
Bəli, möhtəşəm açılış və bağlanış mərasimi ilə yadda qalan, məramı və məzmunu ilə bütün dünyanın diqqət kəsildiyi I Avropa İdman Oyunları da başa çatdı.
Bu beynəlxalq idman yarışmaları bizi olduğu kimi dostlarımıza və düşmənlərimizə təqdim etdi. Uğurlarımıza sevinənlər də oldular, kədərlənənlər də. Eyb etməz, əsas odur ki, biz öz xoş niyyətimizi əməli işimizlə sübuta yetirdik. Və bütün bunlara Azərbaycan xalqının böyüklüyü, onun qüdrəti sayəsində nail olduq.Ölkə rəhbəri İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mətin iradələri, millət sevgiləri, idmana diqqət və qayğıları nəticəsində gözləniləndən də artıq səviyyədə baş tutan bu həmrəylik görüşləri Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazıldı.
Qızıl demişkən, cəngavər idmançılarımızın yarışmalarda qazandıqları qızıl medallar da bu xoşməramlı tədbirdə dünya idmançıları içərisində var olduğumuzu bir daha təsdiqlədi. Biz artıq idman ölkəsi statusu qazandıq.
Və bir balaca geriyə ekskurs etsək əmin olarıq ki, bugünkü qələbələrə zəmin hələ İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti olan vaxt qoyulub. Düz iyirmi ildir ki, bu gün artıq öz əzmkarlığı və fədakarlığı ilə Milli Lider statusu qazanan İlham Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində mühüm addımlar atır.
İdmanımıza dövlət qayğısının günbəgün artması bir də ona sübutdur ki, bu gün Azərbaycan Ordusu üçün sağlam cüssəli, sağlam ruhlu gənclər yetişdirilir. Bunun üçünsə nə qədər desən pul xərcləməyə də dəyər. İstər döyüş bölgələrində igid oğullarımızın şücaəti, istərsə də gənclərimizin dünya və beynəlxalq idman yarışlarında saysız-hesabsız qələbələri qürur hissimizi artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dostluq, həmrəylik görüşləri ilə nəinki erməni tərəfinə, ümumiyyətlə bütün dünya ictimaiyyətinə özünün və rəhbərlik etdiyi sevimli xalqının qüdrətini , iradəsini nümayiş etdirdi. Fəlsəfə qanunlarına istinadən əminliklə demək olar ki, vahid evimiz olan bu dünyada əsil güc silahda deyil, ağılda, mədəniyyətdə, dini, milli mənsubiyyətlərindən, irqlərindən dillərindən asılı olmayaraq insanların bir-birinə olan hədsiz sevgilərində , dostluq, qardaşlıq münasibətlərindədir.
Bu mütərəqqi ideyanın ilk müəllifi və icraçısı da məhz elə o, özü oldu: Milli Liderimiz İlham Əliyev.
Tarixi idman yarışmalarının uğurla başa çatması münasibətilə xalqımın dəyərli oglu İlham Əliyevi və Heydər Əliyev ideyalarının həyata keçirilməsində misilsiz xidmətlərinə görə düz məqamında Heydər Əliyev Ordeni ilə təltif olunan ölkənin birinci xanımı Mehriban Əliyevanı ürəkdən, səmimi qəlbdən təbrik edirik. İlahi hisslərlə cilalanan bu parlaq şəxsiyyətlər xalqımızın gələcəyi naminə hələ çox layihələri həyata keçirəcəklər. Çünki bu, yalnız Onların alın yazısıdır.
Valeh MİRZƏ