İyunun 12-dən 28-nə qədər Bakıda I Avropa Oyunları keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası isə Ramazan ayının iyunun 18-də başlanması ilə əlaqədar fətva verib. Ramazan ayında isə toylar olmur. Bəs Bakıda fəaliyyət göstərən şadlıq saraylarında iyunun 12-dən 17-nə qədər olan müddətdə toy keçiriləcəkmi?
Modern.az saytı bununla maraqlanıb.
Paytaxtın Nizami rayonunda yerləşən “Ay işığı” şadlıq sarayından bildiriblər ki, iyunun 12-si, 13-ü və 14-də 2-ci korpusun 200 nəfərlik zalı boş olacaq. Əməkdaşımız iyun ayında şəhərdə toylara icazə verilmədiyi ilə bağlı qeyri-rəsmi qadağa qoyulduğunu dedikdə isə adminstrator öncə söylədiyi fikirləri təkzib edib və toyların sentyabr ayına keçirildiyini söyləyib.Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq evindən iyun ayında toy olmayacağı bildirilib. Əlavə olaraq bu ayda nəzərdə tutulan toyların sentyabr ayının sonuna qədər təxirə salındığı da deyilib.
Bakıxanov qəsəbəsində yerləşən “Həyat yolu” şadlıq sarayından bildirilib ki, iyunun 15-i və 17-də boş yer olacaq. Toylara icazə verilməməklə bağlı məsələyə gəldikdə, şadlıq sarayının rəsmisi yayılan fikirlərin əsassız olduğunu, heç bir problemin olmadığın bildirilib.
Nizami rayonunda yerləşən “Xəmsə” şadlıq sarayından iyunun 12-si, 13-ü, 15-i və 16-da 650 nəfərlik zalın boş olacağı bildirilib. Eyni tarixlərdə isə 450 nəfərlik zalın boş olacağı deyilib. Şadlıq sarayının adminstratoru bu günlərdə işlərin zəif olmasını əsas gətirərək qiymətlərdə razılaşa biləcəyini də vurğulayıb.
Nizami rayonunda yerləşən “Xan bağı” şadlıq sarayı iyun ayında istənilən tarixdə boş yer tapmağın mümkün olduğunu nəzərimizə çatdırdı.
Əhmədli qəsəbəsində yerləşən “Viktoriya” şadlıq sarayı iyun ayında yetərincə boş yer olduğunu, toyların təxirə salınması fikrinin boş söhbət olduğunu deyiblər.
Vüsalə QƏZƏNFƏRQIZI