Modern.az

“Cəmiyyətdə orduya diqqət yetərincə deyil” - Hərbi ekspertlər NARAZIDIRLAR

“Cəmiyyətdə orduya diqqət yetərincə deyil” - Hərbi ekspertlər NARAZIDIRLAR

Ölkə

10 İyun 2015, 09:03

 

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələrin 97 illiyi qeyd ediləcək. Hər il həmin gün təşkil olunan paradlarda dünyaya ordumuzun gücünü nümayiş etdiririk. Bəs, orduya insanların, cəmiyyətin münasibəti necədir? Ordu gününü insanlarımız yetərli səviyyədə qeyd edirlərmi?  

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, keçmiş döyüşçü Füzuli Rzaquliyev son illər orduya münasibətin normal olduğunu bildirib.

“Ordu ilə bağlı insanlarda həvəs, coşqu yetərli səviyyədə olmasa da, var. Biz ordumuzu sevməliyik. Amma ordu günü ilə bağlı çoxları 23 fevralı-sovetin ordusunun gününü xatırlayır, amma 26 iyuna biganə yanaşırlar. Mətbuat da bu işlərdə yardımçı olmalıdır. Kim bizim ordunu sevib, qiymətləndirmir, deməli onun qanı təmiz deyil. Ordu quruculuğumuz göz qabağındadır. Biz döyüşü uduzmuşuq, müharibə hələ qabaqdadır. İnşallah, qələbə çaldıqdan sonra biz ordumuzu daha çox istəyərik”.

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlamasında cəmiyyətdə orduya münasibətin lazımi səviyyədə olmadığını bildirib:  

“I Avropa Oyunları ilə əlaqədar Silahlı Qüvvələr Günü əvvəlki illərdən fərqli olaraq adi bayram kimi qeyd ediləcək. Nazir də açıqlamasında hərbi paradın olmayacağını deyib. Lakin 50-dən çox nümayəndə heyətinin ölkədə olmasından istifadə edib, mətbuatımız, telekanallarımız silahlı qüvvələrlə bağlı yetərincə məlumat verməlidirlər. Silahlı Qüvvələrimiz Azərbaycan xalqının qürur yeridir. Amma təəssüflər olsun ki, əksər qurumlarımız, televiziyalarımız, radiolarımız yalnız 26 iyun ərəfəsində və ya həmin gün ordu barədə məlumat verirlər”.  

Üzeyir Cəfərovun fikrincə, torpaqları işğal altında olan dövlətin 365 gününün əksər vaxtı ordu haqqında materiallara yer verilməlidir:

“Düzdür, rəsmilər öz çıxışlarında, hansısa tədbirlərdə dəfərlərlə vurğulayırlar ki, hər şey diqqət mərkəzindədir. Lakin mətbuat, televiziyalar da bunu diqqətdə saxlamalıdırlar. Bir-ikisini çıxmaq şərti ilə telekanallar son dərəcə başqa istiqamətdə fəaliyyət göstərirlər. Təəssüf ki, müharibə aparan ölkənin mətbuatı bu sahəyə o qədər də köklənməyib”.  

Ekspert insanlarda orduya həvəsin o qədər də yetərli olmadığını qeyd edib: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olmayanları Müdafiə Nazirliyinin tabeliyində olan hərbi məktəblərə yönəldir. Axı, insanın hər şey içərisindən gəlməlidir. Onları zorla zabit etmək düzgün deyil. Dünən Naxçıvanski Hərbi Liseyinin buraxılışı oldu, 244 nəfər həyata vəsiqə aldılar, lakin həmin tədbirdə bir nəfər millət vəkili görmədim. Müdafiə nazirinin özü, müavinləri, baş qərargah rəisi oranı bitirib, lakin onların heç biri yox idi, generallardan kimisə görmədim. 3 və ya 4-cü dərəcəli tədbir keçirildi. Biz bu məsələlərə diqqət etməliyik”.

 

 

Aytən ƏLİYEVA  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı