Modern.az

“Ələsgər” necə olur?

“Ələsgər” necə olur?

Ölkə

10 Aprel 2015, 10:07

telejurnalist

Onun sonunu bu silsilədən oxuyacağınız yazılarda biləcəksiniz...

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, bir az da kövrək hisslər oyadan xatirələr

Bundan əvvəlki yazıda “Ələsgər”i xarakterizə edərkən bildirmişdim ki, bu və ya digər müəssisələrə ezam olunan bizim jurnalistləri rəhbərliyin tapşırığı ilə müşayiət edən adamlar xeyirxah, əliaçıq (bu xüsusiyyətlər də rəhbərliyin verdiyi proqramla bağlıdır) olanda müxbir və redaktor da, rejissor və operator da işini şövqlə görürdü. Çəkilişə gedəndə yaradıcı heyət bir adamı – “Ələsgər”i axtarırdı. Məndən tez-tez soruşurdular:

- “Ələsgər” müəllim buradadır?

Elə ki məndən “bəli” cavabını eşidirdilər, üzləri gülürdü.

Bir gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatlarından birində - konfederasiyanın (o vaxtlar adı Həmkarlar İttifaqları Şurası idi) Neftçilər respublika komitəsində çəkiliş aparmalıydıq. Komitənin sədri Zaməddin Həmişəyev idi.    

Sovet dövrünün tək-tük təmiz adamlarından biri idi. Rüşvət nədi bilməzdi. Nə birindən bir manat alardı, nə birinə beş qəpik verərdi. İşini səliqəli görürdü, vicdanla çalışırdı. Bütün bunlar barədə mənim mərhum qardaşım danışmışdı. Qardaşım da həmin sahədə işləyirdi, Zaməddin müəllimin işçisi idi. Mənə dönə-dönə tapşırmışdı ki, "məbadə arada hədiyyə, pul barədə danışasınız, biabır olaram".  

Onu arxayın etdim ki, bizim çəkiliş qrupu abır-həyalı işçilərdir, natəmiz hərəkətə yol verməzlər. Bu barədə həm rejissora, həm operatora, həm də işıqçıya demişdim.

Xülasə Zaməddin müəllimin çıxışını lentə aldıq. Şair təbiətli müsahibimiz geniş çıxış etdi. Hamımız yorulmuşduq. Yığışılıb getmək istəyirdik ki, Zaməddin müəllim əlini cibinə saldı. Rejissorla operator biri-birinə göz vurub irişdilər. Rejissor qulağıma pıçıldadı: “Bəs deyirdin o “Ələsgər” deyil?”.

Mən özüm də məəttəl qalmışdım. Hər-halda o cür mədəni adamın nə verəcəyindən asılı olmayaraq, qəti fikirdəydim: manat da götürmərəm. Bu vaxt Zaməddin müəllim əlini cibindən çıxartdı, ovcunda bir topa açar. Seyfə tərəf getdi. Həmkarlarımın üzü bu dəfə gül kimi açılmışdı, sevinc içindəydilər.

Rejissor bu dəfə operatora tərəf əyildi:

- Bu, elə əsil "Ələsgər"iymiş ki! Halal olsun! Mülatif müəllim bizi deyəsən aldatmaq istəyirdi.

Zaməddin Həmişəyevə bildirdim ki, "biz getməliyik, başqa yerdə də çəkilişimiz var".

- Nə danışırsınız, buraxmaram sizi, əyləşin.

Oturub onun hərəkətini izləyirdik. Əllərini seyfin içinə saldı, orada bir bağlı seyfi də açmağa başladı. Məni isə fikir götürmüşdü: qardaşıma nə deyəcəkdim. Axı, möhkəmcə tapşırmışdı ki, heç nə götürməyək. Seyfin içindəki seyfdən kiçik bir nəlbəkidə kobud kağıza bükülmüş bir-neçə nanəli konfet çıxardı.

- Baxın, bu konfetlər mənim böyüyüb boya-başa çatdığım, tərbiyə aldığım Qazax rayonunda istehsal olunub. Bundan hərəniz bir dənə yeməsəniz, sizi buraxan deyiləm.

Bu dəfə operator özünü saxlaya bilmədi.

- Hə, Qazaxda  sizə yaxşı mədəniyyət öyrədiblər. Bu konfetlərə diş batar?

Rejissor da üz-gözünü turşudub nəsə demək istəyirdi ki, mən ona imkan vermədim.

- Bizim qrupun sənətkarları çox zarafatcıldılar. Bu konfetlər mənim uşaqlarım üçün çox gözəl hədiyyə olacaq. Olarmı hamısını götürüm?

- Buyurun, buyurun, dördünü də götürün, seyfdə daha qalmayıb, yoxsa...

- Yaxşı ki, qalmayıb, - deyə operator bu dəfə də istehza ilə müəllimə baxdı: - camaatı dadandıracaqsınız sizdən əl çəkməyəcəklər.

Gülüşdük. Nikbin əhval-ruhiyyə ilə “Ələsgər”dən ayrıldıq. Buna baxmayaraq...

P.S. “Ələsgər”in növbəti sərgüzəştləri haqqında gələn xatirələrdə söz açacağam.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı