Azərbaycanın Gürcüstandakı səfirliyi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Tsopi kənd məktəbinə bayram sovqatı paylayıb. Kənd ermənilərlə lap sərhəddədir. Uzaqdan diqqətlə baxsan çox şey görə bilərsən. Amma...
Modern.az saytı xəbər verir ki, səfirliyin əməkdaşları məktəbin kollektivini və şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları münasibətilə təbrik edib, məktəbə televizor, DWD, müxtəlif məzmunlu kitablar, şagirdlərə məktəbli çantaları, bağlamalar veriblər.
Məlumat üçün bildirək ki, Tsopi kənd məktəbində 47 azərbaycanlı və 7 erməni şagird təhsil alır. Onlarım təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur.
Adının çəkilməsini istəməyən, fotoaparatın kamerasından yayınan erməni müəllimə Modern.az-ın Gürcüstandakı əməkdaşına deyib:
“Mən istəmirəm adım hallansın, amma onu deyim ki, bura Gürcüstandır. Uşaqlarımızın bir yerdə dərs keçməsi faciə deyil. Biz istəmirik ki, kiminsə balası millətçi ruhda böyüsün, sonra da kiməsə düşmən olsun. Fikirləşirəm ki, nə demək istədiyimi bilirsiniz. Biz Ermənistan dövlətinin siyasətinə də qarışmırıq. Odur baxın, Ermənistan bizdən 2 kilometr aralıdadır. Heç getmirik də. Övladlarımız da getmirlər. Bilmirəm nə deyim. Bircə onu deyə bilərəm ki, yaxşı ki, Gürcüstanda yaşayırıq. Bizim cavanlarımız da heç burada deyillər. Oğlanlarımız böyüyən kimi hərəsi bir xarici ölkəyə üz tutur. Qızlarımız cavan qocalırlar ...
Mən yenə də deyirəm, faciə bu uşaqların bir yerdə oxumasında deyil. Uşaqlar tənəffüsdə bir yerdə oynayırlar. Problem ondadır ki, bu uşaqlar böyüdükdən sonra başqa təsir altına düşürlər. Bax əsl faciə də bundan sonra baş verir”.
Digər erməni müəllimə danışmaq istəməyibr, sadəcə uşaqlarla bir yerdə şəkil çəkdirməyə üstünlük verib.
Bu uşaqların simasından sanki, yetimlik yağır. Uzun aclıq, səfalət, qaçqınlıq və əsirlik həyatı yaşayanlara bənzəyirlər.
Əməkdaşımızın “bunlar niyə belə rəzil gündədirlər” sualına cavabında “rəzil” sözünün mənasını əvvəlcə başa düşməyən müəllimə, sonra başını bulayıb, “hə anladım” deyib:
“Nə bilim, onlara kim yardım edəcək... Onların gözü həmişə yoldadır. Düzdür hərdən bizimkilər də bayram sovqatı gətirirlər, amma bu hər zaman olmur...”.
Qeyd edək ki, məktəb çox acınacaqlı vəziyyətdədir. Azərbaycanın SOCAR şirkəti 2015-ci ildə bu məktəbi əsaslı təmir edəcək. Artıq sənədləşmə işləri aparılıb, layihə-smeta sənədləri hazırlanıb.
Amma bir faktı da qeyd edək: məktəbdən bir az aralıda Koroğlu qalası var. Hər iki məktəbin şagirdlərindən bu qalanın tarixini, adını soruşduq. Bir-iki azərbaycanlı yuxarı sinif şagirdi istisna olmaqla hər iki tərəfin cavabı eyni oldu: “Ora dağdır, orda nə var ki?”...





Modern.az