Modern.az

Kılıçdaroğlunun müavini: “HDP-nin parlamentə keçməsini alqışlayıram” - MÜSAHİBƏ

Kılıçdaroğlunun müavini: “HDP-nin parlamentə keçməsini alqışlayıram” - MÜSAHİBƏ

Ölkə

8 İyun 2015, 15:01

“AKP-nin iştirak etmədiyi koalisiyanın xarici siyasətində çətinliklər olacaq”

İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərin nəticələrinə görə Cümhuriyyət Xalq Partiyası (CHP) ana müxalifət statusu yenidən qoruyub saxladı.

CHP başqanının beynəlxalq məsələlər üzrə müavini Faruk Loğoğlu Modern.az saytının suallarını cavablandırıb.

- Bundan əvvəl Türkiyə parlamentinin millət vəkili olmusunuz. İndi necə, yenidən millət vəkili seçildinizmi?

- Xeyr, çünki namizədliyimi irəli sürməmişdim.

- Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkidə qələbə qazansa da, lazımi səsi yığa bilmədiyinə görə koalisiya hökumətinin qurulması gündəmdədir. Sizcə, koalisiya hakimiyyəti reallaşacaq?

- Ən azından bəllidir ki, AKP parlamentdə təkbaşına iqtidar təşkil edə bilməyəcək. Buna görə də mütləq koalisiya yaradılmasına cəhd olacaq. Amma koalisiya hökumətinin yaradılması və ən əsası kimlərlə yaradılması, onun müddətinin nə qədər olacağı siyasi proseslərin gedişi ilə bağlıdır. CHP koalisiya ehtimalı üzərində işləyir. Amma bunlar hamısı nəzəridir, praktiki müstəvidə baş verənləri bilmək üçünsə, gözləmək lazımdır.

- Rəhbərliyində təmsil olunduğunuz CHP  hansı partiya ilə koalisiyaya gedə bilər?

- Belə başa düşürəm ki, CHP AKP ilə koalisiya yaratmağı düşünmür. CHP-nin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə koalisiya hökuməti formalaşdırmasının tərəfdarıyam. Düşünürəm ki, bu ittifaqa Xalqların Demokratik Partiyasının (HDP) kənardan dəstəyi ola bilər. Ancaq bütün bu deyilənlər nəzərdə tutulan ssenarilərdir. Bu ssenarilərin reallaşıb-reallaşmaması isə dəqiq deyil.

- Ümumiyyətlə, koalisiya hökumətinin Türkiyə modelində acı təcrübələr də az olmayıb. Məsələn, 2001-ci ildə baş nazir Bülənt Ecevitlə prezident Əhməd Necdət Sezər arasında yaranan gərginlik pik həddə çatdı və hökumətdə böhran yarandı. Bu təcrübədən çıxış edərək, demək olarmı ki, indi qurulması planlaşdırılan koalisiya fiaskoya uğrayacaq? 

- Məsələnin həm siyasi, həm də iqtisadi tərəfləri var. Türkiyə iqtisadiyyatı AKP iqtidarı zamanında çətin duruma düşüb. Lakin AKP-nin iştirak etmədiyi bir koalisiyanın xarici siyasətində çətinliklər olacaq. Amma yenə deyirəm, hələ tələsik proqnozlar vermək düzgün çıxmaz.

- CHP-nin əvvəlki seçkilərə nisbətən deputat yerləri azaldı. CHP ana müxalifət ola-ola niyə görə yüksək nəticə göstərmədi? Halbuki, CHP lideri Kamal Kılıçdaroğlu 35 faizi hədəfləmişdi.

- CHP 25 faiz səs yığdı və bu 2011-ci ildəkinə nisbətdə aşağı göstəricidir. Etiraf edək ki, CHP qarşısına qoyduğu məqsədə nail ola bilmədi. Amma AKP-nin səslərinin aşağı düşməsində CHP-nin də rolu var.

- PKK terror təşkilatının siyasi strukturu hesab edilən HDP 10 faizlik baryeri aşaraq parlamentə keçdi. Bu, parlamentin mənzərəsində nələri dəyişəcək?

- Şəxsən mən HDP-nin parlamentə keçməsini hər mənada müsbət qarşılayıram və bunu alqışlayıram. Bu, demokratiya, Türkiyənin gələcəyi baxımından müsbət hadisədir. Çünki insan hüquqları, təməl azadlıqlar məsələsində artıq HDP də öz sözünü deyəcək. PKK probleminin parlament səviyyəsində həll edilməsi məsələsi daha çox müzakirə mövzusu olacaq. Ona görə də HDP-nin qələbəsinə müsbət yanaşmaq lazımdır.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı