
Öz ata-baba torpaqlarını ziyarətə gedən kəlbəcərli məcburi köçkünlər, Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumatları düşmən tərəfi verir. Demək, bütün məlumatlar Ermənistan xüsusi xidmət orqanlarının sücgəcindən keçirilərək internetə yerləşdirilir. Bu isə birmənalı şəkildə onu deməyə əsas veriri ki, girovlarla bağlı dövriyyəyə ötürülən bütün informasiyalar Ermənistanın xeyrinə işləyir.
İndi Ermənistan öz ata-baba qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə gedən kəlbəcərliləri terrorçu kimi təqdim edir.
Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Sülhəddin Əkbər Modern.az saytına açıqlamasında bildirib ki, burda lokal və beynəlxalq məsələ var: “Əgər ölkədə azad demokratiya, mətbuat azadlığı yoxdursa, həmin ölkədən sərbəst, obyektiv müstəqil şəkildə informasiya almaq çox çətin olur. Xüsusilə, müharibə istəyində olan bir dövlətdən söhbət gedirsə, müharibə qanunlarına uyğun olaraq məqsədyönlü şəkildə bu informasiyadan “qara piar” məqsədilə istifadə olunur. Ermənistanın demokratik ölkə olmadığını nəzərə alsaq, şübhəsiz ki, informasiyalar xüsusən də bu tip informasiyalar məqsədyönlü şəkildə psixoloji müharibənin bir elementi kimi istifadə olunur. Burada əsas informasiyanı Ermənistanda birbaşa işləyən beynəlxalq mətbuat orqanlarından almaqdır. Hansı ki, həmin beynəlxalq media qurumlarının Ermənistanda ofisləri, büroları var. Yaxud birbaşa müstəqil obyektiv məlumat yaya bilirlər. Şübhəsiz, Azərbaycan da xüsusi xidmət orqanları və digər xəttlərlə həm açıq, həm də gizli mənbələrdən obyektiv informasiya almalıdır. Bunu da öz vətəndaşlarına çatdırmalıdır”.
Sülhəddin Əkbərin sözlərinə görə, girovlarla bağlı Ermənistan mətbuatının verdiyi informasiyalar mötəbər sayıla və obyektiv ola bilməz. “Ona görə də müstəqil informasiya mənbələrindən istifadə etmək daha doğru olardı. Ermənistan mətbuatının kəlbəcərli girovlarla bağlı yaydığı məlumatlar yanlışdır”.
MTN-nin keçmiş əməkdaşının fikrincə, əslində Ermənistan hökumətinin girovlarla bağlı yaydığı informasiyalar Ermənistanın elə özünə qarşı işləyir. “Girovlarla bağlı məsələnin mahiyyətinə varsaq, analiz etsək görərik ki, məhkəmə prosesi də, yayılan video görüntülər də, mətbuatın yazdığı digər yazılar da Ermənistanın özünə qarşı işləyir. Ermənistanda məhkəmə sisteminin hüquq-mühafizə orqanlarının hansı metodlarla çalışdığını göstərir. Heç şübhəsiz ki, bu iki şəxs girovluqdadır və onların heç bir hüququ qorunmur. Onlara qarşı təzyiqlərlə alınan ifadələr mötəbər sayıla bilməz.”.
“Bəs düşmən tərəfinin girovlarla bağlı yalan informasiyalar yaymaqda məqsədi nədir” sualına Sülhəddin Əkbər belə cavab verib.
“Ermənistanla müharibə şəraitindəyik. Ona görə də Ermənistan bizə qarşı informasiya müharibəsi aparacaq və bunu edir. Burada da əsas məsələ Azərbaycan cəmiyyətinə mənfi, psixoloji təzyiq göstərməkdir. Yəni baxın, Azərbaycan xalqı, dövləti öz vətəndaşlarını qoruya bilmir, kimi yanaşma sərgiləyirlər. Onların məqsədi Azərbaycanın bu məsələdə necə aciz olduğunu göstərmək, bununla Azərbaycan ictimaiyyətində hakimiyyətə qarşı mənfi fikri formalaşdırmaqdır. Ümumiyyətlə, informasiya müharibəsində kim daha ağıllı çalışırsa, bu, onun xeyrinə işləyir”.
Namidə BİNGÖL