Modern.az

Ali məktəblərdə imtahanlarda nə qədər tələbə kəsilib? - AÇIQLAMA

Ali məktəblərdə imtahanlarda nə qədər tələbə kəsilib?  - AÇIQLAMA

Ölkə

2 İyun 2015, 15:18

Bakıda keçiriləcək I Avropa Oyunlarına görə, paytaxtda yerləşən ali təhsil müəssisələrində yay imtahan sessiyası mayın 11-də başlayıb 30-da başa çatıb.

Modern.az saytı imtahanların nəticələri ilə bağlı bir sıra dövlət universitetinə müraciət edib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:

“Avropa Oyunlarına görə təhsil nazirinin əmri ilə tədris qrafikində edilən dəyişikliyə əsasən, Bakı Dövlət Universitetində yay imtahan sessiyası may ayının 12-dən 30-dək davam edib. Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların araşdırılması, həll edilməsi məqsədi ilə qərargah və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları fəaliyyət göstərib. Sessiya müddətində orta hesabla hər gün 4000-ə yaxın tələbə imtahan verib və universitet üzrə orta müvəffəqiyyət göstəricisi təxminən 70 faiz olub”.

Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı:

“Mayın 31-də yay imtahan sessiyası başa çatıb. İmtahan prosesi öz axarı ilə gedib. İmtahana nəzarət komissiyasının üzvləri, eləcə də bütün nəzarətçilər imtahanlarda şəffaflığın qorunması üçün əllərindən gələni ediblər. İmtahanlar üçün qurulan sistem şəffaflığın qorunmasına yüksək təminat verib.

Ümumi imtahan prosesi imtahan komissiyasının sədri, beynəlxalq əlaqələr üzrə prorektor dosent Rafiq Camalov, o cümlədən üzvlər - neft-mexanika fakültəsinin dekanı dosent Sakit Abbasov, tədris şöbəsinin rəisi dosent Lətifə Məmmədova, informasiya kommunikasiya texnologiyaları mərkəzinin (İKTM) rəisi dosent Osman Mirzəyev tərəfindən təşkil olunub.

Tələbənin semestr ərzində topladığı bal da, imtahana 10 gün qalmış İKTM-ə təqdim edilir və mərkəzdə fakültələrə təhkim edilən əməkdaşlar tərəfindən kompüterə oturdulur. Komissiya imtahanın nəticəsini İKTM-ə təqdim etdikdən sonra İKTM əməkdaşları həmin nəticələri kompüterə oturdur. Xüsusi proqram vasitəsilə tələbənin biliyi qiymətləndirilir və nəticə cədvəl şəklində çap olunur. Sonra İKTM rəisi tərəfindən imzalanaraq fakültə dekanlarına təqdim edilir. Dekanlar nəticələri tələbələrin nəzərinə çatdırırlar.

İmtahanın qiymətindən narazı olan tələbələr apelyasiya şikayəti verə bilər. Bu zaman şikayətə apelyasiya komissiyası baxır və müvafiq qərar qəbul edir. Yay semestrində də imtahanların bu formada keçirilməsi qərara alınmışdı. Təbii ki imtahan varsa, mütləq kəsirlər də olacaq. Bizdə də kəsirləri olan tələblər var. Amma hələ ki ümumiləşdirmə aparılmayıb. Lakin imtahanlarda kəsiri olan tələbələrin yay məktəblərinə qatılmaqla yenidən öz biliklərini yoxlamaları üçün imkanlar yaradılacaq. Avropa Oyunları ilə əlaqədar könüllülər cərgəsində olan tələbələrimiz üçün isə imtahanlar iyunun 29-dan iyulun 7-nə qədər aparılacaq”.

Tibb Universitetinin mətbuat xidmətinin tədris hissə rəhbəri Nəsimi Qasımov:

“İmtahanlar uğurla keçib. Çünki imtahanlar kompüterlər vasitəsilə həyata keçirilir. Ona görə də hər hansı problem olmayıb. Qaynar xəttə də hər hansı zəng edilməyib. Əvvəlki illərlə müqayisədə builki nəticələrimiz də yaxşıdır”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova:

“Azərbaycan Dillər Universitetində bu tədris ilinin yaz imtahan sessiyası yekunlaşıb. Universitetin rektoru, deputat, professor Səməd Seyidovun bu il  aprelin 6-da imzaladığı 32 saylı əmrə əsasən imtahan sessiyası universitetdə mayın 12-dən 31-dək  aparılıb. Əmrə əsasən yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah yaradılıb.

Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Universitetdə imtahan sessiyası mövcud normativ sənədlərə uyğun təşkil olunub və sessiya normal başa çatıb. İmtahanla bağlı şikayətlər qeydə alınmayıb. Tələbələrin müraciətləri əsasında imtahanlarda qiymətin obyektivliyini müəyyən etmək üçün nəticələrdən narazı qalan tələbələrin apelyasiyaya müraciətləri olub və imtahan sualları yoxlandıqdan sonra haqlı tərəfin xeyrinə qərar verilib”.

Slavyan Universitetinin mətbuat katibliinin rəhbəri Adil Əliyev:

“İmtahanlar hər il olduğu kimi uğurla keçib. Hər hansı problem olmayıb. Ənənəvi olaraq bütün imtahanlarda valideynlər də iştirak edib, lazım olan bütün metodiki vəsaitlər imtahan otaqlarında təşkil olunub. Dekanlıqların nəzdində xüsusi operativ komissiyalar fəaliyyət göstərib.

Eyni zamanda, universitet qərargahı da formalaşdırılmışdı. Həmin qərargahda ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak edirdi. Tələbələrin hər hansı problemi yarana kimi həll olunurdu. Bu da onların borcu idi. Amma prinsip etibarilə universitetimizdə imtahanlarda problemlər olmayıb. Çünki, adətən, problem olan kimi nazirliyin “qaynar xətti”nə məlumat gedir. Amma bizim universitetdən hər hansı şikayət olmayıb.

Amma təbii ki, imtahanlarda kəsilən tələbələr olub. Bu da normaldır”.  

Sevinc YASİNQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı