyatı yenicə dərk etməyə başlayan yeniyetmə və gənclərinin tərbiyəsini, vətəndaşlıq kodekslərini çaşdırırlar. Həyatın bərkini, boşunu görməyən bu nəsil elə bilməməlidir ki, vətənpərvərlik belə olur. Xocalı soyqırımının müəlliflik hüququnu ermənilərdən alıb azərbaycanlıların öz ayağına yazmaq!!! Sonra da bunu edənlərin müdafiəsinə durmaq! Bu vətənpərvərlik deyil. Dayazın birisinin dövriyyəyə buraxdığı «psevdovətənpərvər»lik əslində budur! Yəni doğrudan aydın deyil ki, hamiləlik yarımçıq olmur? Ya hamiləsən, ya yox. Ya vətənpərvərsən, ya yox! Bəs, onda nəyi təbliğ edirsiniz Kamil müəllim! Bu gün Eynullanı məhz kosmopolitlər müdafiə edir!!! Siz özünüz bilərsiniz, mən kosmopolit təfəkkür sahibi deyiləm. Millətçiyəm. Amma irqçi deyiləm. Mən hesab etmirəm ki, mənim millətim bütün millətlərdən artıqdır. AMMA MƏN HESAB EDİRƏM Kİ, MƏNİM MİLLƏTİM HEÇ BİR MİLƏTDƏN ƏSKİK DEYİL. Budur mənim qail olduğum ideologiya. Mən Azərbaycançıyam. Azərbaycanın müstəqilliyini qorumaq naminə mənim ağzımın qapanması lazımdırsa buna razıyam. Ola bilər ki, siz məni anlamayacaqsınız: amma mən beləyəm. Bura mənimdir. Azərbaycan dövləti mənimdir. Heç bir oliqarxın, rüşvətxorun, ilk sevgi şerini bacısının ayağına həsr etmiş şərəfsizin yox… Nə iqtidarın, nə də müxalifətin. Şəxsən mənim-Mir Şahin Ağayev Mir Dilavər oğlunun!!!! Mən bu ölkədə yaşayıram. Buranın korrupsiyasını da görürəm, yaltağını da, rüşvətini də, rüşvətxorunu da…”sülaləsini” də, “antisülaləsini” də… Amma dözməliyəm. Bu ölkədə qarışıqlıq sala biləcək hər bir prosesin əleyhinəyəm və olacağam. Qarabağ alınanadək!!! Azərbaycanda prezidentin iki dəfədən artıq seçilməsinə qoyulmuş məhdudiyyətlər aradan qalxanda kimlərsə onu demokratik prinsiplərin pozulması tək qəbul etdi.
Kamil müəllim! Amma mən sevindim! Bilirsiniz niyə? Ona görə ki, Qarabağ məsələsində güzəşt ummağa yeni namizəd tapılmayajaq. Danışaqları aparan kəs sonədək aparacaq!!! Bax belə! Mən belə düşünürəm. Mən düşünürəm. Sizə söz azadlığı lazımdır… Mənə Azərbaycan!
Sizə hakimiyyət lazımdır… Mənə Azərbaycan! Azərbaycanın Türkiyədən yaxın dostu yoxdur ki… Amma o da burada çevriliş etmək istəyəndə qarşısına ANS çıxdı. Deməli bizdən ötrü fərqi yoxdur: Qərb, İran, Türkiyə, Rusiya, Mozambik… Azərbaycanın müstəqilliyi hamıdan qorunmalıdıp!!! Maraqlıdır, söz azadlığı və insan haqları uğrunda mübarizə apararkən dövlətimizin müstəqilliyini itirərəksə nə baş verəcək? Kimsə çıxıb sadəcə TARİXDƏN ÜZR İSTƏYƏJƏCƏK? Azərbaycanı itirəndən sonra harda olacaqsınız prezident? Cəbrayılda… o da tərs kimi bizdə deyil?
Kamil müəllim! Yazırsınız ki, əlinizi məndən üzməmisiniz… Ola bilər. Amma mən üzmüşəm. Bilirsiniz nə vaxt? 2001-ci ilin baharından. O zaman ki, Ki-Est danışıqları gedirdi və dövlətə kömək lazım idi… Heydər Əliyev danışıqlarda «Azərbayjanda Qarabağ mövzusunda iqtidar-müxalifət yoxdur. Mənə xalqın təzyiqi var. Güzəştə gedə bilmərəm!», deyəndə. Dəstək üçün mitinq lazım idi… Bax o zaman içində Siz də olan «demokratik düşərgə» bu mitinqdən boyun qaçırdınız. Hansısa səfirliyin əmrilə. Azərbaycana lazım olan mitinqi etmədiniz!!! Və biz müxalifətin əslində nədən və kimdən ibarət olduğunu anladıq. Yoxsa o vaxta qədər, əslində çoxdan ölmüş güruhunuzu ancaq ANS ayaqda saxlayırdı. DEMKONQRES-1, DEMKONQRES-2, DEM ALYANS-1, DEMALYANS-2, AXC, AXC-1, AXC-2. AXC-3, AXC-4 və sair. Fikir verirsiniz: sizin parçalanma toplantılarınıza kamera göndərməyəndən «demokratik düşərgədə» bu nömrələmələr dayandı…. Yoxsa bu müxalifət çoxdan mavzoleydə olmalı idi…
Siz özgə radioları müdafiə eldirsiniz. Vətən kimi. Ana kimi. Edin. Görünür, bu sizdən ötrü özgə deyil. Başqa bir ölkəni burda qoruyan radioları! Özgə qulaqları!!! Amma ANS-i barmağınızla çıxarmağa hazırsınız. Baxmayaraq ki, o gözdür!!!
Kamil müəllim! Mən Azərbaycanı bəlkə də hamıdan çox və sərt tənqid edirəm. Amma özümüzünkülərin yanında. İnciməyin, Sizin yanınızda bunu eləməyəcəyəm. Heç vaxt.
("Yeni Müsavat")