Azərbaycan-Avropa İttifaqı münasibətlərində son illərdə müşahidə olunan dinamika göstərir ki, regionda formalaşmış yeni reallıq artıq beynəlxalq münasibətlər sisteminə də öz təsirini göstərməkdədir. Ermənistan-Azərbaycan münaqişəsi uzun illər ərzində Cənubi Qafqazın siyasi gündəmini müəyyənləşdirən əsas amil olub. Məhz bu münaqişə Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatındakı rolunun tam şəkildə reallaşmasına mane olan başlıca faktor kimi çıxış edirdi. Münaqişənin davam etməsində maraqlı olan müxtəlif xarici dairələr də həmin vəziyyətin dəyişməsini istəmirdi. Lakin Azərbaycanın yaratdığı yeni reallıq bu yanaşmaları kökündən dəyişdi.
Bu gün Avropa İttifaqının Azərbaycanla münasibətlərində müşahidə olunan praqmatik yanaşma təsadüfi deyil. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qalxması Azərbaycanın strateji əhəmiyyətini də Avropaya daha aydın göstərdi. Artıq Avropa İttifaqı üçün Azərbaycan yalnız enerji resurslarına malik ölkə deyil, həm də Avrasiyanın mühüm geosiyasi mərkəzlərindən biri, regional sabitliyin əsas təminatçılarından biridir. Məhz buna görə də tərəflər arasında münasibətlər əvvəlki dövrlərlə müqayisədə daha məhsuldar, daha strateji və qarşılıqlı maraqlara əsaslanan xarakter almaqdadır.
Azərbaycan heç vaxt Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyib. Lakin münaqişənin davam etdiyi illərdə Azərbaycanın üzləşdiyi geosiyasi vəziyyət bəzi hallarda Avropa İttifaqına daha üstün mövqedən çıxış etmək imkanı verirdi. Münaqişənin aradan qalxması bu vəziyyəti dəyişdirdi. Artıq münasibətlər yalnız bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzərində qurula bilər. Azərbaycanın regional proseslərdə əldə etdiyi mövqe, Avropa üçün də yeni reallıq yaradıb və bu reallıqla hesablaşmamaq mümkün deyil.
Şübhəsiz, regionda sülhün tam bərqərar olmasını istəməyən qüvvələr hələ də mövcuddur. Lakin onların proseslərə həlledici təsir imkanları əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib. Azərbaycanın qətiyyətli siyasi iradəsi nəticəsində regionda yeni geosiyasi reallıq formalaşıb və artıq bu reallığın dəyişdirilməsi mümkün görünmür. Avropa rəsmilərinin Azərbaycana artan səfərləri də Brüsselin bu yeni şəraitdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir.
Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycanın sülh prosesində oynadığı rolu etiraf etməsi xüsusi siyasi məna daşıyır. Bu yanaşma uzun illər ərzində formalaşmış münasibətlər modelinə yenidən baxılması və əməkdaşlığın yeni mərhələyə keçməsi barədə verilən siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu gün həm Azərbaycan, həm də Avropa İttifaqı qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər böyük potensiala malikdir. Lakin bu potensialın hərəkətə gətirilməsi bölgəmizdə davamlı sülhün təmin olunması ilə birbaşa bağlıdır.
Son illərdə Azərbaycanın sülh danışıqları ilə bağlı ortaya qoyduğu prinsipial mövqe də bu baxımdan həlledicidir. Rəsmi Bakı hesab edir ki, Ermənistanla davamlı sülhə nail olmağın ən səmərəli yolu birbaşa dialoqdur. Təcrübə göstərir ki, üçüncü tərəflərin prosesə cəlb edilməsi əksər hallarda münaqişənin həllini sürətləndirmək əvəzinə onu daha da mürəkkəbləşdirir. Bu səbəbdən Azərbaycan vasitəçilərin deyil, birbaşa siyasi dialoqun daha effektiv nəticə verəcəyini ön plana çıxarır.
Regionda sülh perspektivinin güclənməsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni imkanlar yaradır. Siyasi sabitlik investisiya mühitini yaxşılaşdırır, iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradır və bölgənin həm Avropa, həm də Asiya üçün strateji əhəmiyyətini artırır. Bu gün beynəlxalq aktorların Cənubi Qafqaza marağının artmasının əsas səbəbi də məhz bölgədə sülh perspektividir.
Fransa ilə münasibətlər də bu ümumi mənzərənin tərkib hissəsidir. Əslində, söhbət iki ölkə arasında münasibətlərin sıfırdan qurulmasından deyil, vaxtilə mövcud olmuş əməkdaşlığın yenidən canlandırılmasından gedir. Vətən müharibəsinə qədər Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni və humanitar sahələrdə geniş əlaqələr mövcud idi. Sonrakı dövrdə siyasi fikir ayrılıqları bu münasibətlərə mənfi təsir göstərsə də, hazırda hər iki tərəfin normallaşma istiqamətində verdiyi mesajlar əvvəlki əməkdaşlıq potensialının yenidən bərpa olunması üçün əlverişli zəmin yaradır.
Avropa İttifaqının, Fransanın və digər Qərb dövlətlərinin Azərbaycana münasibətində müşahidə olunan dəyişikliklərin əsasında təsadüfi amillər deyil, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq dayanır. Məhz Azərbaycanın yürütdüyü siyasi kurs ölkəmizi regionun əsas söz sahibinə çevirib və Avropa ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını yaradıb.