
Bu ilin iyulunda eks-deputat Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması qurumda bir sıra müsbət yenilik və islahatlarla nəticələndi. Mütəmadi olaraq müxtəlif regionlarda, eləcə də paytaxtın ayrı-ayrı qəsəbə və kəndlərində yerli əhali, din xadimləri ilə görüşən sədr din və dövlət arasındakı münasibətlərin möhkəmləndirilməsi yönündə zəruri addımlar atdı. Yaxşı mənada ən səs-küylü addım isə yas mərasimlərindəki israfçılıqla bağlı olub. Komitə sədrinin yas mərasimlərindəki süfərələrdə yol verilən israfçılığı kəskin tənqid etməsi və bundan imtinaya dair tövsiyələri ictimaiyyət tərəfindən də razılıqla qarşılandı.
Jəmin səs-küylü tövsiyədən sonra ilk vaxtlar respublikanın demək olar ki, bütün bölgələrində yas mərasimləri zamanı israfçılığa qarşı mübarizə aparıldı. Süfrələrdə meyvə, isti yemək, bəzi içkilər və şirniyyat çeşidlərinin əksəriyyəti yığışdırıldı. Təamlardan yalnız halva, xurma, çaydan istifadəyə izn verildi.
Modern.az saytı toxunduğu mövzuya əlavə olaraq qeyd edir ki, bu istiqamətdə atılan addımlar çox keçmədən ictimaiyyət tərəfindən qınaq obyektinə çevrildi. Bəziləri yas mərasimlərindəki israfçılığa qarşı məcburi tədbirlər görməyin əleyhinə çıxdı. O da maraqlı oldu ki, öncələr yas süfrələrindəki isrfaçılıqdan gileylənən əhali zümrəsi, sonradan qonağını yaxşı yola sala bilmədiyini qeyd etməklə narazılığını dilə gətirdi.
Müşahidələr göstərir ki, hazırda yas süfrələri yenidən öz təamlarına qovuşmaqdadır. Süfrələrdə aşla yanaşı banan, kivi kimi yas sahibinə maddi cəhətdən ziyan gətirə biləcək məhsullar da gözə dəyməkdədir. Maraqlı məqamlardan biri də vaxtilə bu israfçılığa qarşı çıxan və onu kəskin tənqid edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin məsələyə mülayim yanaşmasıdır. Hiss olunur ki, Mübariz Qurbanlı geri çəkilib. Son vaxtlar yas mərasimlərindəki israfçılıq barəsində heç bir ciddi təkliflər irəli sürülmür...
Modern.az