Yay mövsümünün ikinci yarısında məzuniyyətə çıxmayan və ya qısa həftəsonu istirahəti planlaşdıranlar üçün Azərbaycanda həm büdcəyə uyğun, həm də rahat səyahət imkanları mövcuddur.
Bunu Modern.az-a açıqlamasında turizm eksperti Samir Dübəndi deyib.
Ekspert bildirib ki, Bakıdan çıxışı nəzərə aldıqda bir günlük istirahət üçün ən münasib istiqamətlər Xızı–Altıağac və Şamaxı–Pirqulu, bir gecəlik səfərlər üçün isə İsmayıllı–Basqal–Lahıc, Quba–Qəçrəş–Qusar və Lənkəran–Lerik marşrutlarıdır.
"İlk iki istiqamətdə yola daha az vaxt sərf olunur. Quba və İsmayıllı təbiət, iqlim və xidmət seçimi baxımından daha balanslıdır. Lənkəran–Lerik isə məsafəyə görə iki günlük proqram üçün daha məqsədəuyğundur", – deyə o qeyd edib.
Samir Dübəndinin sözlərinə görə, 3 avqust 2026-cı il tarixinə elan olunan təkliflərə əsasən, bir günlük qrup turlarının qiyməti adambaşına adətən 22–35 manat arasında dəyişir. Xınalıq və daha uzaq dağ marşrutlarında isə qiymətlər 50 manata qədər yüksəlir.
Ekspert bildirib ki, qidalanma və ödənişli məkanlara giriş xərcləri də nəzərə alındıqda, bir nəfər üçün gündəlik real xərc təxminən 45–80 manat, iki nəfər üçün isə 90–160 manat təşkil edə bilər. O, hazırda Şamaxı, İsmayıllı, Quba və Lənkəran–Lerik istiqamətlərində bu qiymət diapazonunda təkliflərin olduğunu vurğulayıb.
Müsahibimizin sözlərinə görə, bir gecəlik, iki günlük hazır tur paketləri əsasən adambaşına 109–135 manat civarında təklif olunur. Bu paketlərə adətən nəqliyyat, gecələmə və bəzi hallarda səhər yeməyi daxildir.
Samir Dübəndi əlavə edib ki, səfər müstəqil təşkil olunarsa, büdcə kateqoriyalı qonaq evi və ya hotel, sadə qidalanma, nəqliyyat və yerli gedişlər daxil olmaqla iki nəfər üçün Şamaxı–İsmayıllı istiqamətində təxminən 180–280 manat, Quba–Qusar və Lənkəran–Lerik marşrutlarında isə 210–340 manatlıq büdcə nəzərdə tutmaq daha realdır. Premium hotellər, ayrıca kottec və fərdi transfer seçildiyi halda isə xərclər daha yüksək olur.
Ekspert hesab edir ki, ən qənaətli seçim bir günlük Şamaxı–Pirqulu və ya İsmayıllı–Lahıc qrup turudur. Daha sakit və dolğun istirahət üçün isə Quba və ya Lənkəranda qonaq evində bir gecəlik səfər daha məqsədəuyğun variant sayılır.
Samir Dübəndi sonda vurğulayıb ki, göstərilən rəqəmlər rəsmi orta tarif deyil, cari bazar təklifləri əsasında formalaşan təxmini qiymət diapazonudur. Onun sözlərinə görə, həftəsonu tələbatının artması səbəbindən qiymətlər yüksələ bildiyi üçün əvvəlcədən rezervasiya etmək və paketə daxil olan xidmətləri dəqiqləşdirmək vacibdir.