Modern.az

“Azərbaycanda məmurun vəzifə prioriteti vətəndaşın hüquqlarından çox tanınır” - PROBLEM

“Azərbaycanda məmurun vəzifə prioriteti vətəndaşın hüquqlarından çox tanınır” - PROBLEM

Ölkə

15 Dekabr 2014, 13:21

Azərbaycanın müxtəlif bölgələrində son zamanlar baş verən vətəndaş və məmur qarşıdurması ciddi müzakirə mövzusuna çevrilib.

Gəncədə baş verən son hadisə bu məsələni bir daha gündəmə gətirdi. Məlum oldu ki, vətəndaş-məmur qarşıdurmasında həmişə təqsirli birmənalı vətəndaşlar sayılır.

Gəncənin Nizami rayonu İcra Hakimiyyətinin əməkdaşları sənədsiz tikililəri sökərkən, onların sahibləri olan kəlbəcərli köçkünlər buna etiraz ediblər. Proses sonradan elə həddə çatıb ki, səbir kasası daşan kəlbəcərlilər polis əməkdaşlarına və Nizami rayonu İcra Hakimiyyətinin başçısına, onun müavininə xəsarət yetiriblər. Nəticədə yenə də haqlı tərəf məmurlar olub və təqsirli bilinən bir qrup saxlanılıb.

“Bizim ölkədə qanunlar çevik işləmədiyindən məmurun vəzifə prioriteti vətəndaşların hüquqlarından daha çox tanınır”.

Bunu Modern.az saytına Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa cəmiyyətdə məmur və vətəndaş qarşıdurmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əslində qanun hər iki tərəf üçün dəqiq normalar müəyyən edir: “Lakin Azərbaycanda qanunların icrasında çeviklik olmadığı üçün belə məsələlərlə qarşılaşırıq. Vəzifəli şəxslərin hansısa problemlə bağlı hüquqları daha çox tanınır. Bu, hüquqi dövlət anlayışının zəif olması ilə bağlıdır”.

Bununla belə, deputat məmurlarla qarşı zorakılığı da dəstəkləmir. Onun sözlərinə görə, məmur öz funksiyasını düzgün yerinə yetirmirsə, ona qarşı müəyyən tədbirlər görülməlidir:



“Lakin hazırda bu əlçatan olmadığından vətəndaş məcbur qalıb başqa vasitələrə ( yumruq, sillə, təpik) əl atır. Amma bu da çıxış yolu deyil. Hüquqi zəmində bu məsələlərin çözülməsinə ehtiyac var. Bütün hallarda hansısa bir məmur fiziki zorakılıq tətbiq etmək yolverilməzdir”.

Fazil Mustafa onu da vurğulayır ki, məmurlar da vəzifə funksiyalarını normal yerinə yetirməlidirlər:
“Bəzən biz də işığı, qazı, suyu vaxtında ala bilmirik. Pulu ödənirsə, bunu etmək lazımdır. Hər hansı şəkildə funksiyalar yerinə yetirilmirsə, vətəndaşın da əsəbləri daşdan deyil. O da dillənə bilər. Ona  hansısa şəkildə cavab verməlidir. Lakin problem hüquqi çərçivədə  həll olunmalıdır. Hər iki tərəfin günahı araşdırmalıdır. Hər şeyi yalnız vətəndaşın üstünə atmaq olmaz”.

Məltəm TALIBZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı