İstər bölgələrdə, istərsə də Bakıda sahibkarlarla bəzi İcra Hakimiyyətləri arasında ciddi problemlər yaşanır. Bu barədə ötən gün məlumat vermişdik. Modern.az-a məlumat daxil olmuş məlumata görə, ayrı-ayrı sahibkarlar İcra Hakimiyyətləri tərəfindən müxtəlif işlər görsələr də, sonda iş adamları gördükləri işin əvəzində vəsait ala bilmirlər. Hətta, yaxın zamanlarda məsələyə hüquq-mühafizə orqanları ciddi müdaxilə edəcək.
Füzuli Rayon İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən şöbə müdirinin sözlərinə görə onlarda belə hallar ola bilməz. “Hər bir sahibkarla icarə müqaviləsi bağlanır. Bu məsələyə hüquqi şəxslər nəzarət edir. Ona görə də bizim icra hakimiyyətində belə hallar ola bilməz. Heç bir sahibkarın haqqı kəsilmir və kəsilə də bilməz”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də belə halla rastlaşmadığını, jurnalistlərin daha ciddi yazılar yazmasını məqsədəuyğun hesab edir.
Gəncə Şəhər İcra Hakimiyyətindən isə bu cür məsələlərdə Gəncənin adının çəkilməməsini “rica” ediblər: “Ümumiyyətlə, Gəncə İcra Hakimiyyətində belə xoşagəlməz hallar yoxdur. Gəncə şəhərinin adını belə məsələlərdə çəkməyin yeri yoxdur. Kimisə işlədib pulunu verməmək kimi faktı kimsə göstərə bilməz. Gəncədə heç bir narazılıq yoxdur”.
Namidə BİNGÖL