
Bunu Modern.az saytına Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deputat Fazil Mustafanın "“sarı zolaq”lara görə kəsilən cərimələr ləğv edilsin" təklifinə münasibət bildirərkən deyib.
O, deputatın polis əməkdaşlarının bu günlərdə çəkdiyi əziyyəti qiymətləndirməsini müsbət hal kimi dəyərləndirib:
“Amma nəzərə almaq lazımdır ki, qayda pozmayan sürücülər daha məsuliyyətli, intizamlı olduqlarına görə cərimələnməyiblər.
Bu baxımdan məhz 1-ci Avropa Oyunları ərəfəsində qaydanı pozan sürücülər haqqında belə bir qərarın qəbul olunması, onların inzibati məsuliyyətdən azad edilməsinin özündə ədalətsizlik ola bilər.
Təsəvvür edin ki, bu günlərdə çox sayda sürücü şəxsi avtomobilindən belə istifadə etmədi.
Zəruri halda istifadə edən sürücülərin böyük əksəriyyəti qaydalara riayət etdi. Hesab edirəm ki, onlara daha çox təşəkkür düşür. Amma nəyə görə məhz həmin dövrdə qaydanı pozan sürücünü əfv etməliyik?”
Milli Məclisin deputatı Fazil Mustafa maraqlı təkliflə çıxış edib. 1-ci Avropa Oyunlarının başa çatmaq üzrə olduğunu qeyd edən deputat hökuməti “oyunlar zolağı”na görə bəzi sürücülərə kəsilmiş cərimələri ləğv etməyə çağırıb.
Gülşən RAUFQIZI