Lev Tolostoyun “Hərb və Sülh” romanının Cənubi Qafaqazda gedən proseslərlə bağlılığı hər zaman hiss olunur. Mən bu əsər haqqında danışmaq fikrindən uzağam. Lakin bu günlərdə internet saytlarının birində yer alan bir xəbər diqqətimi cəlb etdi: “Erməni xalqı demoqrafik fəlakətlə üz-üzədir”.
Bu bəyanatla ASALA erməni terror təşkilatının üzvü Alek Yeniqomşyan çıxış edib. O, “Ermənistan Respublikasının sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi və çıxış yolları” mövzusunda toplantıda bildirib ki, “əgər hazırkı vəziyyət davam etsə, bir neçə onillikdən sonra Ermənistan və erməni xalqı yer üzündən silinəcək”.
Bu bəlkə də tarixi proseslərin mətiqi davamıdır. Erməni düşüncəsi, nifrəti, təcavüzü son məqamda Azərbaycanla bərabər özlərinə də problem olub. Bədnam qonşularımız öz yersiz, cəfəng iddialarının girovuna çevriliblər. Deyəsən, “Böyük Ermənistan” xülyası erməniləri gerçəkdən iflasa aparır.
Lakin işğal faktı nəticəsində regionda balans pozulub. 20 ildən çox davam edən erməni işğalı, ərazilərin, maddi və mədəni sərvətlərin dağıdılması ilə başa çatıb. Hesablamalara görə, təkcə müharibə nəticəsində Azərbaycana dəyən birbaşa iqtisadi ziyanın həcmi 22 milyard dollardan çoxdur. Bu rəqəm Ermənistanın işğal etdiyi ərazilərdə dağıdılan infrastruktur və kənd təsərrüfatı müəssisələrinin, əhaliyə məxsus daşınmaz və daşınan əmlakın ümumi dəyəri barədə təxmini hesablamalara əsaslanır.
Bundan başqa, Azərbaycan torpaqlarının işğalı özü-özlüyündə Ermənistan dövlətini də inkişafdan saxlayıb. İran İslam Respublikası istisna olmaqla bir çox müsəlman dövlətləri ilə iqtisadi və diplomatik əlaqələrin olmaması, eləcə də beynəlxalq və regional layihələrdən kənarda qalması Ermənistanı ağır duruma salıb. Ermənistan dövlətinin apardığı siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət həddindən artıq pisləşib. Bu məqamı erməni hakimiyyəti özü də açıq şəkildə bildirir.
Ermənistan-Azərbaycan münaqişəsinin bu qədər uzanması və ümumilikdə ermənilərin arxayınçılığının çox səbəbləri var. Mən bunların ikisini qeyd etmək istərdim.
Birincisi, bu ermənilərin mahiyyətindən, türk xalqlarına münasibətindən və nəhayət sivil yaşam tərzinin olmamasından qaynaqlanır.
İkincisi, bu məsələ beynəlxalq təşkilatların, əsas aparıcı dövlətlərin işğalçı Ermənistana loyal münasibəti ilə bağlıdır. Acınacaqlı hal odur ki, beynəlxalq təşkilatlar, xüsusilə, ATƏT-in Minski qrupunun həmsədr dövlətləri Qarabağ münaqişəsində əsl həqiqəti axtarmaq əvəzinə yalnız müəyyən maraqlar çərçivəsində hadisəyə yanaşırlar. Ümumiyyətlə, hər bir münaqişənin ədalətli həlli ilk öncə həqiqəti tapmaqdan və hadisələrə müəyyən maraqlardan deyil, obyektiv, ədalətli yanaşmadan keçir. Bu konfliktin həllində hamını razı salacaq variantın olması nədənsə inandırıcı görsənmir.
Burada ən ali həqiqət işğala məruz qalanla işğalçını müəyyən edib beynəlxalq hüququn tələblərini hər iki tərəfə göstərməkdir. Əgər işğalçı heç bir hüquqa, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymursa onda bu məsələni çözmək üçün dünyada yetərincə beynəlxalq hüquqa söykənən təcrübə var. Böyük dövlətlərin maraqları bu təcrübəni tətbiq etməyə mane olur.
1992-cı ildə yaradılan və o vaxtdan bəri bölgəyə saysız-hesabsız nümayəndələr göndərən ATƏT-in Minsk qrupunun bu qədər danışıqlarının səmərəsizliyi və bir santimetrdə olsun torpaqların boşaldılmaması bu təşkilatın nüfuzuna mənfi təsir göstərir. Bəzən tapmacaya çevirirlər ki, münaqişənin açarı Rusiyanın və yaxud digər dövlətin əlindədir. Reallıq, müşahidələr onu göstərir ki, Rusiya bir göz ağartması ilə Ermənistanı öz yerində oturar və münaqişənin həllini tezləşdirər. Nədənsə Şimal qonşumuz imperiya ambisiyalarından əl çəkənə oxşamır.
Bəzi siyasətçilər münaqişənin həllində yalnız sülh variantını, bəziləri müharibə yolunu məqbul hesab edirlər. Burada hər iki tərəfin öz arqumetləri və həqiqəti var. Lakin vaxt isə gözləmir.
Ermənilərin terrorçu ASALA təşkilatının üzvü Alek Yeniqomşyanın bir fikri də diqqəti cəlb edir. O, bildirib ki, “proqnozlara görə, 2050-ci ildə Türkiyənin əhalisi 100 milyon nəfərə çatacaq, İran əhalisinin isə 40 milyonu Ermənistanın cənub sərhədlərində yaşayan Azərbaycan türkləri təşkil edəcək. Bu müddət ərzində Azərbaycan əhalisinin artacağı da dəqiqdir. Beləliklə, bir neçə milyon əhalisi olan Ermənistan sayı yüz milyonlarla ölçülən dost olmayan ölkə və xalqların yaratdığı təhlükəyə tab gətirə bilməyəcək”.
Erməninin belə əndişələnməyi məntiqə uyğundur. Çünki onlar nə qədər ki,digər xalqlarla, xüsusulə, azərbaycanlı qonşuları ilə adam kimi yaşamağı öyrənməyiblər, terrorçuluq separatism kimi əməllərindən əl çəkməyiblər gələcəkləri üçün belə təhlükələr gözləniləndir.